Mehriban Vəzir: “Naxçıvan onların ata-babalarından qalmayıb, istənilən bəşər övladı orda yaşamaq seçimini edə bilər”
Sərdar Cəlaloğlu: “Muxtar Respublikada baş verənlər qeyri-qanuni və normal olmayan hadisələrdir”
Naxçıvan Muxtar Respublikasında öncələr yaşanan problemlərə yenisi əlavə olunub. Bu da artıq insan hüquqlarının pozulmasının ən bariz nümunəsidir.
Belə ki, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırzadə və qardaşı Zeynal Bağırzadəyə qarşı məmurlar səviyyəsində təzyiqlər var. Zeynal bəyin torpaq sahəsinə hücum edən yerli məmurlar ondan muxtar respublikadan çıxıb getməsini tələb edib, qardaşı Yaşar bəyin isə, ümumiyyətlə, ora ayaq basmamasını söyləyib.
Bu hadisəyə reaksiya verən Ictimai Palata Bağırzadə qardaşları barədə yaydığı bəyanatda baş verənləri indiyədək Naxçıvanda yaşanan despotik təcrübənin davamı kimi qiymətləndirib. IP vətəndaşı zorla yaşadığı yerdən köçməyə məcburyyəti, yadelli işğallarındakı kimi onun təsərrüfatını dağıtmağı yalnız orta əsrlərdə rast gəlinə bilən hal kimi xarakterizə edib.
Hər halda, kiminsə harada yaşayıb-yaşamamasını müəyyən etməsi şəxsin qanunla tənzimlənən hüququdur. Bu hüququ pozmaq və ona müdaxilə etməyə isə yenə qanun çərçivəsində cavab verilməlidir.
Yazıçı-publisist Mehriban Vəzir söyləyir ki, çağdaş insan belə hadisələrdən ən azı şoka düşür. Mehriban xanıma görə burda insan haqlarına hörmət yoxdur, ölkə dərəbəyliklə idarə olunur, ədalət hissi itir və belə şəraitdə bu cür də hadisələr baş verir: “Naxçıvana gəlmə” nə deməkdir? Naxçıvan bunların ata-babalarından qalmayıb. Naxçıvan Azərbaycanın bir hissəsidir, istənilən insan, bəşər övladı burda yaşaya bilər, yaşamaq seçimini edə bilər. Bu torpaq orda doğulub-böyüyənlərin doğal haqqıdır. Bu hakimiyyət gələcəyini düşünmürmü? Elə hərəkət etsinlər ki, bir gün onlara deyəndə ki, bura gəlmə, burdan çıx get, onları da müdafiə edən olsun. Bu hərəkətə, bu davranışa, bu mənəviyyata qiymət vermək çətindir”.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, insanların hüquqları Konstitusiya ilə qorunursa, kimsənin kimisə yaşamaq hüququndan məhrum etməyə də haqqı yoxdur: “Qanunla heç kim başqasının hüququnu poza və haqqını tapdaya bilməz. Naxçıvanda baş verən hadisə də qeyri-qanuni və normal olmayan haldır. Insan hüquqlarının kobudcasına pozulması faktları mütəmadi olaraq baş verir və beynəlxalq ictimaiyyət bunu təəssüflə qarşılayır”.
Nigar