İlham Əliyev xilas ola bilmədi

 

Dövlət başçısına qarşı beynəlxalq hücumun «atəş xətti» çox yaxınlaşıb

 

İlham Əliyev haqqında Latviya mətbuatında yazıblar. Onun siyasətə gəlməzdən öncəki vərdişlərini Avropanın yeni sakinlərinə çatdırıblar. Latviya əhalisinə çatdırılan məlumatlar sırasına Azərbaycan rəhbərinin kazino aludəçiliyindən tutmuş, yaxın adamlarını türməyə atdırması, dəbdəbəyə sonsuz bağlılığına kimi bütün xarakterik xüsusiyyətləri və bu özəlliklərin ölkəmizin həyatına tempramental təsirləri də daxildir. Bir sözlə, Azərbaycan həqiqətlərindən yazıblar…

Təəccüb doğuran məqam odur ki, bu yazı Ilham Əliyevin Latviyaya səfərə başladığı gün işıq üzü görüb. Onun peşəkar olmayan siyasi keçmişi, demokratik olmayan bu günü və qaranlıq görünən sabahı barədə özünə xəbərdarlıq etmək janrında olan bu yazını, hətta bir dövlətin mövqeyi kimi də anlamaq çətindir. Ilham Əliyevin bu cür açıq tənqid olunmasında Latviya dövlətinin və mediasının marağı elə də qabarıq görünmür. Bizim diqqətimizi çəkən məqam da elə budur. Ilham Əliyevin bu cür dərindən araşdırılaraq tənqid olunmasına (əslində, ifşa olunmasına) nə ehtiyac vardı? Görünür ki, biz hadisələrə və proseslərə kompleks yanaşmaqla məsələyə aydınlıq gətirə bilərik.

“NABUCCO” xilas etmədi…

Azərbaycan hakimiyyəti son iki il ərzində ilk dəfə olaraq bir Qərb təmsilçisi ilə təbəssümlü ünsiyyətə nail oldu. ABŞ-la münasibətlər eyni gərginlikdə davam etsə də, göründü ki, Avropa Birliyi müəyyən kommunikasiyanın saxlanmasında maraqlıdır. Amma bu, heç də Ilham Əliyevə əvvəlki kimi “göz yummaq” hesabına təmin olunmayacaq.

Rusiya baş naziri və hakim partiyasının lideri Vladimir Putinin müqavimətlərinə baxmayaraq, “NABUCCO”nun reallaşmasına dair sənədə imza atmaqla Qərb Ilham Əliyevi Kremldən ayırmağı bacardı. Bu, Azərbaycanda avtoritarizmin müqavimətinin bir mərhələdə sınması demək idi. Amma Ilham Əliyev bunun ardından bir Avropa Birliyi ölkəsinə səfər edir və orada sərt tənqid olunur. Nədənsə, bu yazıda bir neçə gün öncə imzaladığı saziş xatırlanmır. Görünür ki, Ilham Əliyevə Barrozunun Bakıdaki nitqinin siyasi hissəsi daha açıq mətnlə xatırladılıb. Enerji resursları anlaşması var deyə, siyasi islahatların aparılmamasına, əksinə, tiraniyanın dəqiqləşməsinə göz yumulmayacağı mesajı çatdırılıb.

Qərb yeni iş rejimində

ABŞ dövlət katibi Hillari Klinton bir müddət əvvəl maraqlı bir açıqlama vermişdi. Ərəb ölkələrindəki despotlara terror təşkilatlarının varlığına görə göz yumulmayacağını demişdi. Tunisdə baş verənlər, buna bariz nümunədir. Xalqın iradəsi əsasdır. Azərbaycan hakimiyyəti də gərək bu olanlardan dərs götürsün. Ölkədə, dini-siyasi təhlükənin olmasını dünyaya göstərmək üçün təşkil olunan zorakılıq səhnəsi yalnız hakimiyyətin özünün sonluğu ilə pərdəni bağlayar. Artıq nə islamçıların, nə də terrorçuların mövcudluğundan bəhanə kimi istifadə edilməsinin mümkün olmayacağı da aydın oldu.

“Atəş xətti” yaxınlaşır

İlham Əliyev daha bir məsələ haqqında da fikirləşməlidir. Ramiz Mehdiyev də fikirləşsə, olar. Indi nə “Euronews”, nə də “The Washington Post” yazır. “Atəş xətti” yaxınlaşıb. Baltikyanı ölkələrdən “bombalanmaqda” olan hakimiyyəti kim xilas edəcək? Çəmbər daralmaqdadır. Ilham Əliyevin əl atdığı sonuncu saman çöpləri də işə yaramadı, məntiqli olaraq. Fikirləşin, hamınız fikirləşin, lap Əli Həsənov da fikirləşsin, siz bu əməllərinizin nəticələrinə hazırsınızmı?

Seymur Həzi