Suriyanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) üzvlüyü dayandırılıb. Belə bəyanat İƏT-ə üzv ölkələrin Məkkədə keçirilmiş sammitinin yekun kommunikesində əksini tapıb (lent.az).
Bununla yanaşı, İƏT-ə üzv ölkələr Suriyadakı vəziyyətə zorla müdaxilə ideyasını dəstəkləməyiblər. Əvvəllər Suriyanın bu təşkilatda üzvlüyünün dayandırılmasının gərəkliyini quruma üzv ölkələrin xarici işlər siyasəti rəhbərləri bildiriblər. Onların görüşü sammit ərəfəsində baş tutub. Həmin vaxt bildirilib ki, Suriyanın İƏT-dən kənarlaşdırılması qərarını nazirlərin mütləq çoxluğu dəstəkləyib. Yalnız Suriyanın hakim rejiminin müttəfiqi olan İranın Xarici İşlər Nazirliyi qərarın əleyhinə çıxıb.
İƏT 1969-cu ildən fəaliyyətdədir. Qurumun 60-dək üzvü arasında bütün Yaxın Şərq ölkələri, keçmiş SSRİ-nin Orta Asiya respublikaları və Azərbaycan da var. Rusiya bu təşkilatda müşahidəçi statusuna malikdir.
Azərbaycan Xarici İşlər Nazirliyi İƏT-in Suriya ilə bağlı qərarını rəsmi Bakının dəstəklədiyini bəyan edib.
İnformasiya şöbəsi