“Bir tərəfdən mətbuatı sıxışdırır, o biri tərəfdən pul qazanırlar”
“Qasid” Yayım Firması ilə “Azadlıq” qəzeti arasında yaranmış problem hələ də həllini tapmayıb. Bir neçə aydır ki, firma qəzetə olan borcunu ödəyə bilmir və bunu maliyyə problemlərinin olması ilə izah edir. Qeyri-rəsmi məlumatlara görə, yaxın vaxtlarda firma müflis olduğunu bəyan edəcək və fəaliyyətini birdəfəlik dayandıracaq.
“Qasid”in qəzet yayımı sahəsində əsas qüvvə olduğunu və yeni köşklərin qəzet satışında maraqlı olmadığını nəzərə alsaq, müstəqil mətbuatı nələrin gözlədiyini təsəvvür etmək çətin deyil.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev “Qasid”in sıxışdırılmasının təsadüf olmadığını deyir: “Qasid”i sıxışdırıb, yerinə yeni köşkləri yerləşdirirlər. Bu köşklərdən də mümkün qədər öz şəxsi maraqları üçün istifadə edirlər. Yeni köşkləri əhalinin sıx olduğu yerlərə qoyublar və onlardan sırf dükan kimi istifadə olunur. Bu köşklər qəzet satışında qətiyyən maraqlı deyillər. Beləliklə, bu məsələyə məsul olan şəxslər baş verənləri ölkə rəhbərliyinə mətbuatın çökdürülməsi kimi təqdim edirlər, o biri tərəfdən də şəxsi maraqlarını güdüb pul qazanırlar. Biz bilirik ki, onlar gündəlik nə qədər qazanc əldə edirlər. Ortada böyük bir şəbəkə var və orada böyük pullar dövr eləyir. Bu, ilə bir neçə milyon manat gəlir deməkdir”.
M.Əliyevin fikrincə, problemi həll etmək üçün ilk növbədə onun kökünü araşdırmaq lazımdır: “Bir tərəfdən qəzetlər öz vəsaitlərini itirirlər, digər tərəfdən oxucular qəzet əldə edə bilmirlər. Bu cinayətkar bir şəbəkədir. Baş verənlər hər hansı qanun və ya qərarla tənzimlənmir. Qaranlıqda söküb aparırlar, yerinə başqasını qoyurlar, öz şəbəkələrini genişləndirirlər”.