Balaca yaramazlardan böyüklərə şikayət

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Dustaqların sayı artdıqca, əl-üz yuyandakı çirkli su bizim barakın divarının o tərəfi ilə həddən artıq məhrəm münasibət yaradırdı. Bir də fərqinə vardım ki, bizim barakın içəri tərəfinə xoşagəlməz iy təmas edir. Bu müddətdə mən orta sıradan divarın dibindəki sıraya köçmüşdüm. Ona görə köçmüşdüm ki, kupe yoldaşım Hüseynin “idxalat və ixracat problemləri” yaranmışdı. Gah qəbiz olurdu, gah ishal. Hüseyn pəhləvan kimi oğlan idi, amma hansısa xəstəlik onu yaxalamışdı və o bəlğəmini də durdura bilmirdi. Bir neçə dəfə müşahidə eləmişdim ki, Hüseyn kupeyə tüpürür və ayağı ilə tüpürcəyinin beton döşəmə üzərinə yapışan qalıqlarını yayıb izini itirməyə çalışır. Ona bir neçə dəfə möhkəm xəbərdarlıq elədim ki, belə iyrənc hərəkətlər eləməsin, amma adam öz tüpürmək azadlığını güzəştə getmək istəmədi.
“Idxalat-ixracat problemləri” də onunla narahatlıq yaradırdı ki, bir gecədə on dəfə qalxır, tualetə gedir və hər dəfə də gedib-gələndə öskürür, asqırır, fınxırır, bir sözlə, insan orqanizminin ifadə edə biləcəyi bütün qeyri-ictimai səsləri çıxarırdı. Buna görə də günün birində Hüseynə elan etdim ki, “mən səni boykot edirəm” və üzbəüz sıraya keçdim. Amma burada da bəxtim gətirmədi, çünki lənətlənmiş divar qulağımın və burnumun qabağında ucalırdı. Həm də sözün həqiqi mənasında ucalırdı. Barakın hündürlüyü 7 metrdən az deyildi. Axı, burası yataqxana yox, istehsalat sexi kimi nəzərdə tutulub tikilmişdi.
Bu bir topa səbəbə görə mən o biri baraka yığışmalı oldum. Normalda bütün dustaqlar üçün bu barakdan o baraka və ya əksinə yerdəyişmə adi bir şey idi. Amma mənim yataq yerimin dəyişməsi siyasi məsələ olduğuna görə müdiriyyətdən icazə almaq lazım gəlirdi. Bu zaman bizə yeni, sıra sayı etibarilə üçüncü dəstə rəhbəri təyin etmişdilər və bu gənc mayor deyirdi ki, “it olaram, qurd olaram, sənin o biri baraka göçməyinə razılıq verə bilmərəm”. Mən də onun özünü bu qədər heyvanatla müqayisə etməsinə dözmədiyimdən, bu siyasi məsələni rəhbərliklə həll etdim. Hər iki barak bir-birinin eyni idi. Eni-uzunu bərabər idi. Amma yeni keçdiyim barakda pəncərələrin bir cütü artıq olduğundan havası daha sərin (qışda daha soyuq) və daha təmiz olurdu. Bu barak tualetlə qonşu deyildi. Orada, həyətin o başında tualetlə yanaşı, hamamın (lənətə gələsən, hamamda da altı dənə duş vardı), daha sonra isə mətbəxin olduğunu qeyd etmişdim. Bu mətbəx “zon”da ən maraqlı yer idi. Təkcə ona görə yox ki, burada daim yemək bişirilirdi, həm də ona görə ki, burada hər gün bir yeni mübahisə düşərdi və arabir bu mübahisələr əlbəyaxa davaya da çevrilərdi. Bu mübahisə və davalar ən xırda məsələlər üstündə olardı. Məsələn, kimsə kiminsə elektrik sobasını icazəsiz götürüb, kimisə bir başqası kartof oğurlamaqda ittiham edib, boşqabı götürüb vaxtında yerinə qoymayıb və s. (Ciddi məsələlər üstündə mübahisə və dava düşməz, onlar “razborka”ya qoyular).
Hər iki barakın enli və hündür, dəmir giriş darvazalarının (onlar “qapı” adlanmaq hüququndan bir neçə dəfə böyük idilər) ağzında, sağ tərəfdə, döşəmədən 3-4 metr hündürlükdə divara televizor bərkidilib və bura “televizyonka” adlanır. Televizorun qarşısına uzun taxta skamyalar və qapının düz ağzında da bir ütü stolu qoyulub. “Televizyonka” ilə “mujik”lərin çarpayılarının başlandığı yerin arasındakı boşluqda bir cüt ikimərtəbəli çarpayı qoyulub və bu çarpayılar baraka doğru hissədə odeyalla ayrılıb. Burası üzdəniraqların kupesidir. Korpusda onlar üçün əlahiddə yer olmadığından onlar barakda özlərinə belə “taynik” düzəldib yaşamağa məcburdurlar. Üzdəniraqlarla paralel, qapının bu biri tərəfində ayaqqabılar üçün rəflər qoyulub. Biz korpusa gələndə ayaqqabı rəfləri boş idi. Amma bir neçə aydan sonra azadlığa çıxanların atıb getdiyi ayaqqabıların əlindən tərpənmək olmurdu. Və hər iki-üç aydan bir rejim müfəttişləri gəlib artıq ayaqqabıların buradan rədd edilməsini tapşırardılar…
O biri barak da bu barakla eyni simmetriyanı bölüşürdü.
Həyət yataqxana tikilisinin uzununda və 13,5 metr enində idi. Həyətdə bizim korpusun ön və bizdən qabaqdakı korpusun arxa divarları boyunca bir neçə imkanlı “ailə”nin vəsaiti hesabına düzəldilən dəmir stollar və kürsülər bərkidilmişdi. Həyətə giriş qapısının ağzında həm də voleybol meydançası adlandırılaraq hüdudları ağ əhənglə rənglənmiş oyun sahəsi vardı. Həyətin bu biri başında – tualetin, hamamın və mətbəxin üstündə dustaqların şəxsi təsərrüfat hesabına hazırladıqları yeməklərin qəbulu üçün nəzərdə tutulan yeməkxana adlanan zal yerləşirdi. Bu zalın eni 3,5, uzunu isə 13,5 metr idi. (Mən oradakı bütün ölçüləri addımlayaraq dəqiqləşdirmişdim, amma məsuliyyət dərəcəsini dəqiq santimetrlər üzrə bölüşməyə də bilərəm). Bu yeməkxana həm də televiziya otağı idi, domino-nərd otağı idi, çifir otağı idi, ehsan və ya ad günlərinin, azadlığa çıxanların qonaqlıq otağı idi, planlaşdırılan dava-dalaş otağı idi… Planlaşdırılmayan dava-dalaş harda olsa, düşə bilər, amma plan üzrə olanda buraya təyin edilirdi. Beləliklə, bizim korpusun kasıb həndəsi ölçüləri bundan ibarətdir. Bu yığcam ərazidə 160, bəzən isə daha artıq nəfərin mövcudluğu davam edirdi.
Yeni baraka köçəndə də baş tərəfə köçdüm. Əslində, küncə köçə bilərdim. Normal “qara zon”da künc kupelər diribaş (“blatnoy”) dustaqların yeri sayılır. Amma bizdə rəng məsələsində dolaşıqlıq olduğuna görə və müdiriyyət israrla öz “kozyol”larını künc kupelərə yerləşdirməklə, küncləri şübhəli vəziyyətə salmışdı. Buna görə də mən “uqlovoy kupe”yə getmək kimi bir fikrə düşmədim. Orta sırada baş tərəfdəki kupe! O biri barakda da həmin yerdə idim. Bu baraka köçəndə kupedəki Ordubadlı Rövşən adlı dustağın olduğunu nəzərə aldım. Rövşən yazı-pozuya meylli adam idi. “Kəngərli” adlı firması və bu adla da çıxan bir qəzeti varmış. 178-in (dələduzluq) sonrakı bəndləri ilə ittiham edilərək 6 il yarım iş almışdı. Bu, onun birinci dustaqlığı da deyildi. Eyni mülahizə ilə bir dəfə də həbsdə yatmağa “razılıq vermişdi”. Sosial mənşəyi etibarilə (yəni, yazı-pozu işini nəzərə alsaq) fərqli kontingent sayıla bilərdi. Amma o, yerli rəhbərlikdən yuxarı rəhbərliyə ərizələr yazmaqla məşğul idi. Buna görə də yerli rəhbərlik onun buradakı mövcudluğuna ehtiyatlı münasibət göstərirdi. Mənim bu kupeyə yerləşməyim müdiriyyətin işinə yaradı: Rövşəni inandıra bildim ki, balaca yaramazlardan böyük yaramazlara şikayət etmək yaxşı hal deyil: “Sən yazırsan, yuxarıdakılar gəlib səninlə bir-iki kəlmə kəsirlər, sonra da buradakılardan rüşvət alıb gedirlər. Beləliklə, sən daha böyük yaramazların əlavə pul qazanmasına yardımçı olursan, bu işin təşkilatçısına çevrilirsən. Amma daha yazmasan belə, artıq sənin burada sakit və imtiyazlı mövcudluğun üçün şəraiti yaradırlar. Buna görə də qələmini durdur və avara-avara işlərlə məşğul olma!”
Insafən, Rövşən mənim bu təkidli məsləhətimdən sonra əlinə qələm almadı. O, məndən 10-15 yaş balaca olduğunu da nəzərə aldı, yəqin. Bu şərtdən sonra onunla bir kuredə yerləşməyə razılıq verdim…

ardı var