Bizim məhbuslar necə yaşayır, əcnəbilər necə?

Xaricdəki məhbusların şəraitinə Azərbaycanda azadlıqda olanlar həsəd əpara bilər

Cəmiyyətin inkişafının səviyyəsini qiymətləndirən meyarlardan biri müxtəlif sosial təbəqələrlə, o cümlədən cinayətkarlarla rəftardı. Son günlər Azərbaycanda da həbsxanalardakı şərait və məhbuslarla rəftar müzakirə predmetinə çevrilib. Xüsusilə də ağır saxlanma şəraiti, məhbusların elementar hüquqlarının pozulması, qidanın keyfiyyətində problemlərin həllini tapmaması narahatçılığa səbəb olur. Ölkə rəhbərliyinin Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etməsinə baxmayaraq, bütün sahələrdə, o cümlədən həbsxanalardakı şəraitdə fərq müqayisəolunmaz dərəcədədir. Bunu görmək üçün bəzi ölkələrin nümunəsinə nəzər salmaq kifayətdir.

Qanun nə deyir?

Inkişaf etmiş ölkələrdə həbsxana dövlətin xüsusi diqqət ayırdığı sahədir. Insan Haqlarına dair Avropa Konvensiyasında cəzaçəkmə yerləri ilə bağlı xüsusi tələblər var. Başlıca prinsip və standarlara əsasən, dustaq ilk növbədə yaşayış yerinə yaxın cəzaçəkmə müəssisəndə saxlanılmalıdır. Məhbus əvvəlcədən hara köçürüləcəyi ilə bağlı məlumatlandırılmalıdır. Təhlükəsizlik xidməti hədsiz sərt olmamalıdır. Sərtlik yalnız məhbusların qaçışının, bir-birinə və mühafizəçilərə ziyan vurmasının qarşısını almağa hesablanmalıdır. Məhbusun tək qalmaq istəyinə hörmətlə yanaşılmalıdır. Ümumi kameralarda saxlanılanlar əvvəlcədən xüsusi yoxlamadan keçməlidir ki, bir yerdə qaldığı məhbuslara ziyan yetirmək təhlükəsi olmasın. Məhbusların saxlandığı yer gigiyenik tələblərə cavab verməlidir, sanitar qovşaq təmiz saxlanılmalıdır. Məhbusun şəxsi gigiyenasını təmin etmək üçün bütün imkanlar – ən azı həftədə bir dəfə, isti havada isə iki dəfə duş qəbul etmək imkanı yaradılmalıdır. Fiziki əməklə məşğul olanlar hər gün bu imkandan yararlanmalıdır. Yataq dəsti ən azı iki həftədən bir dəfə, dəsmal həftədə bir dəfə dəyişdirilməlidir. Kamera yaxşı işıqlandırılmalı, havalandırılmalı, istilik və ventilyasiya sistemi olmalıdır. Bir nəfərlik kamera 6 kv.m-dən az ola bilməz. Bu da məhbusun vaxtının böyük hissəsini kameradan keçirdiyi hal üçün nəzərdə tutulub.
Saxlanma şəraiti məhbusun ləyaqətini alçaltmamalıdır. Məhbuslar gündə üç dəfə yeməklə təmin olunmalıdır. Hər bir məhbusun fasiləsiz içməli su əldə etmək imkanı olmalıdır. Bütün bunlar minimal tələblərin bir qismidir. Azərbaycandakı həbsxanalarda bu tələblərə riayət olunmasa da, inkişaf etmiş ölkələrin həbsxanaları bütün tələblərə artıqlaması ilə cavab verir. Beləliklə…

Danimarka

Vestra Danimarkanın ən qədim həbsxanalarındandır. Qapalı tipli cəzaçəkmə yerində 530 məhbus saxlanılır. Bura cəzası 5 ildən artıq olan şəxslər göndərilir. Həbsxanada trenajor zalı, kitabxana, tibb mərkəzi ilə yanaşı alkoqollu içkilərdən başqa, demək olar, bütün mallar satılan dükan var. hər bir məhbus gündəlik 7 avro pul alır, saatına təxminən 5 avro ödənilən əlavə iş üçün də imkan var. Həftədə bir dəfə həbsxanada stomotoloji yoxlamalar olur. Ciddi rejimli Vestrada yalnız nəzarətçilər xüsusi geyimdə, özü də silahsız gəzir. Məhbusların geyim seçimi sərbəstdir.
Danimarkanın Horserod State Prison həbsxanası açıq tipli hesab edilir. Burada nəzarətçilərlə məhbuslar arasında münasibətlər səmimiyyət üzərində qurulur. Verdiyi sözünə əməl etməyən məhbus qapalı hesab edilən həbsxanaya göndərilə bilər. Həbsxanada hasar simvolik xarakter daşıyır. Uzun hündürmərtəbəli evlərdə məhbuslar bir otaqlı nömrələrdə qalır. Qalan məhbuslar üçün qaçış meydançası, kilsə, dükan, kitabxana istifadəyə verilib. Buranın sakinləri istənilən vaxt həbsxana rəhbərliyi ilə ünsiyyətə girə bilər. Məhbuslar hərəkətlərində azaddır. Istədikləri vaxt yeyə, istədikləri qədər yata bilərlər. Bununla yanaşı, əlavə qazanc əldə etmək istəyən məhbuslar emalatxanalarda çalışmaq imkanı əldə edir. Üç həftədən bir isə hər bir məhbus bir günlük istirahətə buraxılır. Hətta həbsxanadan kənarda işləmək və təhsil almaq istəyənlərə bütün şərait yaradılıb. Onlar yalnız gecəni həbsxanada keçirməlidir. Arzu edənlər öz həyat yoldaşları və uşaqları ilə birgə burada yaşaya bilər.

Almaniya

100 min kv.m metr ərazidə yerləşən Gelzenkixer həbsxanasının tikintisinə Almaniya hökuməti 92 mln avro xərcləyir. Avropanın ən müasir həbsxanasının tikintisi zamanı memarlar arasında müsabiqə də elan edilib. Iki hissə “qadın və kişi korpusundan ibarət həbsxananın hər hissəsində kilsə və kitabxana var. hətta burada saxlanılan qadınlar nəzarət altında həbsxana ərazisini tərk edə bilər. Kişilər emalatxanalarda, qadınlar isə daha çox həbsxananın bağında çalışır. Gelzenkixerdə cəza çəkənlər ayda üç dəfə hər biri 45 dəqiqə olmaqla qohumları ilə ümumi zalda, nümunəvi məhbuslar isə ayrıca otaqlarda 3 saat görüş keçirə bilər. Almaniya həbsxanalarında məhbuslar gündə üç dəfə yeməklə təmin edilir. Müsəlman məhbuslar üçün hazırlanan yeməkdə donuz ətindən istifadə edilmir. Vegetarian və xəstələr üçün xüsusi yeməklər hazırlanır.

Norveç

Halden Fengsel 2010-cu ildə istifadəyə verilsə də, artıq dünyaya səs sala bilib. Burada məhbuslarla rəftar standartları ən yüksək səviyyədədir. Burada səsyazma studiyası, kulinariya kursları, qohumlarla vaxt keçirmək üçün ayrıca evlər də var. Nəzarətçilərdə nəinki silah, heç qandal da yoxdu. Pəncərələrdə qəfəsə də rast gəlinməyən həsbxana daha çox hoteli xatırladır. Burada həbsxananı xatırladan yeganə şey 30 ha ərazini hasara alan 6 metr hündürlüyündəki çəpərdi. Norveçin Bastoy həbsxanası isə dünyada ilk ekoloji həbsxanası hesab edilir. Burada elektrik enerjisi günəş panellərində alınır. Gündəlik tələbatı ödəmək üçün lazım olan meyvə və tərəvəzləri elə həbsxanada cəza çəkən məhbuslar yetişdirir. Burada 20 məhbusa cəmi 1 nəzarətçi düşür. Ancaq bununla belə hələ burada qiyam qaldırmaq arzusuna düşən olmayıb. Hətta anonim müsahibələrində məhbuslar cəza çəkdikləri yeri “yay düşərgəsi” adlandırır: təmiz havada iş, təbiətdə istirahət, at gəzintiləri, hətta çimərlik imkanı da var.
Norveç həbsxanalarında saxlanılanların dörddə biri əcnəbidir. Görünür, buna səbəb hər məhbusa ayda 300 avro cib xərcliyi verilməsidir.

Avstriya

Custis Zentrum Leoben həsbxanasında insan yaşayışı üçün bütün imkanlar yaradılıb. Avstriyanın tanınmış memarının dizaynı əsasında inişa edilən kompleks rahat ofisi xatırladır. Böyük pəncərələri olan otaqlarda mebel açıq rənglərə boyanıb, həyətdə isə tennis stolları olan bağça yaradılıb. Həbsxananın divarları şüşədən olduğundan məhbuslar ətrafdakı mənzərəni seyr edə bilər. Trenajor zalı, stolüstü tennis masaları, hər kamerada televizor, kitabxana ilə yanaşı buranın sakinlərinin sərəncamında özəl mətbəx və paltaryuyan maşın, hətta at ferması da var. Yerli musiqiçilər isə ara-sıra məhbsuları üçün konsertlər təşkil edir.

ABŞ

Şimali Karolinada yerləşən Butner Federal Prison həbsxanasını daha çox tələbə yataqxanasına oxşatmaq olar. Burada tibbi və psixoloji mərkəz, həmçinin narkotik asılılığından əziyyət çəkənlər üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Kameralara kabel televiziyası çəkilib.

Boliviya

1500 məhbusun saxlanıldığı San Pedro həbsxanasında nə mühafizə, nə də kamera var. Polis həbsxananın daxili işlərinə az qarışmağa çalışır. Bura faktiki olaraq özünü idarə edən muxtariyyəti xatırladır. Hətta məhbusların müəyyən səlahiyyətləri olan nümayəndələrini də seçmək hüququ var. San Pedro həbsxanasında istənilən yeməyi sifariş vermək olar. Düzdür, bəzən məhbuslar buna görə pul ödəməli olur. Ancaq bu da tam qanun çərçivəçində həyata keçir. Tənha atalar öz uşaqları ilə yaşamaq hüququ əldə edib. Bu zaman uşaqlar həbsxanadan kənarda məktəbə gedir. həbsxananın əsas əyləncəsi isə mükafat fondu 20 min dollar olan futbol yarışlarıdı.

Meksika

Cereso Çetumal həbsxanasında 1100 məhbus saxlanılır. Burada məhbuslar arasında hər hansı konflikt boks yarışı vasitəsilə həllini tapır. Həbsxana rəhbərliyi belə yarışlar keçirməklə münasibətlərdəki gərginliyi aradan qaldırır. Statistika göstərir ki, son 10 ildə bu həbsxanada məhbuslar arasında heç bir zorakılıq halı olmayıb. Baxmayaraq ki, burda ən qatı cinayətkarlar saxlanılır. Emalatxanalarda hazırlanan məhsullar satışa çıxarılır və əldə edilən gəlir məhbusa çatır.

İsrail

Burada daha yaxşı həbsxanaya düşmək üçün məhbus imtahan verməlidir. Imtahanı xüsusi qəbul komissiyası aparır. Son sözü isə həkim-psixiatr deyir. Ölkənin ən yaxşı həbsxanası “Massiyaqu” hesab edilir. Burada gözəl kitabxana, daha çox mehmanxana administratorlarına oxşayan nəzarətçilər var. Məhbusların hamısı televizor, video, DVD-pleyer istifadə edə bilər.

Estoniya

Keçmiş SSRI respublikalarından bəziləri də artıq həbsxanalarda islahatlar həyata keçirərək cəzaçəkmə müəssisələrini Avropa standartlarına yaxınlaşdırıb. Məsələn, Estoniyanın Rusiya ilə sərhəddən 30 km-lik məsafədə yerləşən Viru həbsxanasının inşası ölkəyə 120 mln dollara başa gəlib. Burada əsas diqqət təhlükəsizliyə yetirilib, bu da nəzarətçilərin sayını minimuma endirməyə imkan verib. Həbsxanada idman zalı, kitabxana, məktəb, kilsə və emalatxana var. Bütün kameralar iki nəfərlikdir, hər birində havatəmizləyici qurğu yerləşdirilib. Televizorla təmin edilən məhbuslar öz istəklərinə uyğun olaraq pulla kabel TV sifariş verə bilər. Daxili qayda-qanunu pozmayan məhbuslar isə ildə 21 gün məzuniyyət götürə bilər.

Ukrayna

Xarkovda yerləşən həbsxanada şərait ev şəraitindən fərqlənmir. Hətta həbsxana rəhbərliyi belə şəraiti görən məhbusların yenidən ora qayıtmaq arzusuna düşməsindən qorxur. Burada hətta kameraların qapıları və mebellər də məhbusların əl işidir. Bundan əlavə, həbsxana ərazisində yerləşən zavodda avtomobil qoşquları da istehsal edilir. Yüksək keyfiyyətli çörək həbsxananın ərazisində bişirilir. Həbsxana ərazisində fəaliyyət göstərən donuzçuluq ferması məhbusları daimi ətlə təmin edir. Ümumiyyətlə, həbsxanada qidalanmaya xüsusi diqqət yetirilir. Qida rasionunda ət, meyvə-tərəvəz, yağ, çörək, yumurta və süd də yer alıb. Yaşıllıq içindəki həbsxana xəstəxanasında müxtəlif xəstəliklər müalicə, ehtiyac yarandığı halda xüsusi dietalar təyin edilir. Koloniya bütün müasir texnologiya və elektrik cihazlarla təchiz edilib.

Gürcüstan

Bu ölkənin penitensiar sistemi ciddi islahatlara məruz qalıb. Tbilisidə yerləşən ölkənin böyük həbsxanada 4 min nəfər saxlanılır. Təmizliyi ilə seçilən həbsxanada nəzarətçiləri kameralar əvəz edir. Həbsxanada cəza çəkən məhbusların qohumlarına mütəmadi olaraq onlar barədə məlumat verilir. Internetə çıxışı olan kompüter, bankomat, satış avtomatları olan həbsxanada telefon avtomatlarından da istifadə etmək mümkündür. Buradan istənilən vaxt qohumlarla əlaqə saxlamaq olar. Həbsxanada keyfiyyətli dərmanlarla təmin edilən aptek, həkim otağı, böyük kitabxana da var. Kitabxana rəhbərliyi məhbuslar arasından seçilir. Məhubslar üçün yüksək keyfiyyətli yeməyi isə Tbilisinin icarəyə götürülən restoranlar şəbəkəsi hazırlayır. Məhbusların şikayəti olduğu halda isə yeməklər xüsusi yoxlamadan keçirilə bilər. Həbsxanada çamaşırxana, əməliyyat otağı, stomotoloji kabinet, rentgen kabineti fəaliyyət göstərir.

Fizzə