ABŞ İranın Suriya diktatoru üçün partizanlar hazırladığını açıqladı
Suriyada vətəndaş müharibəsi davam edir. Hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər Hələbdə olduğu kimi, Dəməşqdə də şiddətlənib. Paytaxtda Müdafiə Nazirliyinin binası qarşısında partlayış törədilib. Partlayışda 3 nəfər yaralanıb. Partlayışdan BMT nümayəndələrinin qaldığı otel binası da zərər çəkib.
Bundan başqa, səhər saatlarında Dəməşqin Əməviyyə meydanı yaxınlığındakı Hərbi Hava Qüvvələrinə məxsus olan Hava Nəzarət məntəqəsi qarşısında da partlayış qeydə alınıb. Hücumu müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusu öz üzərinə götürüb.
Fransanın “TV-5″ telekanalının məlumatına görə, üsyançılar Bəşər Əsədin Dəməşqdəki prezident sarayına doğru irəliləyib. Müxaliflər prezident sarayını mühasirəyə alıblar. Hökumət qüvvələri müxaliflərin irəliləməsinin qarşısını almaq üçün onları top və raketlərdən atəşə tutub. Hökumət qüvvələri ondan çox müxalifətçini öldürüb. Saray ətrafında döyüşlər davam edir.
ABŞ-ın müdafiə naziri Leon Panetta Iranı Əsəd rejiminə dəstək verməkdə ittiham edib. Onun sözlərinə görə, Tehran rejimi Bəşər Əsəd üçün hərbçilər hazırlayır. Həmin döyüşçülərdən müxaliflərə qarşı hücumlarda istifadə olunur. Pentaqon rəhbəri deyib ki, Iranın bu cəhdlərinin devrilməkdə olan bir rejimi dəstəkləməkdən və insan ölümlərini artırmaqdan başqa mənası olmayacaq.