“Azərbaycan yaxın zamanlarda rejimin dəyişəcəyi ölkələrdən biri olacaq”
Əvəz Temirxan: “48 milyardın offşor zonalara yerləşdirilməsi dövlətə xəyanətdir”
Bugünkü müsahibimiz ALP sədri Əvəz Temirxandır. ALP sədrinə ilk sualımız iqtidarın son zamanlar beynəlxalq mətbuatda diqqət göstərilən maliyyə maxinasiyaları ilə bağlı oldu. Belə ki, 1993-2010-cu illər arası ölkədən 48 milyardı ofşor zonalara çıxardan hakimiyyətin talançılıq siyasəti bir daha bununla beynəlxalq aləmdə ifşa olundu. ALP sədri bu barədə nə düşünür?
– Hakimiyyət təmsilçilərinin sevdiyi əsas mövzularından biri dövlətçilikdir. Dövlətin yaranma hüceyrələrindən biri büdcədir, dövlət əmlakıdır. Nədənsə Azərbaycan məmurları, iqtidar siyasətçiləri hakimiyyətin xalqa vurduğu zərbədən danışmaq istəmirlər. Azərbaycan məmurları hər hansı jurnalist, vətəndaş onların ünvanına haqlı tənqid söyləyəndə dərhal məhkəmə qarşısında dayanır. Amma Böyük Britaniya mətbuatı və başqa nüfuzlu KIV-lər Azərbaycan hakimiyyətini tənqid edirlər, amma heç bir izahat və aydınlıq gətirilmir. Əgər etiraz yoxdursa, deməli, bu həqiqətdir. Qədim Roma hüququnda susmaq razılıq əlaməti idi. Deməli, həqiqətən də məmurlar Azərbaycan xalqının damarlarından sümürdükləri qanı pula çevirərək offşor zonlarda yerləşdiriblər. Hələ mənimsənilən əmlaka Azərbaycanda olan zavodlar, fabriklər, bütün dünya üzrə alınmış malikanələr, adalar daxil edilməyib. Qeyri-ofşor zonalara yerləşdirilən maliyyə elan olunan 48 milyard dollara daxil deyil. 1993-cü ildə Azərbaycanın dövlət büdcəsi 450 milyon dollar idi. 2000-ci ildə bu məbləğ 1 milyard iki yüz min dollara çatdı. O zamankı hesablamalara görə, yeddi il ərzində məmurlar Azərbaycan xalqından dövlət büdcəsinin 70-75 mislini oğurlayıb pula çevirərək xaricə yatırıb. Bu, əslində dövlətə xəyanətdir. Bu, xalqa vurulan ən ağır zərbədir. Hətta deyərdim ki, Qarabağın itkisindən daha ağırdır. Əgər bu vəsait Azərbaycanın hesabında olsaydı bu böyük məbləğə xeyli iş görmək olardı. Hazırda Azərbaycanda 3.5 milyon işçi var. Bu o deməkdir ki, Azərbaycanda olan bütün iş yerlərini yerla-yeksan edib, yenilərini açmaq olardı. Buna 35 milyard dollar vəsait kifayət edərdi. Eyni zamanda bu vəsaitə Azərbaycan elə bir ordu qurardı ki, onun hesabına ermənilər döyüşsüz torpaqları azad edərdilər.
Prokurorluq 48 milyardın araşdırmasını aparmalı idi
– Qanuna görə, KIV-də gedən məlumat prokurorluğun araşdırma predmeti olmalıdır. Amma biz bunun şahidi olmadıq?
– Azərbaycanın hüquq mütəxəssislərinin əksəriyyətinin təfəkkürü repressiv təfəkkürdür. Sovet dövründə KIV-də hər hansı məlumat gedərdisə, prokuror dərhal cinayət işi qaldırmasa da, o məlumat həmən yoxlanmalı və təsdiqini tapmalı idi. Azərbaycan Respublikası Prosessual Məcəlləsində belə bir məqam var ki, mətbuatda gedən və təsdiqini tapan informasiyalar əsasında prokuror cinayət işi qaldıra bilər. Əslində əgər dövlətdən 48 milyardın oğurlanması haqqında söhbət gedirsə, baş prokuror dərhal bununla bağlı məlumatı yayan təşkilata sorğu göndərməli və bu informasiyanı təsdiq edən sənədlər tələb etməli idi. Və daha sonra isə müvafiq olaraq cinayət işinin qaldırılması və ya qaldırılmaması haqqında qərar verməli idi. Yəni ən azı bir yoxlama aparmalı idi. Deməli, bu pulu oğurlayan məmurların arasında elələri var ki, onlar baş prokurora təsir etmək imkanındadır.
– Hakimiyyətin hər hansı dəyişikliyə getməyəcəyi sezilməkdədir. Eyni zamanda hakimiyyətin içində də qruplaşmalararası narazılıq güclənməkdədir. Ölkədə də narazıların sayı durmadan artır. Bunu sosial şəbəkələrdə hakimiyyət əleyhinə şüar səsləndirənlərin sıralarının artması da sübut edir. O da məlumdur ki, son demokratik dəyişikliklər olan öləkələrdə proseslər məhz bu axarla gedirdi…
– Orqanizmdə çiban varsa, o böyüyüb nə zamansa partlamalıdır. Azərbaycan hakimiyyəti on doqquz ildir ki, məntiqsiz, primitiv “fəlsəfəni” beyinlərə yeritməyə çalışır ki, biz Azərbaycan xalqını alçaltmalı, təhqir etməli, soymalıyıq. Amma bunun müqabilində xalq onlara sitayiş etməlidir. Bu harınlığa, həyasızlığa son qoyulmasının vaxtı çatıb. Bizim ekspertlər dəfələrlə “Ərəb baharından” danışırlar. Azərbaycan xalqı 1998-2005-ci illər arasında dörd dəfə “Azərbaycan baharının” gəlişinə çalışdı. Təəssüf ki, bu mübarizəyə beynəlxalq dəstək yetərincə olmadı. Xatırlayırsınızsa, Kondaliza Rays belə bir ifadə işlətmişdi ki, Amerika altmış il diktatura rejimlərinə dəstək verdi ki, sabitlik olsun. Amma sonda nə sabitliyə nail olundu, nə demokratiyaya. Azərbaycan Avropa Şurasındakı rüşvətxor məmurlar başda olmaqla hazırkı iqtidara düz on ildir demokratiya adı altında dəstək verirlər. Indi artıq o dəstək verənlər də ifşa olunublar. Xarici diplomatlarla görüşümdə Azərbaycan iqtidarı ilə əməkdaşlıq edən diplomatları birbaşa hədəfə götürürəm. Hazırda dünyada elə situasiya yaranıb ki, xarici diplomatlar avtoritar rejimlərə dəstək verməkdən qorxurlar. Ona görə iqtidara bu istiqamətdə heç bir dəstək olmayacaq. Bu yaxınlarda türk əsilli amerikalı ekspert bildirdi ki, Azərbaycanda YAP öz namizədi ilə seçkiyə getməkdə qərarlı olduğunu bəyan etdikdən sonra ölkədə “Ərəb baharı”nın baş verə biləcəyinin ilk əlamətini büruzə verdilər. Liberal Partiya olaraq ölkədə “Ərəb baharı”nın baş verməsində maraqlı deyilik. Biz Azərbaycanda Misir, Liviyadakı olayların baş verməsini istəmirik. Çünki biz siyasətə xalqa xidmət etmək üçün gəlmişik. Hesab edirik ki, iqtidar və ya müxalifətdə olmağından asılı olmayaraq Azərbaycan övladının qanının tökülməsi xalqımızın xeyrinə deyil. Ona görə biz iqtidarı predmetli dialoqa çağırırıq. Azərbaycanın demokratiyaya keçidinin ən rahat yolu məhz budur. Amma bu iqtidar onu istəmir. Hakimiyyət hazırda təşviş içərisindədir. Hakimiyyət daxilindən sızan məlumatlardan açıq görünür ki, onlar ölkədə ciddi təlatümlərin baş verə biləcəyindən narahatdırlar və belə olan halda Azərbaycanı tərk etmək barədə düşünürlər.
Azad seçki uğrunda birgə mübarizə vacibdir
– Bir müddət sonra siyasi aktivliyin seçki ilə əlaqədar olaraq daha da artacağı gözlənilir. Müxalifət olaraq bir çox məsələlərdə əməkdaşlıq oluna bilər. Bunlar sırasında vahid namizədin müəyyənləşdirilməsi sonranın işi olsa da, hər halda ilkin mərhələdə seçki komissiyalarının formalaşdırılması, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizədə əməkdaşlıq mümkündür?
– Indidən vahid namizəd məsələsini müzakirə etmək su olmayan hovuzda, Olimpiya üzrə üzgüçülük yarışının keçirilməsinə bənzəyir. Əvvəlcə namizədlərin seçkilərin demokratik keçiriləcəyinə inamı olmalıdır ki, sonra həmin namizədlər öz aralarından vahid namizəd seçsinlər. Amma əgər hələ ki, hovuzda su yoxdursa, ədalətli seçki keçirilməsini təmin edən qanun yoxdursa, prezidentliyə iddialılar ilk növbədə o mühiti yaratmaq üçün məsuliyyəti öz çiyinlərinə götürməlidirlər. Əgər bu gün bir siyasətçi ölkənin başçısı olmağa iddia edirsə, deməli, o şəxs ilk növbədə ədalətli seçkilər mühitinin yaradılmasına çalışmalıdır. Bu istiqamətdə başqa namizədlərlə əməkdaşlıq etmək də vacib məsələdir. Prezidentliyə namizəd bütün xalqın prezidenti olmaq istəyirsə, deməli, keçmişdə olan bir çox narazılıqları kənara qoymalıdır. Əvvəlcə xalqın iradəsinin ifadəsi üçün şərait yaradılması naminə ziyalılarla, QHT-lərlə, gənclərlə, digər namizədlərlə sıx əməkdaşlıq etməlidir. Liberal Partiya müxalifətdaxili əməkdaşlığı ən optimal variant sayır. Əgər biz iqtidarı dialoqa çağırırıqsa, deməli, bu mühitə ən azı müxalifət daxilində uğurla nail olmalıyıq.
– Əvvəlki seçkilərdən fərqli olaraq Azərbaycan hakimiyyəti avtoritar siyasətini davam etdirmək üçün beynəlxalq dəstəyindən də məhrum olub. Söhbət hakimiyyətin Iran və Rusiya ilə əlaqələrinin kəskinləşməsindən gedir. Bu situasiya hakimiyyətə nə vəd edir?
– Əlbəttə, belə durum hakimiyyətə yaxşı heç nə vəd etmir. Amma Azərbaycan üçün də bu təhlükəlidir. Çünki, adətən, bu iqtidar Azərbaycan xalqının maraqlarını hakimiyyətdə qalmaq üçün müxtəlif dövlətlərə, beynəlxalq təşkilatlara güzəştə gedib. Necə ki, Qarabağ probleminin həlində xalqların öz müqəddəratını həll etmək prinsipinə razılıq verib. Biz bu situasiyadan hələ də çıxa bilmirik. Ona görə iqtidar başqa dövlətlərlə əməkdaşlıqla Azərbaycan xalqına zərbə vura bilər. Amma bu heç də o demək deyil ki, pessimist olmalıyıq. Azərbaycan xalqı Avropaya örnək ola biləcək Xalq Cümhuriyyətinin qurucusudur. Əminəm ki, Azərbaycan xalqı tezliklə demokratiyanın təntənəsinə bir daha nail olacaq.
Beynəlxalq aləm Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırdır
– Suriyada yaşanan son olaylar Əsəd rejiminin sayılı günlərinin qaldığını deməyə əsas verir. Yaxın Şərqdə hadisələr başlayan zaman demokratikləşmə dalğasının növbəti dayanacağının postsovet məkanı ola biləcəyi vurğulanırdı. Postsovet məkanında isə ilk dəyişikliklərin məhz Rusiya və Azərbaycanda olacağı qeyd olunur…
– Ardıcıllığı deyə bilmərəm. Amma Azərbaycan yaxın zamanlarda mütləq hakim rejimin dəyişəcəyi ölkələrdən biri olacaq. Amma bu iqtidar sağlam təfəkkürü itirməyibsə, iyirmi illik Azərbaycandakı hakimiyyətləri barəsində bir müsbət iz qoya bilərlər. Bu, hakimiyyətdən qansız, demokratik seçki vasitəsilə, təminat alaraq getməkdir. Bu, tarixə onların heç olmasa bu müsbət addımla düşmələrinə imkan verə bilər.
– Bir müddət əvvəl baş verən Quba hadisələri hakimiyyət yetkililərinin iddialarının əksinə olaraq xalqın etiraz potensialının olduğunu sübut etdi. Və əslində bu cür proqnozlaşdırılmayan olayların ölkədə hər an olayları dəyişə biləcəyini ortaya qoydu…
– Əslində xalqın etiraz potensialının olmadığı fikrində olanlar heç də sağlam təfəkkür sahibləri deyillər. Bu məntiq onların tarixdən xəbərsizliyindən, bu şəxslərin millətə bir obyekt kimi baxmalarından xəbər verir. Amma o adamlar unudurlar, 1987-ci ildə, ümumiyyətlə, Azərbaycan xalqının mübarizə potensialı termini yox idi. Qısa bir müddətdə Azərbaycan xalqı ayağa qalxaraq SSRI-nin ən mübariz xalqları sırasına qoşuldu. SSRI-nin taleyini Gürcüstan, Baltikyanı, Ukrayna və Azərbaycan xalqları həll etdi. SSRI-nin dağılmasında əsas rolu oynamış xalq, inşallah, bu iqtidarın dəyişməsində də öz gücünü ortaya qoyacaq. Biz Azərbaycanda dialoq inqilabının tərfədarıyıq. Dialoq üçünsə, bu iqtidar danışıq masası arxasında oturmalıdır.
– Azərbaycan “Eurovision” yarışması zamanı beynəlxalq aləmin diqqətinə gəldi. Məhz bu ərəfədə Azərbaycana qarşı beynəlxalq təzyiq də artdı. Avropa Birliyi hətta ölkəmizə qarşı sanksiyaların tətbiq oluna biləcəyini dilə gətirdi. Belə olan halda 2013-cü il ilə bağlı proqnozlarınız nədən ibarətdir?
– “Eurovision” Azərbaycan bayrağının, mədəniyyətinin təbliği üçün bir fürsət idi. Bu baxımdan biz buna dəyər veririk. Amma digər tərəfdən, heç də belə bir yarışı keçirən ölkəyə yaraşmazdı ki, siyasi dustaqları olsun. Siyasi məhbusların bir qismini bir ay sonra azad etməkdənsə, onları bir ay əvvəl azad etmək daha yaxşı olardı. Bəzən iqtidar irad tutur ki, niyə müxalifət o zaman aksiyalar keçirirdi. Əgər bir insanı boğurlarsa, bu insan kimə və harada etiraz etməlidir. Bu insan daha böyük insan kütləsinə etiraz etməlidir ki, səsi daha çox dövlətlərə çatsın. Burada günah iqtidarın siyasətindədir. Amma gələn il prezident seçkisində bütün dünyanın diqqəti Azərbaycana artacaq. Azərbaycan iqtidarının adı avtoritar rejimlər sırasında yer alıbsa, deməli, bundan əvvəl Azərbaycanın adının beynəlxalq gündəmə gəlməsi düşünülmüş addımlar idi. Artıq beynəlxalq ictimaiyyət Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırdır. Sadəcə iqtidar da buna hazır olmalıdır ki, Azərbaycanda dinc yolla hakimiyyət dəyişsin.
Xəyal