Baş Prokurorluq keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası əsasında cinayət işi qaldırdığı barədə rəsmi açıqlama yayıb. Əla təşəbbüsdür, dəstəkləyirik – Əbülfəz Elçibəy öz adını bu millətin taleyinə yazıb və onun adı ətrafında başlanan şayiələrə mütləq reaksiya verilməli, hakimiyyət oturduğu kürsüyə görə kimə minnətdar olduğunu ən azı bu cür göstərməlidir. Ancaq Prokurorluğun “Elçibəy sevgisindən” bu ittihamlara reaksiya verdiyini və cinayət işi başladığını düşünürkən… tamam ayrı mənzərənin şahidi olduq.
Zakir Qaralovun (Qaralov Zakirin yox) sözçüsünün cəmi bir neçə cümlədən ibarət açıqlamasının ilk cümləsinə diqqət edin: “Sabiq ölkə prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Baş Prokurorluqda araşdırılıb”.
Əvvəla, “sabiq ölkə prezidenti” ifadəsi olmur, ya “ölkənin sabiq prezidenti” deməlisən, ya da rəsmi olaraq “Azərbaycan Respublikasının sabiq prezidenti” qəlibindən istifadə etməlisən. Ölkəmiz “sabiq” deyil, inşallah, əbədidir – “əbədi” dediyiniz prezidentinizdən fərqli olaraq!
Ikincisi, Azərbaycan dilinin qəlibinə görə, bir vətəndaşın şəxsini təqdim edərkən “ad, ata adı və soyad” ardıcıllığına əməl edilməsi vacibdir. Soyadı birinci yazmaq, ardınca adı demək savadsızlıq, həmin Azərbaycan vətəndaşına qarşı münasibətin hafizsayağı təcəssümüdür.
Görünür, Baş Prokurorluğun mətbuat katibi mahiyyət etibarilə Hafiz Hacıyev məntiqindən kənarda deyil. “Savadsızdır, başa düşmür, Azərbaycan dili və təfəkkürü haqqında məlumatı yoxdur” – deyib, bu prokurorluq sözçüsünün ikinci yanlışlığına əhəmiyyət verməmək olardı. Amma:
Üçüncüsü, Əbülfəz bəy “Elçibəy” adı ilə bu dövlətin Konstitusiyasına və Qurana əl basıb, ölkəyə prezidentlik edib. Sən kimsən ki, bütün dünyada Azərbaycan Respublikasının ikinci prezidenti kimi “Əbülfəz Elçibəy” olaraq tanınan şəxsin adını doğru-düzgün demirsən? Sənə kim bu səlahiyyəti verib ki, Azərbaycan prezidentini təhqir edirsən?
Bəlkə, sənə Baş Prokurorluqda “Sultanov Eldar” deyirlər? Bəlkə, “Sultanov Eldar” adlanmaqdan xüsusi qürur hissi keçirirsən?
Özün bilərsən! Ancaq bu ölkənin rəsmi müraciət qaydalarına riayət etmək sənin borcundur – çünki dövlətin rəsmi qurumunda təmsil olunursan! Indiyə qədərki açıqlamalarında bircə dəfə də olsun “Qaralov Zakir” deməmisənsə, heç bir rəsmi bəyanatında “Ölkə prezidenti Əliyev Ilham Heydər oğlu” qəlibindən istifadə etməmisənsə, yalnız Elçibəyi “Əliyev Əbülfəz” deyə xatırladırsansa, artıq münasibətini ortaya qoyursan.
Bəli, bu “soyad-ad” açıqlaması Baş Prokurorluğun əslində Əbülfəz Elçibəyə münasibətidir. Bu cinayət işi eks-prezidentə sevgi bəslənildiyinə görə açılmayıb. Əgər belə olsaydı, tərbiyəli bir açıqlamanın, rəsmi səviyyədə ehtiramın şahidi olardıq.
Bu fakt bir daha təsdiqləyir ki, Baş Prokurorluğun məqsədi “Hacıyev Hafiz” adlı vətəndaşdan istifadə ilə “Əliyev Əbülfəz oyunu” qurmaq və hansısa çirkin siyasi məkri həyata keçirməkdir.
Hikmət