Binə qəsəbəsindəki “Binə” Ticarət Mərkəzinin yaxınlığında yaşayan sakinlər bazardan şikayətçidir. Daha doğrusu, bazarın arxasında salınan “piştaxta bazarı” adlanan yer sakinlərin yolunu bağlayıb. Ötən gün sözügedən ünvana baş çəkib problemlə maraqlandıq. Bu “piştaxta bazarı” üç ildir ki, fəaliyyət göstərir. Və buranın “Binə” bazarına dəxli yoxdur.
Sakinlər deyirlər ki, piştaxta olan hissə onların yolu üstündə tikilib: “Üç-dörd ildir ki, bu bazar salınıb. Ancaq 2003-cü ildə beş-altı dənə ”polka” vardı. Onda biz heç nə demirdik. Düşünürdük ki, çörəkpulu qazanırlar. Illər getdikcə “polka”ların sayı artmağa başladı. Indi yolumuzu kəsiblər. Heç bir hərəkət etmək olmur. Piyada yolu var, ancaq maşınla hərəkət etmək olmur. Kənardan baxanda elə bil ki, “polka”lar bazarındır. Ancaq araşdıranda görərlər ki, bura təzə salınıb”.
Sakinlər deyirlər ki, piştaxta yaradılandan bəri əraziyə su maşınları daxil ola bilmir: “Kimsə evinə su gətizdirmək istəyərsə, bu, mümkün deyil. Yol bağlanıb. Sabah, Allah eləməmiş, burada bir qəza baş versə, yağınsöndürən maşınlar içəri daxil ola bilməz. Uşaqlar küçəyə çıxa bilmirlər, çünki qapıdan çıxan kimi bazardı. Bazarda alver edənlər söyüş söyürlər, evdə oturmaq olmur. Heç kimin də ağzını yummaq mümkün deyil”.
Bizimlə söhbət edən binəlilər onu da bildirdilər ki, problemlə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, ancaq heç bir nəticəsi olmayıb. Sakinlər onu da söylədilər ki, “piştaxta bazarı”na əslən Füzuli rayonundan olan məcburi köçkün Mürsəl başçılıq edir: “Mürsəl oğlanlarıyla bu piştaxtaları tikdirib, kirayəyə verir. Burada yer götürənlər aya 80 manat Mürsələ, 20 manat da sahə müvəkkilinə verirlər. Bir neçə dəfə “Binə” bazarının rəhbərliyi piştaxtaları sökmək istəsə də, nəticə əldə edə bilməyib”.
“Binə” bazarı isə sakinlərin evlərindən xeyli aralıdır. Yəni, camaatın gediş-gəlişinə heç bir maneçilik törətmir. Ancaq piştaxtalarla evlərin arasında məsəfə cəmi 2-3 metrdir.
Piştaxtaların arxası 101 nömrəli peşə məktəbi və onun yataqxanasıdır. Yataqxanada vəziyyət dözülməzdir. Axşamlar alver qurtarandan sonra tullantılar bura atılır ki, nəticədə də ərazini üfunət qoxusu bürüyür. Sanitar qaydalara qətiyyən əməl olunmur. Ən pisi budur ki, ərazini təmizləyən də yoxdur.
Bütün bu məsələlərlə bağlı sakinlərin adını çəkdiyi Mürsəl müəllimi bazarda çox axtarsaq da, tapa bilmədik…
Ramin DEKO