Yorulmaz elm adamı
Məhəmməd Cövdət Inancalp (Müəllim Cövdət) Türk fikir həyatında qısa ömrünü yalnız elmə həsr etmiş, 40-50 cildə yaxın qeydlər və sənədlər, əsərlər qoyub getmiş görkəmli bir elm adamıdır. Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının yaxınlığında, Nişava çayı kənarında yaranmış bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçi olub. Maraqlıdır ki, dövrünün ziyalı və bilikli şəxslərindən biri olan Inancalpın həyatının bir dövrü də Azərbaycanla bağlıdır…
Məhəmməd Cövdət 1883-cü ildə Boluda dünyaya gəlmişdir. Elə ilk və orta məktəbi də orada oxumuş, Kastamonuda isə litseyi bitirmişdir. M.Cövdət 1901-ci ildə Istanbula gələrək Istanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə daxil olmuş, burada ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. Ilk müəllimliyini “Darüşşəfəqə” məktəbində etmişdir. Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı məktəbdə müəllimliyə təyin edilmişdir. Maaşıyla bağlı haqsızlığa görə iki il sonra bu məktəbdən ayrılmışdır. Rəsmi məktəblərdə iş tapa bilmədiyinə görə evlərdə özəl dərs vermiş, müəllimlərinə rəsmi məktəblərdən daha az maaş verən Şəmsülməkatip və Bürhani-tərəqqi kimi xüsusi məktəblərdə çalışmışdır. Sonrakı illərdə Robert Kollec, Istanbul Darülmüəllimini, Istanbul Kişi Liseyi, Gələnbəvi orta məktəbi, Çənbərlidaş orta məktəbi, Ərənköy Qız Liseyində müxtəlif fənlərdən dərs demişdir. 1926-1930-cu illərdə çalışdığı Robert Kollecdə Türk dili və tarixindən dərs demiş, eyni zamanda dini, ictimai, əxlaqi və tarixi konfranslar vermişdir. Müəllimlikdən başqa, Istanbul Kitabxanaları Təsnif Heyətinin rəisi olmuş, Başbakanlık Dövlət Arxivində çalışmışdır. 1931-ci ildə bir qəzetdə verdiyi məqalə ilə məsuliyyətsiz məmurların Bolqarıstana havayı deyiləcək qədər ucuz qiymətə kilo ilə satılan bəzi arxiv materiallarının göndərilməsini dayandırmağı bacarmışdır. Bolqarlar aldıqları 200 bağlama sənəddən ancaq 51 bağlamanı qaytarmışlar.
Müəllim Məhəmməd Cövdətin Istanbul həyatında az sayda dostundan ibarət dar bir çevrəsi olmuşdur. Bu çevrənin mərkəzində təsəvvüf əhli Balıkəsirli Əbdüləziz Məcdi Tolun dururdu. Istanbul Universiteti tibb fakültəsi tibb tarixi institutunun başqanı Prof. Dr. Əhməd Süheyl Ünver, bələdiyyəçilik və Türk maarif tarixi haqqında ölməz əsərlərin müəllifi olan Osman Nuri Ergin, Ədirnə sarayı haqqında araşdırmalarıyla tanınan Dr. Osman Rifat, kitab sərrafı Raif Yelkənci bu çevrəyə mənsub şəxslərdi. Bu insanları bir-birinə bağlayan və həyatlarının sonunadək davam edən səmimi münasibətlərinin mayasında dini, təsəvvüf görüşləri dayanırdı.
Müəllim Cövdət bütün qeydlərini və əlyazma kitablarını vəsiyyətnaməylə Ə.S.Ünverə buraxmışdır. Cövdətin qədirbilən dostları (başda Osman Ergin olmaqla) onun adına bir kitabxana qurunca, Ünver də M.Cövdətdən ona qalmış hər şeyi bu kitabxanaya bağışlamışdır. M.Cövdətin irsi 970-i əlyazma olmaqla 8753 kitabdır. Istanbulda 1929-cu ildə vali və bələdiyyə başqanı Muhiddin Üstündağın sədrliyi altında dönəmin önəmli ziyalılarının yer aldığı bir heyət tərəfindən Şişli “Atatürk Evi”ndə toplanmağa başlanan bu qiymətli kolleksiya 1931-ci ildə II Bayəzid Mədrəsəsinə daşındı və 1939-cu ildə Bələdiyyə Muzeyi və Kitabxanası olaraq xalqın üzünə açıldı. Sonralar satın alınmış və bağışlanılmış kitablar sayəsində çox genişlənən kitabxana üçün 1981-ci ildə Təqsimdə ayrıca bina tikildi və o, bugünədək Atatürk Kitabxanası adı altında xalqa xidmət etməkdədir. Indi həmin xəzinədə 200 mindən artıq kitab var.
Tağıyevdən Bakıya dəvət
Müəllim Cövdətin kolleksiyasında kitablardan başqa çox dəyərli sənədlər də var. Bu sənədlər ən çox tarixə və Türk dilinə aiddir. Bunların arasında çox məşhur xəttatların yazıları ilə hər növ xətlə yazılmış bir çox lövhələr var. O, qəzet və dərgilərdə ədəbi, tarixi və dilçilik dəyəri olan nə oxumuş, nə görmüşsə, hamısını toplamışdır.
Cövdət bəy 3 dekabr 1935-ci ildə vəfat etmişdir. Yaxın dostu Ünver onun yarımçıq qalmış bəzi məqalələrini tamamlayaraq nəşr etdirmişdir.
Müəllim Cövdətin yazdığı çoxlu əsərləri var: “Zamanımızda üsuli-inşa və Müabərə”, “Müdərris Əhməd Nəim”, “Tarixi sözlük”, “Şahnamə Şərq Iliadası”, “Hərbi din dərsləri”, “Ibni Bətutəyə zeyl”, “Idman ruhu”. Çap olunmuş məqalələrinin böyük bir qismi bir kitab həcmindədir. Ünver M.Cövdətdən topladığı tarixi bilgiləri onun ölümündən sonra “Cövdət arxivi” adlı dəftərlərdə toplamışdır.
M.Cövdət Hacı Zeynalabdin Tağıyevin dəvətilə 1907-ci ildə Azərbaycana gəlmiş və Bakıda onun evində qonaq olmuşdur. O, bura yerli məktəbdə uşaqlara elm öyrətmək və təhsil işlərinə kömək etmək üçün dəvət olunmuşdu. M.Cövdət anasına yazdığı məktubda Hacının evinin çox dəbdəbəli bir saray olduğunu, Istanbuldakı Bəyoğlunun ən böyük hotellərinin belə süslülük və mükəmməllikdə ondan geri qaldığını bildirmişdir.
M.Cövdətin “Islamiyyə” mehmanxanasında (həmin binanı 1918-ci ilin martında ermənilər yandırıb) qalması qərarlaşdırılmış və bütün məsrəfləri Tağıyevin ödəyəcəyi bildirilmişdir.
Cövdət bəy 16 oktyabr 1907-ci il tarixində anasına yazdığı məktubda deyir: “Şəhər çox gözəldir. Istanbulda belə təmiz, geniş küçələr yoxdur. Şəhərin xalqı dörddə üç islam, bir qismi rusdur. Dil Anadolu türkcəsi kimidir. Əlhəmdülillah, islam mərkəzindəyəm, firəng içində bulunmuram”.
Müəllim Cövdət yeni vətəninə tez isinişmişdir. O, burada elm və təhsil sahəsindəki zəngin təcrübəsini öyrətmək vəzifəsi daşıyırdı. Inancalp öhdəsinə götürdüyü bütün bu vəzifələri artıqlamasıyla yerinə yetirmişdir. Tələskən təbiətli olmasına baxmayaraq, böyük səbrlə bütün çətinlikləri yenmiş, daim ciddi, ağırbaşlı və sakit davranışıyla ətrafındakıların dərin məhəbbətini qazanmışdır. Yerlilərin vəsaitindən yararlanmağı bacarmış, ona qarşı çıxanlarla münaqişəyə girməmiş, tam əksinə, onlara özünü sevdirə bilmişdir. Müəllimliyin sirrinə vaqifliyi onun “Darülmüəllimin” məktəbində də uğur qazanmasını təmin etmişdir.
Ruslar üçün arzuolunmaz adam
“Füyuzat” adı verilmiş “Darülmüəllimini-islam”ın proqramını M.Cövdət hazırlamışdır. O, Istanbuldan özünə yardımcı olaraq Bəha Səid və “Darüşşəfəqə”ni bitirmiş Beşikdaşlı Kiçik Fuadı da gətirmişdir. Görkəmli Azərbaycan aydınları Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə (Turan) də ona yardımçı olmuşlar.
“Füyuzat” “Darülmüəllimini-islam”ı öncə yatılı və gündüz olaraq açılmışdı. Proqram altıaylıq kurs mahiyyətində hazırlanmışdı. Kursun ilk müəllimləri Türk kənd məktəblərində dərs keçənlərdi. Bunlar əski üsulla Türk uşaqlarına Quran surələrini əhatə edən “çərəkə” adlı kitabçalar oxudurdular. Bu yeni məktəbsə müəllimləri yeni tədris üsuluna alışdıraraq onlar vasitəsilə Türk kəndlərinə yeni ruh və yeni bilgilər aşılamalıydı. Bu baxımdan ona çox böyük vəzifə və önəm verilmişdi. Müəllim Cövdət bu çətin işdən qaçmayaraq Bakıdakı fəal müəllimləri hərəkətə gətirərək bunlardan bir təlim komandası yaratmağı bacarmışdır. O, bir müddət sonra öz şagirdləri arasından ən zəkalıları seçərək öz nəzarəti altında onlara dərs verdirmişdir. Yeni məktəbin ehtiyac duyduğu kitabları onun istəyinə əsasən cəmiyyət yetərli sayda Istanbuldan gətirərək müəllim və şagirdlərə paylamışdır. Onun təklifiylə Istanbuldan gətirilən kitablar dəfələrlə Bakıda yenidən nəşr edilərək Azərbaycan məktəblərinin onlara ehtiyacı ödənilmişdir.
Cövdətin təhsil sahəsində qazandığı uğurlar, Türk dilini yayacaq və yaşadacaq işlər görməsi rus hökumətinin diqqətini çəkmiş və “Nəşri-maarif” cəmiyyəti mənsublarına onun Bakıdan uzaqlaşdırılması “tövsiyə” edilmişdir. Rejimin bu basqısı qarşısında cəmiyyət Məhəmməd Cövdət bəyin üçaylıq maaşını artıqlamasıyla vermək şərtiylə imzalanmış anlaşmanı pozmaq məcburiyyətində qalmış, şagird azlığı səbəb göstərilərək 3 noyabr 1908-ci il tarixində işdən çıxarılmışdır.
M.Cövdət Azərbaycanda olduğu müddətdə Avropa və Rusiyanı dolaşmış, Moskvada Isgəndər bəy Məlikov vasitəsilə Lev Tolstoyu ziyarət etmişdir. Bir yazısında Bakıda olduğu vaxtlar bir səyahətində məşhur şərqşünas Bartoldla da görüşdüyünü qeyd etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir