“Eurovision” ərəfəsində açılan yeni bulvar üç ay dözmədi
Yaşıllıqlar saralıb-solub, daş döşəmələr sökülür, ərazi yenidən təmir olunur…
Büdcə hesabına tikilmiş, təmir olunmuş binaların uzağı 5-6 aydan sonra sökülüb yenidən təmirə dayanmasına biz azərbaycanlılar artıq öyrəşmişik. Çəkilən yolları, salınan körpüləri, məktəb, xəstəxana binalarını və s. misal göstərə bilərik. Artıq heç kim də bu sualı vermir ki, cəmi bir neçə ay əvvəl inşa və ya təmir olunmuş tikiliyə nə oldu ki, indi onu yenidən təmir eləyirlər? Çünki cavabını hamı yaxşı bilir; iş o qədər keyfiyyətsiz görülüb ki, bir neçə ayın içində uçulub-dağılır, ya da təmir adı altında yenidən büdcəni talan eləmək lazımdır…
“Eurovision” musiqi yarışması ərəfəsində Bakıda əməlli-başlı təmir-tikinti işləri görüldü. Hələ o zaman bir çox ekspertlər dedilər ki, yarışma ilə əlaqədar Bakıya gələn qonaqlara xoş görünmək üçün görülən işlər büdcəyə on milyonlar hesabına başa gəlsə də, keyfiyyətsizdir və uzunömürlü olmayacaq. Cəmi bir neçə aydan sonra ekspertlərin bu fikri özünü doğrultdu. Açılışı cəmi 3 ay əvvəl olan, Bayraq Meydanı ətrafında salınmış Yeni Bulvarı buna misal göstərə bilərik…
Uzunluğu 3 kilometr olan, Əl Oyunları Sarayından Bayraq Meydanına qədər ərazini əhatə edən yeni bulvar kənardan baxanlara xoş görünə bilər. Lakin buranı gəzmək istəyənlər artıq başqa mənzərənin şahidi olacaqlar. Bura kənardan tamaşa edən adam əraziyə yaxınlaşdıqca ilk növbədə bayaqdan ona yaşıl görünən çəmənliyin əslində, sapsarı olduğunu anlayacaq.
Yeni bulvarın salınmasına milyonlar xərclənib. Hökumət hər bir işdə büdcədən ayrılan pulları ictimaiyyətdən gizlətdiyi kimi, buraya da nə qədər vəsait “silindiyi” məlum deyil. Maliyyə ilə bağlı bircə məlumat var ki, yeni bulvarın son tamamlama işlərinə 4 milyon manat ayrılıb.
“Eurovision” ərəfəsində yeni bulvarın salınması üçün ərazidəki gəmi təmiri zavodu, yenicə istifadəyə verilən elektrik stansiyası, təmirdən çıxmış xəstəxana və onlarla ailə köçürüldü. Amma göründüyü kimi, milyonlar hesabına başa gələn bu “proje” cəmi üç ay davam gətirdi. Yeni bulvarda başlanan təmir işləri bunu deməyə əsas verir. Burada kommunikasiya xətləri, ağaclar, qazonlar, daş örtükləri artıq yararsız hala düşüb.
Qeyd edək ki, sözügedən ərazidə yaşıllıq salınmış, bahalı ağaclar əkilmiş, qazon döşənmişdi. Ancaq işlərin keyfiyyətsiz görülməsi üzündən artıq yaşıllıq məhv olub. Ağaclar, çəmənlik o qədər saralıb ki, sanki Bakıda payızdır. Ağacların bir hissəsi quruyub, bir hissəsi də yenilərilə əvəzlənib.
Biz yeni bulvara baş çəkərkən orada bir neçə fəhlə yerdə cəmi üç ay əvvəl salınmış daş döşəmənin qopan hissələrini bərkidirlər. Yeni bulvarın Əl Oyunları Sarayının arxasındakı hissəsində isə döşəmə daşları ümumiyyətlə, təzələnir.
Fəhlələrin bir hissəsi də yanmış ağacları və çəmənliyi günün istisində sulasalar da, deyəsən, heç bir xeyri yox idi.
Ramin DEKO