Doğrusunu desəm, məni bu son günlərdə olimpiadadan-filandan daha çox qəzetlərin taleyi düşündürüb. Bu məsələ ilə bağlı soruşduğum adamlar heç bir şey bilmir, hamı çiynini çəkir. Hökuməti başa düşmək mümkündür. Hamı bilir ki, bazarda yalnız müxalifətyönümlü qəzetlər söz sahibi idi, digərləri ilə heç maraqlanan yox idi. Ona görə də hökumətin əlinə gözəl fürsət düşüb və o, məsələyə aydınlıq gətirmək üçün tələsmir.
Bu məsələ ilə bağlı da bir neçə dəfə yazmışam. Bir daha deyirəm ki, ölkədə qəzet bumunun keçdiyini gözəl başa düşürəm, indi zaman başqadı. Lakin dünyanın ən elektronlaşmış ölkələri belə kağız mətbuatla vidalaşmayıb, o ölkələrdə qəzetlər nəinki hələ yaşayır, hətta öz populyarlığını da saxlayır. Bizə nə olub? Doğrudanmı, belə uzağa getmişik? Hər halda, mən suala cavab tapa bilmirəm və düşünmürəm ki, hətta media ekspertlərinin bu suala cavabı var. Bir neçə on ildən sonra nə baş verəcəyi məni o qədər də maraqlandırmır. Bəlkə də kağız mətbuat da nano-qəzetlərlə əvəz olunacaq. Bilmirəm. Amma onu bilirəm ki, indidən bu məsələni sürətləndirmək sünilikdən başqa bir şey deyil. Bir dəfə yazmışam ki, kino çıxanda düşündülər ki, artıq teatr bitib. Amma teatr hələ də yaşayır və düşündürür. Qəzetlər də belədir. Ola bilsin, bir neçə on ildən sonra onun forması dəyişəcək, internet hər şeyi zəbt edəcək, amma bu halda da qəzetlə faciəli bir şey baş verməyəcək. Indinin özündə dünyanın bütün ölkələrində internetə böyük reklam axını var və həmin bu reklamlar da jurnalistləri tam dolandırmaq iqtidarındadır. Azərbaycanda normal reklam bazarı yaranmadı, daha doğrusu, buna imkan vermədilər. Bunun əvəzində isə mətbuata dövlət yardımı meydana çıxdı. Amma bundansa normal reklam bazarı olsaydı daha yaxşı olardı. Televiziyanın da rolunu çox şişirdirlər. Hətta televiziyanın özü də informasiya fəzasını tam tutmaq iqtidarında deyil, xeyli boşluqlar qalır və təbii ki, bu boşluqların bəzisi televiziyanın ətrafında indi qurulmuş çərçivə və məhdudiyyətlərin nəticəsidir. Beləliklə, bir-iki cümlə ilə ölkənin mətbuat sferasında yaranmış problemləri tükəndirə bildik. Amma onların real həllini tapmaq və özü də tezliklə tapmaq hökumətin işidir.
Hamı üçün Olimpiada bitdi, bizim üçünsə davam edir…
Bəli, hamı üçün olimpiada bitdi, amma bizim üçün ən azı bir il davam edəcək.
Hətta olimpiadanın bayrağını da növbəti tədbir sahiblərinə – Braziliya əhlinə verdilər. Amma bizim “reportajlar” davam edir. Idmançılarla birgə I.Əliyev də tez-tez ekranlarda görünür. Desəm ki, mən olimpiadanı izləmirdim, heç doğru olmaz, izləyirdim, hətta azarkeşlik edirdim. Amma daha çox arzu edir və dua edirdim ki, bizim legionerlər – Azərbaycan bayrağı altında çıxış edən xarici idmançılar deyil, öz yerli idmançılarımız qalib gəlsin. Düzdür, idmanın özü böyük siyasətə çevrilib və mən də bunu anlamağa çalışıram. Amma sizi bilmirəm, məni bir detal o qədər də xoşlandırmırdı. Məsələn, ABŞ-ı götürək.
Bu, çox spesifik mühacir ölkəsidir. Amma mən görəndə ki, hətta ABŞ xətti ilə də çinli idmançı qalib olur, bunu ABŞ-ın adına deyil, Çinin adına qəbul edirdim. Bunu millətçilik kimi qəbul etməyin. Bir daha deyirəm ki, idmanda belə hallar indi çoxdur. Bir də görürsən ki, hansısa Avropa komandasının üzvlərinin əksəriyyəti qara dərili idmançılardır. Amma mən idmanda hər bir millətin öz oyununu görmək istəyirəm, azacıq “etnik idman”ın tərəfdarıyam və hesab edirəm ki, millətlər hələ də tarix səhnəsindən silinməyiblər. Elə bu səbəbdən onların hər birinin nəyə qadir olduğunu görmək xoşdur. Bəli, onu da başa düşürəm ki, millət anlayışı indi fərqli məzmun kəsb edir, dövlət, ya vətəndaş milləti indi daha çox qəbul olunur. Bunları gözəl dərk edirəm.
Vaxtilə bu haqda o qədər yazmışam ki… Amma buna baxmayaraq idmanda, sənətdə hər bir etnosun öz dəsti-xəttini görmək istəyirəm. Mənə elə gəlir ki, hər bir etnos, etnik qrup Allahın yaratdığı bir möcüzədir. Nədən bu möcüzə itsin və yaxud da nəyinsə içində ərisin? Mənə elə gəlir ki, buna yol vermək olmaz. Ona görə də öz idmanımızı yaratmalı və dirçəltməliyik…

İki siyasi etüd
•