Metronun 20 Yanvar stansiyasından Dərnəgülə doğru körpülərlə dolu yol uzanıb gedir. Körpülərlə başlayan, körpülərlə sürən, körpülərlə bitən bir yol. Bu yolda körpülər yığın-yığın, buket-buketdir. Bu yolda 3-cü mikrorayon bazarından başlayıb Dərnəgülə doğru uzanan bir tunel də qazılmaqdadır. Bu yolun ən ilginc körpüsü 3-cü mikrorayonla Xutor arasında tikilməkdədir. Dörd bir yana uzandıqca uzanan, ola bilsin, ilkin proyektdən çox-çox qıraqlara çıxan bir körpü. “Iştah diş altındadır”, deməyiblərmi? – körpü uzandıqca tikən, yox, tikdirən pul qazanar. (Gəlin bu körpünü belə adlandıraq: Uzundərə körpüsü).
Uzundərə körpüsündən Azadlıq prospektinədək olan yolun (Z.Bünyadov küçəsi) sağ-solunda başlıca olaraq bizim “Ermənistan”dan olan soydaşlarımız, “Ermənistan” qaçqınları yaşayır. Onlar bu yolun sementli toz-torpağından illər uzunu nələr çəkməyiblər! Ağır yük maşınlarının, başlıcası da sementqarışdıran maşınların yaratdığı problemlərdən bu yol boyunca çoxları sağlamlığını itirib. Yolda tunel qazıntısı başlayanda hamı sevindi: toz-torpağa, səs-küyə son qoyulacaq deyə. Sevinc uzun sürmədi, tezliklə ev-ev onlara yuxarıların ismarışı çatdırıldi: “Yığışın, köçürsüz”. Qabaqca eşitdiklərini qulaq ardına vurdular: “Biz ”Ermənistan” qaçqınıyıq, köçdüyümüzü köçmüşük”,- dedilər. Eşitdiklərinə sonra inanası oldular – yaxınlıqdakı göydələnlər, beşqatlı, doqquzqatlı evlər sökülüb darmadağın ediləndə. Göydələnlər I.Əliyevin sevimli dostu, Diasporla iş komitəsinin sədri Nazim Ibrahimovun idi. Göydələni sökmək üçün başına, 18-ci qata, traktor çıxarmışdılar. Necə oldusa traktor aşdı, traktorçu parça-parça oldu. Bütün bunlarınsa bir nədəni var.
Nədən nədir? Dərnəgülə doğru yolun sağında, Uzundərə körpüsü ilə Azadlıq prospekti arasında – Bakının ortasında – Ilham Əliyev özünə… rezidensiya tikdirir. Deyilənə görə, bu onun 8-ci rezidensiyasıdır. Əliyevçi hakimiyyət yetkililərinin çox işlətdikləri bir deyim var: “Ölkədə müharibə gedir”. Ölkədə “müharibə” getdiyinə görə ata-oğul Əliyevlər ölkədən 100 milyard dollaradək pul çıxarıblar – murdar ermənilərin əlinə düşməsin deyə. Ölkədə “müharibə” getdiyinə görə Ilham Əliyev milyonlarla pul töküb ölkənin hər yerində rezidensiyalar tikdirir – yaramaz ermənilər onu axtarası olsalar, tapmasınlar deyə. Bu yerdə bizlərdən kimsə I.Əliyevi azacıq da olsa qınaya bilməz. Emosionallıqdan uzaq olmaq, soyuq başla, dərindən-dərinə düşünmək gərəkdir: prezidenti, ali baş komandanı ermənilər ələ keçirsələr, bu ölkədən nə qalar?! Bax, bu baxımdan, məncə, “müharibə” gedən bir ölkədə ölkənin prezidenti, ali baş komandanı üçün 8 (səkkiz!) rezidensiya çox azdır. Bölgələrdəki rezidensiyalar bir yana, Bakının özündə indiki kimi çoxlu sayda rezidensiya tikilməli, erməniləri aldadıb azdırmaq üçün geniş rezidensiyalar ŞƏBƏKƏSI yaradılmalıdır.
Mən bütün bu incəlikləri “Ermənistanlı” yerlilərimə, sevgili yeraz qardaşlarımıza başa salmaq üçün Xutora getmişdim. Görəydiz orda məni necə höydu-hoyduya götürdülər. Zalım uşağı, qadınlı-kişili adamın üstünə ley kimi şığıyırlar. Mənə nə desələr yaxşıdı: “Səni bura öyrədib göndəriblər”. Hələ biri var orda. “Səni bura, – deyir, – hakimiyyət bizim başımızı tovlamaq üçün göndərib. Qəzetdən oxumuşam: sən hakimiyyətə işləyirsən. Get onlara de, prezident deyən kimi 1500 manatdan pulumuzu verməsələr, çıxan deyilik”. Düzü, bu yerdə onları qınamaq olmur. Onlara hər kv.metr üçün 1500 yerinə 700 manat verirlər. Özü də adamların öz pullarıyla daşdan tikdikləri evləri dövlət evləri kimi içəridən ölçməklə. Görün bu “milli” ermənilər 1500 manatı 700-ə endirəndən sonra belə, kv.metri azaltmaqla xalqdan bir az da çox pul qoparmaq üçün nələrə əl atırlar!

“Ölkədə müharibə gedir” – yeni tikilmiş göydələnlər dağıdılır
•