“Yazılar dayandırılmasa, güllələnəcəksiniz”
Rəsmi qurumlar məsələni araşdırmaqda maraqlı görünmür
Iqtisadi genosidlə üzləşən iş adamı – Zülfüqarlı qardaşlarına məxsus zavodların yağmalanması prosesi davam edir. Hakimiyyətdə olan iri ranqlı məmurlar onların bütün əmlakına sahiblənmək üçün yenə zora əl atmağa başlayıblar.
Avqustun 15-dən başlayaraq Zülfüqarlıların Keşlə qəsəbəsində yerləşən “Birlik” MMC adlı özəl metal zavoduna bir qrup idmançı dəstə hücum edib. Dəstənin məqsədinin müəssisəni ələ keçirmək və zavodun avadanlıqlarına ziyan vurmaq olduğu deyilir. Üç gündür ki, zavoda muzdlu idmançılar davamlı olaraq hücum edir. Onlar əmrlə danışaraq zavodu tərk etməyi tələb edirlər. Zavoda hücumu “Baku Stell Company”nin icraçı direktoru Rasim Məmmədovun təşkil etdiyi söylənilir.
“Baku Steel Company”nin bağladığı sexlərin fəhlələri ayağa qalxdı
Ötən gün də idmançı formasında olan, heç bir vəzifəsi və səlahiyyəti olmayan muzdlular zavoda basqın etdilər. Özlərini Rasim Məmmədovun nümayəndələri kimi təqdim edən qoçu dəstə üzvləri zavod rəhbərliyindən müəssisəni qapatmağın doğru yol olduğunu deyiblər. Öncə zavoda gələrək fəaliyyət göstərib-göstərmədiyini yoxlamaq istəyiblər. Belə olan zaman yenidən zavod işçiləri ilə qoçu dəstəsi arasında mübahisə yaranıb. Iş artıq əlbəyaxa müstəvisinə keçəndə “yuxarı”dan gələn zəng qoluzorluların geri çəkilməsiylə nəticələnib.
Arada yaranan sükutdan sonra sözügedən ünvana “Baku Stell Company”nin qanunsuz olaraq qapatdığı sexlərin rəhbərləri və fəhlələri gəldilər. Əllərində plakat tutan fəhlələr işsizlikdən əziyyət çəkdiklərini söylədilər. Onların sözlərinə görə, işlədikləri müəssisə bağlandıqdan sonra heç bir yerdə iş tapa bilməyiblər: “Ilham Əliyev həmişə televiziyada sahibkarlığın inkişaf etdirilməsini vacib saydığını deyir, məmurlar isə sahibkarlığın inkişaf etdirilməsinə qarşı çıxaraq, monopoliyaya yaradırlar”.
Bir neçə dəqiqəlik davam edən aksiya polis müdaxiləsi nəticəsində dağıdıldı. Sahibkarlar və fəhlələr iş yerlərinə manelər olmayana qədər etiraz aksiyasını keçirəcəklərini bildirdilər.
Zavod rəhbərləri bizimlə söhbətdə söylədilər ki, onların fəaliyyətinə olan maneə aradan qaldırılmasa, bir yerə toplaşıb daha böyük aksiyalar keçirəcəklər.
“Yazılar dayandırılmasa, Zülfüqarlılar güllələnəcək”
Zülfüqarlı qardaşlarının sahibləri olduğu zavod uğrunda mübarizə aparması deyəsən kimlərəsə xoş təsir bağışlamayıb. Medianın gündəmində olan bu məsələ “yuxarı”ların narazılığına səbəb olub. Belə ki, özünü Rasim Məmmədovun köməkçisi kimi təqdim edən şəxs Loğman Zülfüqarlıya zəng edərək ölümlə hədələyib. Zəng edən şəxs bildirib ki, Rövşən Zülfüqarlı mediada gedən yaranmış qalmaqalla bağlı yazıları dayandırmasa, özü də daxil olmaqla bütün qardaşları güllələnəcək. Rasim Məmmədovun köməkçisi kimi danışan şəxs tapşırığı “yuxarıdan” aldığını deyib.
Zavod rəhbərliyi məsələylə bağlı Daxili Işlər Nazirliyinin “102″ məlumat xidmətinə müraciət etdiyi üçün R.Zülfüqarlıdan Nizami rayon polis idarəsinin 23-cü polis bölməsində izahat alıblar. ”Biz məsləyə qanun çərçivəsində qiymət verilməsini istəyirik. Zavod qanun çərçivəsində fəaliyyət göstərir. Baş verənləri şəxsi əmlaka müdaxilə kimi dəyərləndirirəm”, – deyə zavod rəhbəri deyib.
Bundan başqa, iş adamı Nizami Rayon Prokurorluğuna yazılı şəkildə müraciət edib.
Ölüm təhdidində adı hallanan Rasim Məmmədovla əlaqə saxladıq. R.Məmmədov “Azadlıq”a açıqlamasında Zülfüqarlıların işi ilə maraqlanmadığını dedi. Ölüm təhdidiylə bağlı sualı ona ünvanlayanda “getsin özlərini həkimə göstərsinlər, bəlkə beyinləri çönüb” deyərək telefonu qapatdı.
Bundan əvvəlsə Rasim Məmmədov Zülfüqarlı qardaşlarını ona olan borclarını qaytarmamaqda ittiham etmişdi: “Niyə mənim 9 milyonumu vermirlər? Niyə, məni ittiham edirsiniz? Niyə soruşmursunuz ki, camaatın pulunu almısan, nə malını verirsən, nə də pulunu. Mən onlardan pulumu tələb edirəm. Aslan İsmayılovu ortaya atıb, hay-küy yaradırlar”.
Təhdidlərin sayı artır
“Okeanus” MMC-nin sahibi Dilbər Rzayevaya da dünən təhdid dolu zənglər gəlib. O, “Azadlıq”a açıqlamasında günorta və axşam saatlarında iki dəfə naməlum nömrələrdən zəng edildiyini dedi: “Əvvəlcə zəng edib ədəb-ərkanla danışdılar. Sonra dedilər ki, bu yoldan çəkilin, mediaya açıqlama verməyin. Əks halda sizin üçün pis olacaq”.
Dilbər Rzayevaya birinci dəfə zəng edənlər onun həyat yoldaşını aparacaqları ilə hədələyiblər: “Dedilər ki, həyat yoldaşını içəri atacağıq. Mən də cavab verdim ki, biz hər an qanun qarşısında cavab verməyə hazırıq”.
Günün ikinci yarısında “Okeanus”un sahibinə zəng edənlər onu övladlarıyla hədələyiblər: “Ikinci dəfə zəng edənlər söylədilər ki, geri çəkilməsən uşaqların üçün pis olacaq. Dedilər ki, sənin haqqında hər bir şeyi öyrənmişik. Iki dənə gözəl-göyçək balan var, onlara yazığın gəlsin, bu yoldan çəkilin. Onlara dedim ki, niyə kişi kimi mübarizə aparmaq istəmirsiniz, məni uşaqlarımla təhdid edirsiniz. Onlar heç nə deməyib dəstəyi asdılar”.
Dilbər Rzayeva əmindir ki, zəng edənlər Rasim Məmmədovun adamlarıdır.
***
Zülfüqarlı qardaşları sona qədər mübarizə aparacaqlarını, qanun çərçivəsində fəaliyyət göstərdikləri üçün geri çəkilməyəcəklərini deyirlər…
Ramin DEKO