“Azad olmayan millətdən millət olmaz”

Hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərlinin “Media forum” saytına müsahibəsi

başlanğıcı ötən sayımızda

– Həbsxanada saxlanma şəraitiniz, səhhətiniz necədir? Həbsxana əməkdaşlarının və digər dustaqların sizə münasibəti necədir?
– 14 saylı Cəzaçəkmə Müəssisəsinin bir adı var – konslager. Xalqın sərvətini burda da gecə-gündüz talayırlar. Ayın 20 günü külək olur. Gündə yarım kilo toz uduruq. Həftələrlə su olmur, oksigen çatışmır.
Məhkəmə prosesim zamanı nəqliyyat naziri Ziya Məmmədovun adamlarından biri bildirdi ki, 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndəriləcəksən. Qanunvericiliyə əsasən, mən hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarının saxlandığı 9 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməli idim. Ancaq hakimiyyət orqanları mənə mənəvi işgəncə vermək üçün bura göndərdilər.
Oxucular, cəmiyyət elə başa düşməsin ki, mən “srokda” əziyyət çəkirəm. Əsla yox, bütün azadlıqsevərlərə avtoritar rejimdə bu yolu keçməyi arzulayıram. Milyonları olan korrupsionerlər dünyanın ən varlı və gözəl guşələrində istirahət edərkən mənim cəzaçəkmə müəssisəsində aldığım kefi duya bilməzlər. Apardığımız mübarizənin mahiyyəti qarşısında çəkdiyimiz “əziyyət” çox cüzidir. Əgər burada başımıza bir iş gəlsə, uduzan tərəf yenə onlar olacaq. Çünki azadlıq uğrunda şəhid olmaq mübarizənin ən pik və şərəfli nöqtəsidir.
Sözsüz ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları cinayət törətmiş şəxslərlə bizim aramızda fərq qoyurlar. Münasibət normaldır. Bu günə kimi hər hansı qərəz görməmişik.
Məhbuslarla münasibətə gəlincə, onların 90 faizi hüquqi baxımdan çox savadsız, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərdir. 80 faizi isə narkotik maddə istifadəçisi olub. Amma münasibət normaldır.
Səhhətim yaxşı deyil. Amma dözürəm. Idmanla məşğul oluram. Bir sözlə, ölmək fikrim yoxdur, öldürməsələr…

– Ölkədə baş verənləri izləyirsinizmi? Sizcə həbsxanada olduğunuz müddətdə ölkədə nəsə dəyişibmi?
– Həbs olunandan bir neçə gün sonra tələbimə əsasən hər gün “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini alırdım. Ölkədə baş verənləri ancaq qəzet vasitəsilə izləyirəm. “Nə isə dəyişibmi” sualı ilə bağlı fikirlərim isə belədir: 14 saylı Cəzəçəkmə Müəssisəsində tez-tez vicdan məhbusları arasında siyasi polemika aparırdıq. Şəxsən mən hesab edirəm ki, 2011-ci ilin 2 aprel aksiyası, bizim həbsimizlə bağlı hadisələr, “Avroviziya 2012″ mahnı müsabiqəsi ərəfəsində keçirilən mitinqlər, piketlər, aclıq aksiyaları, müxalifət liderlərinin xarici jurnalistlərlə, diplomatlarla görüşləri Azərbaycan siyasətində az rol oynamadı. Tarixi əhəmiyyəti isə onda oldu ki, Azərbaycanda insan haqlarının pozulması, xüsusən də rüşvət və korrupsiyaya söykənən siyasəti demokratik dövlətlərə çatdıra bildik. Məhz bu səbəbdən son aylar bütün dünyanın tanınmış media quruluşları Azərbaycanda baş verən qanunsuzluqlardan yazır. Bu siyasətin müsbət nəticəsini biz bu yaxınlarda görəcəyik. Baxmayaraq ki, repressiya maşını işləyir. Yəqin ki, bu yaxınlarda bu maşın sınacaq və bir daha təmirə ehtiyac olmayacaq.

– Ictimai Palatanın fəaliyyətini necə qiymətləndirirsiniz? Sizə verilən dəstəkdən razısınızmı?
– Ictimai Palata unikal bir təşkilata, müxalifətin vətəndaş cəmiyyəti ilə vəhdət təşkil edən siyasi institutuna çevrilib. Avtoritar rejim şəraitində, azad söz, azad toplaşmaq hüququ olmayan bir şəraitdə heç bir maliyyə dəstəyi olmadığını nəzərə alsaq, çox işlər görülüb. Qanunsuz həbs edilən bizlərin vicdan məhbusu kimi tanınmağımıza nail olunub. Ailəmizi və özümüzü hər an dəstəkləyirlər.

– Ölkədə azadlıq uğrunda mübarizə aparırdınız. Indi isə şəxsi azadlığınızdan da məhrum olunmusunuz. Sizin təsəvvürünüzdəki azadlığın mahiyyətində bir dəyişiklik varmı?
– Istər avtoritar, istər demokratik cəmiyyət olsun, hər ikisi qanunlarla idarə olunur. Bütün hallarda dövlət və vətəndaşlar arasında münasibətlər qanunlarla tənzimlənir. Əgər qanunlar olmasa, dövləti idarə etmək olmaz, bir xaos olar. Bəşəriyyətdə insanların azad yaşaması üçün demokratik cəmiyyətdən yaxşı quruluş tapılmayıb. Insan şüurlu varlıqdır, heyvan deyil.
Demokratiya sözünün mənası xalqın hakimiyyəti deməkdir. Demokratik cəmiyyət quruculuğuna yol qanuni və demokratik seçimdən keçir…
Düşüncəm də, mübarizəm də, yolum da şərəflidir, düzdür, haqlıdır və ədalətlidir. Bu səbəbdən də təsəvvürümdə azadlığın mahiyyəti barədə bir dəyişiklik oldu və anladım ki, azad olmayan millətdən millət, azad olmayan insandan isə insan olmaz.
Bir də onu anladım ki, mübarizə, xüsusən də azadlıq uğrunda mübarizə şərəf və ləyaqəti qorumaqla aparılmalı, bu mübarizə haqqa, ədalətə, qanuna və düzgünlüyə söykənməlidir. Demokratik cəmiyyət uğrunda mübarizəyə vəzifə tutmaq, var-dövlət, sərvət toplamaq üçün qoşulmağın bir adı var: siyasi dələduzluq.

– Kiməsə bir ismarışınız varmı? Cəmiyyətə əsas mesajınız nədir?
– Ilk ismarışım dövlət başçısınadır. Cənab Ilham Əliyev! Mən istəyirəm ki, cəmiyyətə açıqlama verəsiniz. Şəxsən məni hansı səbəbə görə həbs ediblər? Bildirmək istəyirəm ki, mən heç bir partiyanın üzvü deyiləm və mənim hakimiyyətə gəlmək, vəzifə tutmaq iddiam yoxdur. Mənim üçün fərq etməz ki, dövləti kim idarə edəcək, siz, Isa bəy, Əli bəy… Əsas mübarizəm odur ki, Azərbaycanda sivil, demokratik, hüquqi bir dövlət qurulsun və rüşvət və korrupsiya olmasın. Siz günü sabah islahatlara başlayın, real olaraq korrupsiya və rüşvətxorluqla mübarizəyə başlayın, mən sizin yanınızdayam.
Ikinci ismarışım Müsavat Partiyasının başqanı Isa Qəmbərə və Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyədir. Hörmətli Isa bəy və Əli bəy. Əvvəla onu deyim ki, həbsdə olduğum gündən mənə dəstək verdiyiniz üçün sizə minnətdaram. 50 illik yubileyimdə dediyiniz xoş sözlərə görə sağ olun. Qeyd etmək istəyirəm ki, mən sizin hər ikinizi demokratik müxalifət qüvvələrinin lideri hesab edirəm və bu, faktdır. Heç bir siyasi partiyanın üzvü olmasam da, Elçibəyin yaratdığı Xalq Cəbhəsi mənim ürəyimdir, müsavatçılıq isə qanımdadır. Mən heç bir vaxt imkan verməyəcəm ki, kimsə mənim qanımla ürəyimin arasına girsin. Tarix 21-ci əsrdə bizə sizin qisminizdə iki lider verib. Mən Isa Qəmbəri Əbülfəz Elçibəyin siyasi qardaşı, Əli Kərimlini isə siyasi övladı sayıram. Hər ikinizi isə Məmməd Əmin Rəsulzadənin siyasi nəvələri, həm də varisi kimi qəbul edirəm. Siz hər ikiniz siyasətçisiniz. Siyasətdə isə əsas məqsədlərdən biri nəticədir. Azərbaycanda demokratik cəmiyyət qurulması məsuliyyəti sizin üzərinizdədir. Elə edin ki, bu mübarizə nəticəsiz qalmasın, əks halda tarix nə sizi, nə də bizləri bağışlar.
Vəkillərim Xalid Kazımova və Yalçın Imanova müraciət edirəm. Çox sağ olun, sizlər məni müdafiə edəndə əsl kişilik, mübarizlik nümunəsi göstərdiniz. Arzu edərdim ki, bütün hüquqşünaslar belə prinsipial olsunlar. Onlar məni müdafiə etməklə əsl şərəf nümunəsi göstərdilər, sağ olun!
Əziz anam! Mən 50 ildir istəyirdim deyəm ki, dünyada ən çox səni istəyirəm. Indi deyirəm. Hardasa səni Maksim Qorkinin “Ana” əsərindəki anaya bənzətdim. Yox, o ana mənim anam qədər cəsarətli ola bilməz.
Cəmiyyətə mesajım isə belə olacaq. Əgər sizlər öz hüquqlarınızı qorumasanız, yüz il də, min il də keçsə, köləlikdə yaşayacağıq. Balalarımız da, nəvələrimiz də. Əgər bütün xalqın, cəmiyyətin sözü bir yerdə olsa, yüz minlik ordu da ona heç nə edə bilməz. Mən sizləri azadlıq uğrunda qanuni mübarizəyə səsləyirəm.