Şərqi Azərbaycanda yenidən yeraltı təkanlar qeydə alınıb
Iranın Şərqi Azərbaycan vilayətində avqustun 11-də baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmamış bölgədə yeni təkanlar qeydə alınıb. Episentri Vərzigan şəhəri olan 5.3 bal gücündə zəlzələ baş verib. Yerin 6 km dərinliyində baş verən zəlzələ Təbrizdə də hiss edilib. Ilkin məlumata görə, Təbrizdə dağıntı və xəsarət alan olmayıb.
Şərqi Azərbaycanda yaşayan soydaşlarımızın sözlərinə görə, Vərziganda və Əhərdə isə yenidən dağıntılar baş verib. Vərziganın Sərənd körpüsünə və avtomobil yollarına zərər dəyib. Fəlakət bölgəsində olan bəzi dağ kəndlərinin yolu bağlanıb, bir çoxuna isə gediş-gəliş çətinləşib. Yeni yaralıların olması ilə bağlı rəsmi məlumat olmasa da, ötən gün Təbrizdən Əhərə və Vərzigana yenidən təcili tibbi yardım briqadaları göndərilib.
Bu arada avqustun 11-də Iranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalmış 3 nəfər sağ çıxarılıb. Onlardan ikisi 5 nəfərlik ailənin yeganə sağ qalan üzvləridir. Sağ çıxarılan qadın isə Vərziganın Sərxagu kəndinin sakinidir və 4 uşaq anasıdır.
Qeyd edək ki, Iranın Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, fəlakət bölgəsində xilasetmə işləri dayandırılıb. Lakin yerli əhali dağıntılar altında qalmış qohumlarını hələ də axtarmağa davam edir.
Tehran rejiminin zəlzələdən əziyyət çəkmiş güneyli soydaşlarımıza biganə münasibəti dünya mediasının əsas mövzularından birinə çevrilib. Britaniya, ABŞ mediasının əsas qəzetləri Iranın fəlakət bölgəsinə göndərilən yardımlardan imtina etməsini, xilasetmə işlərini yarımçıq dayandırmasını və zəlzələ qurbanlarına lazımi köməkliklər etməməsini qabardıb. Qeyd olunur ki, Iran hökuməti azərbaycanlıların üzləşdiyi təbii fəlakətə diqqətsiz yanaşır. Fəlakət bölgələrində qida, lazımi məişət mallarının qıtlığı yaşanır. Iran hökuməti isə xaricdən göndərilən yardımları qəbul etmir.