“Rusiya hər zaman Türkiyənin arxasından xəncər vurmağa hazırdır”
PKK-nı terror təşkilatı kimi tanımayan Rusiya indi də Moskvada bu qurumun konsert keçirməsinə rəsmən icazə verib(publika.az).“Mübarizəmizin 28-ci ildönümünə həsr olunmuş bayram konserti” şüarı altında keçiriləcək tədbirin təşkilatçısı PKK-nın Rusiya bölməsidir.
Mübarizənin 28 ili dedikdə, qanlı terror təşkilatının Türkiyəyə qarşı başlatdığı terror müharibisi nəzərdə tutulur. Türkiyənin israrlı tələblərinə baxmayaraq Rusiya PKK-nı terror təşkilatı kimi tanımaqdan imtina edir və bildirir ki, bunun üçün PKK-nın Rusiya torpaqlarında hər hansı terror aktının törədilməsində izinin olması şərtdir. Rusiyanın PKK-ya bu jestinin iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradacağı şəksizdir.
Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiya PKK-ya qucaq açmaqla Türkiyədən qisas almağa çalışır: “Rusiya avtoritar, diktator rejimidir. Orada hər şeyi bir adam – Vladimir Putin həll edir. Putin də Türkiyəyə və Ərdoğana qarşı qəzəblidir. Çünki Suriya məsələsində Ərdoğan Rusiyanın tərəfini tutmayıb, Əsəd rejiminin əleyhinə çıxıb. PKK istəyir Moskvada konsert keçirsin, istəyir soyunub oynasın, Türkiyəyə heç nə olmayacaq. Lazım olanda Türkiyə gedib PKK-nı yuvasındaca boğur və qayıdır ölkəsinə. Rusiya bu yolla guya Türkiyədən qisas alır. Dünyanın terror təşkilatı kimi tanıdığı PKK-nı Rusiyada belə təntənə ilə qəbul etməyin başqa adı yoxdur”.
V.Quluzadənin sözlərinə görə, baş verənlər Rusiyanın ancaq ziyanınadır: “Putin bununla nüfuzunu bir az da itirəcək. Və bu, Türkiyə-Rusiya əlaqələrinə mənfi təsir göstərəcək. Türkiyə yaxşı bilir ki, Rusiya həmişə antitürk dövlət olub. Bu, Türkiyə üçün yaxşı bir mesajdır. Düzdür, rus turistlər Türkiyəyə gəlir, pullar xərcələyirlər. Türkiyə də gedib öz mallarını Rusiyada satır və pul qazanır. Amma Türkiyə bilməlidir ki, Rusiya hər zaman onun arxasından xəncər vurmağa hazırdır. Türkiyə NATO üzvüdür və onun Əsəd rejiminin əleyhinə olması təbiidir. Eyni zamanda Türkiyə demokratik dövlətdir, Əsəd rejimi isə antidemokratikdir. Bu baxımdan Türkiyənin Əsəd rejiminin əleyhinə olması anlaşılandır. Sözsüz ki, Putin rejimi diktatorlarla və terror təşkilatları ilə birdir. Vaxtilə PKK-nı yaradanlardan biri elə Rusiya olub”.
Gültəkin