Polisdəki ölümlə bağlı qalmaqal böyüyür

 

Elvin Əsgərovun valideynləri övladlarının kriminal aləmlə bağlı olması ittihamını rədd edirlər

 

31 yaşlı Elvin Əsgərovun ölümü gündəmin əsas mövzusu olduğu üçün “Azadlıq” qəzeti araşdırmalarını davam etdirir. Yanvarın 13-də baş verən olay zamanı E.Əsgərovun 6 saylı Təcili Tibbi Yardım Stansiyasının (TTYS) həyətində döyüldüyünü də yazmışdıq. Etibarlı qaynağın verdiyi məlumatda qeyd edilirdi ki, olay zamanı TTYS-in iki əməkdaşı bayılıb: “Elvinin döyülməsinə dözə bilməyən xanımlar 102 xidmətinə zəng etsələr də heç bir nəticəsi olmayıb”.

Dünən adıçəkilən ünvana baş çəkdim. Olayı videoya çəkənlər artıq ortalıqda yoxdular. Bunu TTYS-in yaxınlığında yaşayan sakinlər dedi. Onlardan biri məsləhət verməyi də unutmadı: “Bala, nəyinə gərəkdir. Hadisə olub, qurtarıb. Ölən də ölüb, gedib. Başına iş açma”.

TTYS-in yaxınlığında məcburi köçkünlərin sığındığı binaya üz tutdum. Orada da hadisə barədə məlumatsız olduqlarını bildirdilər. Amma hiss etdim ki, hadisənin təfərrüatlarına qədər bilsələr də nədənsə, danışmaqdan çəkindilər. Bir neçə cəhddən sonra məlumat toplaya bildim. Adının çəkilməsini istəməyən şəxs deyir ki, hadisə yerinə Elvinin səsinə gəlib: “Onu elə döyürdülər ki, səsi bütün aləmi bürümüşdü. Ətrafda xeyli adam vardı. Amma hamısı tamaşa edirdi. Bir-iki nəfər isə telefonuyla çəkirdi. Aradan bir xeyli keçəndən sonra kimsə onlara yaxınlaşıb çəkdiklərini pozmağı əmr verdi”. Olayın çox qorxunc olduğunu söyləyən müsahibim indiyə qədər hətta kinolarda belə bu cür mənzərələrin şahidi olmadığını deyir.

Başqa bir sakin isə bildirir ki, ətrafda yaşayanlar yanvarın 13-dəki hadisənin şahidi olub. Bu müsahibim də olay zamanı TTYS-də kimlərinsə qışqırıq səslərinin gəldiyini deyir.

TTYS-də suallarıma cavab verən olmadı. 6 saylı TTYS-in müdiri kimi özünü qələmə verən xanım suallara Bakıxanov qəsəbəsində cavab ala biləcəyimi dedi.

Kriminal aləmdə “Vosmoyski…”

Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Çevik Polis Alayının rəisi Səhlab Bağırov və Nizami Rayon Polis Idarəsi 24-cü polis bölməsinin rəisi Lətif Cahangirovla görüşüb.

APA-ya açıqlamasında hüquq müdafiəçisi Elvin Əsgərovla bağlı araşdırma aparmaq üçün görüşdüyünü deyib: “Səhlab Bağırov mənə bildirdi ki, həmin gün səkkiz nəfər restoranda yeyib-içdikdən sonra sərxoş vəziyyətdə küçədə dava salıb. Bu zaman ərazidə olan polis əməkdaşları onlara yaxınlaşaraq bölməyə aparmağa çalışıb. Lakin Elvin Əsgərov əlində olan kustar üsulla hazırlanan bıçaqla polis əməkdaşlarına xəsarət yetirib. Onun bıçaqladığı polis əməkdaşları isə nazirliyin xəstəxanasında müalicə olunurlar. Döş qəfəsindən bıçaqlanan şəxsin vəziyyəti isə kafidir”.

Hüquq müdafiəçisi məsələyə aydınlıq gətirmək üçün 24-cü polis bölməsinin rəisi Lətif Cahangirovla da görüşdüyünü deyib: “Mənə oradakı kameranı göstərdilər. Həmin kameraya birbaşa 102 xidməti nəzarət edir. Mən müstəntiq deyiləm, lakin hesab edirəm ki, Elvini bölmədə yox, küçədə döyüblər. Çünki bölmədə mənə bildirdilər ki, o gətiriləndə ağzından və burnundan qan axırdı. Huşu özündə olmayıb. Buna görə də təcili yardım çağırıblar. Xəstəxanada isə kəllə-beyin travmasından ölüb”.

E.Behbudov ölən şəxsin kimliyini araşdırdığını da söyləyib: “Elvin Əsgərov kriminal aləmdə tanınmış şəxs olub. O, ”vosmoyski” ləqəbi ilə tanınıb. Hətta əvvəllər də polisə müqavimət göstərdiyi üçün həbsdə olub”.

E.Əsgərovun anası Roza Rəfiyeva isə oğlunun kriminal aləmlə heç bir əlaqəsi olmadığını deyir və məhbəs həyatı yaşamadığını bildirib: “Sadəcə 6 ay öncə polislə kiçik qarşıdurması olub. Indi onun haqqında yalandən şayiələr uydururlar. Heç kim oğlumu məndən yaxşı tanıya bilməz. Kriminal aləm söz-söhbəti tamamilə yalandır”.

Ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?..

Ötən gün 24-cü polis bölməsinin rəis müavini Rasim Əmirov “Azadlıq”a açıqlamasında onun haqqında deyilənlərin böhtan olduğunu bildirib və qeyd edib ki, Elvin bölmədə 10-15 dəqiqə qalıb. Vəziyyəti ağır olduğu üçün onu xəstəxanaya aparıblar”.

Yəni polis rəisi Elvinin polis bölməsində, o cümlədən TTYS-in həyətində döyülməsini inkar edir.

Birincisi. Elvin dostları ilə “Neon Palace” restoranından axşam saat 23 radələrində çıxıb. Sabunçu 3 saylı klinik xəstəxanasına isə gecə saat 3 radələrində çatıb. Adi məntiq isə arada üç saatın hara getdiyini soruşur. R.Əmirov iddia edir ki, Elvin polis bölməsində 10-15 dəqiqə olub. Restorandan 24-cü polis bölməsinə maksimum 10 dəqiqə yoldur. Tutaq ki, Elvinin polislərlə restoranın qarşısında mübahisəsi də 30 dəqiqədir. Yenə məntiq deyir ki, 1 saat 30 dəqiqə yoxa çıxıb.

Ikincisi. Hüquq müdafiəçisi hadisə zamanı Elvinin özündən başqa yeddi nəfərlə restorandan çıxdığını deyir. Bütün araşdırmalarda hadisədə 3, ya da 5 nəfərin olduğu qeyd edilir. Səkkiz hardan oldu?

Məsələnin başqa bir tərəfi hüquq müdafiəçisinin “Elvinin bıçaqladığı polis əməkdaşları nazirliyin xəstəxanasında müalicə olunurlar. Döş qəfəsindən bıçaqlanan şəxsin vəziyyəti isə kafidir” deməsidir. Halbuki olaydan iki gün sonra elə hökumətə yaxın olan KIV-də polis əməkdaşlarının hospitaldan çıxdıqları məlumatı yayılmışdı. Bax, bu sual da cavab tələb edir.

Mövzunu diqqətdə saxlayacağıq…

Ramin DEKO