Hakimiyyətin AXCP ilə bağlı ilginc planı

 

«Necə olursa-olsun, cəbhədən də istefalar olsun»

 

Fuad Qəhrəmanlı: «Hakimiyyət dərk etməlidir ki, AXCP-ni gücləndirən təkcə fərdlər deyil, böyük bir ideyadır»

Hakimiyyətin “mətbəxinə” bələd olan mənbədən “Azadlıq”a maraqlı xəbər daxil olub. Məlumatda bildirilir ki, hakimiyyət seçkidən sonra ciddi müxalifət qüvvələrinin ayaqda qalmasından, heç bir sarsıntı keçirmədən mübarizə əhval-ruhiyyəsində olmasından bərk narahatdır. Xüsusən, AXCP-nin protest elektorat üçün cazibə mərkəzi olaraq qalması, rejimə qarşı prinsipial mövqeyindən güzəştə getməməsi, illər uzunu aparılan repressiv metodlara baxmayaraq, insanların hələ də bu partiyanı seçməsi hakimiyyət başbilənlərini düşündürməkdədir. Müsavat partiyasındakı istefaların AXCP-də baş verməməsi faktoru da qarşı düşərgəni qıcıqlandıran məqamlardandır. Bütün bunlara görə yaxınlarda Xalq Cəbhəsində istefa vermək istəyən adam axtarışına başlanılacaq.

Mənbənin sözlərinə görə, artıq bu planın gerçəkləşməsi üçün bütün texniki işlər görülüb. Müvafiq strukturlara “necə olursa-olsun, cəbhədən də istefalar olsun” göstərişi verilib.

Məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikirlərini öyrəndik. Qəhrəmanlı deyir ki, xəbərin doğruluğuna inanmasa da, bu tip davranışlar onlar üçün yenilik deyil: “Hakimiyyət bir gün belə, ”AXCP-ni necə sıradan çıxarmalı?” fikrini beynindən kənarlaşdırmır. Lakin indi onların belə bir planı gerçəkləşdirməsi çətindir. Çünki hazırda partiyada olan adamlar praqmatik maraqlar üçün bu yolu seçənlər deyil. Cari maraqları və şəxsi komfortu üçün partiyanı seçənlər çoxdan bizi tərk ediblər. Indi bizim çiyindaşlarımızın əksəri illərin ağır sınağından çıxmış adamlardır. Onları hansısa şirkinləndirici vasitələrlə ələ almaq olmaz”.

AXCP rəsmisi deyir ki, hakimiyyət nəhayət, onlara qarşı aparılan bu çirkin kampaniyadan əl çəkmək məcburiyyətində qalacaq: “Vaxtilə bizim rəhbərlikdə olanlardan hakimiyyətin satın aldığı insanlar olub. Bu, əlbəttə ki, ağır hadisədir, həm də tək AXCP üçün yox. Bu proses ilk növbədə həmin şəxslərin özlərinin məhvi prosesidir. Insanları ağır sınaq qarşısında qoymaq, onları dönüklüyə vadar etmək antihumanizmdir, mənəvi terrordur. Bütün bunlara baxmayaraq, hakimiyyət dərk etməlidir ki, AXCP-ni gücləndirən təkcə ayrı-ayrı fərdlər deyil, böyük bir ideyadır. Özündə cəsarət və qabiliyyət toplayan istənilən şəxs bu ideyalara yiyələnməklə böyük və güclü ola bilir. Belə adamların sayı isə nə bizim təşkilatda tükənəndi, nə də cəmiyyətimizdə”.

Informasiya şöbəsi