Olimpiada bitdi və bizim oğru hakimiyyətimizin medal ehtirasları fonunda bu mövzuda çox şeylər yazıldı. Amma bir məsələyə hələ də toxunmamışıq. Bizim ölkədə idmançı kimdir? Onun haqda qeyriləri nə düşünür? O yalnız idmanlamı məşğul olur?
Görə-görə gəlmişik. Siyasi proseslərdə də, məişətdə də, küçədə-məhəllədə də eyni təcrübəni yaşamışıq. Bizdə idmançı deyəndə təsəvvürlərdə qoluzorlu, güclü, basıb döyən, əzişdirən, insanlar arasındakı mübahisələri öz gücü ilə çözən bir insan obrazı canlanır.
Heç kim də inkar edə bilməz, Azərbaycanda idmançıdan qorxurlar, ən azı haqlı olaraq ehtiyat edirlər – polisdən qorxduqları kimi. Maraqlıdır ki, polisdə də çoxları yalnız idmançı cüssəsinə və keyfiyyətinə görə işə götürülür. Insanlarda inam yoxdur ki, idmançı özündən zəifi döyməz – zəif haqlı olsa belə. Insanlar düşünür ki, idmançı sənin üstünə gəlirsə, üstünə gətirilirsə, hətta sənin haqlı olmağına baxmayacaq, səni əzməyə çalışacaq, vuracaq, döyəcək. Çünki bizim ölkədə mütərəqqi və müasir cəmiyyətin bütün elementləri məhv edildiyindən, idarəçilik zora və gücə əsaslandığı üçün, idman da güc nümayişi kimi mövcuddur. Hətta dama yarışçısı özünə idmançı desə, ona gülərlər.
Əliyevlər hakimiyyətinin inkişaf etdirdiyi bu situasiya ona çox sərfəlidir. Hər şeyi öz maraqların uyğunlaşdırdığı kimi, illərdir idmançıların təyinatını da məhz bu amilə tabe etdiriblər. Idmançı öz gücü ilə bu hakimiyyətin yanında olmalı, onu müdafiə etməlidir. Əməlinlə, gücünlə, sözünlə, yarışınla da ona fayda gətirməlisən. Buyurun, Elnur Məmmədli gözlənilən faydanı gətirə bilmədiyi üçün adətən, müxalifəti söyən iqtidar mətbuatı onu tənqid etməyə başlayıb. Halbuki əvvəllər uğurlar qazanmış idmançılar idman karyerası bitdikdən də sonra da veteran kimi sevilir, ustad kimi qəbul edilir, məşqçi kimi fayda verə bilir…
Amma bizdə siyasi iqtidara fayda verə bilmirsənsə, hətta keçmişini dana bilərlər. Ona görə biz idmançının zəifi müdafiə etdiyini görmürük. Bəlkə də məişət miqyasında belə hallar olur, amma bu hallar o qədər azdır ki, biz əsasən idmançını pullunun, haqsızın, əzənin yanında olduğunu görürük.
Əyani misallar. Hələ olimpiada getdiyi zaman bir neçə metaləritmə zavoduna basqınlar oldu. Siyasi hakimiyyətdə yüksək vəzifəlilərdən birinə, yaxud hakim ailəyə məxsusluğu şübhə doğurmayan “Baku Steel Company” müxtəlif müəssisələrə basqınlar təşkil etdi. Keçmiş millət vəkili Nazim Məmmədovun sahiblərindən olduğu müəssisəyə də idmançılar basqın etmişdi. Ondan sonra “Şəhriyar 99″ adlı şirkətə də idmançılar hücum etmişdi. Olimpiada bitdi, idmançılar yenə də sərəncamdadır və bu günlərdə onların köməyi ilə ardıcıl olaraq Zülfüqarlı qardaşlarının zavoduna basqınlar edilir.
Idmançı haqsızlığın qurbanına çevrilib – haqsızlığa xidmət edir. O, bu gün məmurun vuran əlidir…
…Məmur isə göylə gedir. Çəkinmədən istədiyini edir. Bu günlərdə daha bir məmur mövzusu gündəmi tutdu. Mikayıl Cabbarovun göydəki (təyyarə) olayı. Türkiyəli jurnalistin yazısından sonra bu mövzu ətrafında hətta bir müzakirə və mübahisə də başladı. Fərqli yanaşmalar da ortaya çıxdı. Amma bütün mübahisələr bir məqamda dərhal bitməlidir. Hamı birmənalı şəkildə qəbul etməlidir ki, məmur kimliyindən asılı olmayaraq sorğulanmalıdır. Ilham Əliyevdən tutmuş Mikayıl Cabbarovunacan. Qolundakı saatından tutmuş, təyyarəyə aldığı biletə qədər. Hər addımına görə. Məmur isə hər zaman hər sözünə və əməlinə görə narahat olmalıdır ki, buna görə məni sorğu ağacından asarlar…

Zəifi döyən idmançılar və göylə gedən məmurlar ölkəsi
•