“Bu rejimin Təbrizdə axan göz yaşlarına ürəyi yana bilməz”

Hakimiyyət soydaşlarımızla niyə həmrəy olmadı?

Azərbaycanlıların kütləvi yaşadığı Təbriz və ətraf şəhərlərdə baş vermiş zəlzələnin ağrıları Arazın bu tayında demək olar ki, hiss olunmadı. Azərbaycan hakimiyyəti soydaşlarımızın acısına təsəlli olaraq ən azı, bir günlük matəm elan edə bilərdi.
Bu da bir tərəfə qalsın, heç olmasa, telekanallarda çal-çağıra ara vermək, mövzu ilə bağlı müzakirələr keçirmək, yardım etmək istəyənlərə yol göstərmək olardı. Vətəndaş cəmiyyətinin yardım səylərini nəzərə almasaq, dövlət səviyyəsində bu istiqamətdə “barmaq tərpədən” olmadı. Halbuki Azərbaycan hakimiyyəti özünə lazım olanda ağızdolusu Güneydə milyonlarla soydaşımızın yaşamasından danışır.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, avtoritar mahiyyətli rejimin Güneydəki soydaşlarımızla həmrəy olmasını gözləmək yersizdir: “Azərbaycan xalqı çox ağır taleyi olan bir xalqdır. Ikiyə bölünüb. Yarısı o tayda fars rejiminin, yarısı da bu tayda avtoritar rejimin basqısı altındadır. Azərbaycandakı rejim heç vaxt xalqla həmrəy olmayıb. Xalqın ağrılarını duymayıb, onunla hesablaşmayıb. Bu bir idarəetmə mədəniyyətidir və bizlər bunu görə bilmirik. Biz ancaq onu görürük ki, xalqın sərvətini talayır, oğurlayır, qayğısına isə qalmırlar. Ona görə də bu rejimin Təbrizdə axan göz yaşlarına ürəyi yana bilməz”.