“Azərbaycan”dan “Hürriyyət”ə “erməni” damğası

Mikayıl Cabbarov Türkiyə mətbuatında barəsində yazılanlara münasibət bildirdi

Rəsmi “Azərbaycan” qəzeti Türkiyənin “Hüriyyət” qəzetini və bu qəzeti daxil olduğu “Doğan” qrupunun rəhbəri Aydın Doğanı sərt şəkildə tənqid edib. Buna səbəb isə “Hüriyyət” qəzetində “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Mikayıl Cabbarov barədə dərc edilmiş yazı olub. Xatırladaq ki, “Hüriyyət” qəzetində Mikayıl Cabbarovun Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyədən Barselonaya uçarkən dava salması barədə yazı dərc edilib.
“Azərbaycan” qəzeti bu yazını Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək kimi dəyərləndirib.
Qəzet yazır: “Doğan” qrupuna daxil olan media qurumları və şəxsən bu qrupun sahibi Aydın Doğan daim öz fəaliyyətlərində erməni lobbisinin sifarişlərini yerinə yetirərək ölkəmizə və Azərbaycan-Türkiyə münasibətlərinə qara yaxmaq yolunu tutublar…
…”Hürriyət” qəzeti Azərbaycanın dövlət məmuruna böhtan atmaqla əslində antitürk mərkəzinin sifarişi ilə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa cəhd göstərib. Lakin bu iftira və böhtana yol verənlər unutmasınlar ki, antitürk dairələrin Azərbaycanla Türkiyə arasındakı əlaqələri zəiflətmək cəhdləri əvvəllər olduğu kimi bundan sonra da iflasa məhkumdur”.
Bu arada Mikayıl Cabbarov barəsində yazılanlara münasibət bildirib. O, yaydığı açıqlamada bildirir: “Ilk olaraq qeyd etmək istərdim ki, hakimiyyət strukturlarında çalışdığım müddətdə etik davranışımla bağlı hər hansı irad və ya qınaq obyekti olmamışam və istənilən yerdə, istənilən şəraitdə insanların şəxsiyyətinə, ləyaqətinə hörmətlə yanaşmışam, əvəzində də bunu tələb etməyə haqqım vardır.
Türkiyənin “Hürriyyət” qəzetinin 13 – 14.08.2012-ci il tarixli saylarında dərc olunmuş jurnalist Fatih Çekirgenin yazıları ilə bağlı bildirirəm ki, barəmdə yazılanlar iftira və yalandır. Təyyarəyə 19 ədəd bilet alınması, dostlarımla birgə “biznes klass” salonunun bağladılması jurnalistin uydurmasından başqa bir şey deyildir. O ki qaldı bəhs olunan hadisəyə, onun iştirakçısı deyil, şahidi olmuşam.
Təyyarənin “biznes” salonuna bilet alıb ailəmlə məzuniyyətə gedirdim. Qonşu cərgədə başqa bir azərbaycanlı ailəsi azyaşlı uşaqları ilə birlikdə oturmuşdu. Uçuş zamanı stüardessa ilə həmin ailənin başçısı arasında xırda mübahisə yaranmış, azərbaycanlı sərnişin stüardessanın hərəkətlərindən şikayət edəcəyini bildirmişdi. Məsələnin mənə aidiyyəti olmadığından onların söhbətinə qarışmamışam və hər hansı xoşagəlməz sözlərin işlədilməsinin şahidi olmamışam. Qeyd etmək istərdim ki, həmin şəxs nə dövlət məmuru, nə siyası partiya üzvü, nə də ki mənim ailə üzvüm deyildir.
“Hürriyyet” qəzetinin jurnalisti birinci cərgədə oturduğundan, arxada baş verənləri, kimin mübahisə etdiyini görmək iqtidarında olmadığından hadisənin təsvirində səhvə yol vermişdir. Düşünürəm ki, peşəkar olduğunu sübut etmək üçün öz səhvini düzəldəcək və yazılan yalanları təkzib edəcəkdir”.