Azərbaycanlı məmurun təyyarədə dava saldığını yazan müəllif səhv etmədiyini bildirdi
“Yazdıqlarıma gözlərimlə şahidəm”
Türkiyənin tanınmış imzalarından biri, “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirge İstanbuldan Barselonaya uçan təyyarədə bələdçi ilə kobud davranmaqda ittiham etdiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun təkzibinə cavab verib.
Xatırladaq ki, Fatih Çekirge 13-14 avqust tarixli köşə yazılarında iddia edib ki, Türkiyə Hava Yollarının İstanbuldan Barselonaya uçan təyyarəsində “biznes-klas” sərnişini olan Mikayıl Cabbarov bələdçiyə onun qanunsuz tələbini yerinə yetirmək üçün təzyiq göstərib, hətta onu işdən çıxartdıracağı ilə hədələyib.
Mikayıl Cabbarov isə açıqlama yayaraq bunu təkzib edib.
Oğlunun təhsili ilə bağlı hələ də Barselonada olan F.Çekirge “Yeni Müsavat”a bildirib ki, məsələ ilə bağlı yenidən Türk Hava Yollarına müraciət edəcək: “Mikayıl Cabbarovun ”Hürriyet”ə təkzib göndərməsindən xəbərim var. Ancaq hər hansı yanılmaya yol verdiyimi sanmıram. Yazdıqlarıma gözlərimlə şahidəm. Mən uçağın biznes-klasında ən ön cərgədə otursam da, baş verənləri rahatlıqla izləyə bilirdim. Həmin şəxsin davamlı olaraq stüardessa ilə yüksək tonda danışması diqqət çəkməyə bilməzdi. Bundan başqa, Mikayıl Cabbarov da daxil olmaqla, digər Azərbaycan vətəndaşlarını uçağa minməzdən öncə də gözləmə zalında müşahidə edirdim. Hamısının bərabər istirahətə getdikləri aşkar görünürdü. Söhbət uçağın biznes-klasındakı 19 nəfərdən gedir”.
F.Çekirgenin sözlərinə görə, Türk Hava Yolları enişdən sonra baş verənlər haqqında araşdırmaya başlayıb: “Mən hələ də Barselonadayam. Ancaq bu işi bir daha dəqiqliklə araşdıracağam. Əlimdə Türk Hava Yollarının 11 avqustda İstanbul-Barselona uçağındakı bütün sərnişinlərinin siyahısı var. Buna baxmayaraq, yaxın 2-3 gündə bir daha dəqiqləşdirmə aparıb yeni bir köşə yazımda məsələyə aydınlıq gətirəcəyəm”.