“Azərbaycan, başın sağ olsun!” yazılmış maşınlar və köməyə gələn insanları polis geri qaytarır
İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələnın vurduğu zərərin məbləği açıqlanıb. İlkin hesablamalara görə, avqustun 11-də baş verən zəlzələnin vurduğu ziyan 650 milyon ABŞ dolları təşkil edir. Şərqi Azərbaycan əyalətinin qubernatorunun müavini Məhəmməd Əşrəf bildirib ki, bu məbləğin arta biləcəyi istisna olunmur. Əşrəfin sözlərinə görə, İranın Şərqi Azərbaycan əyalətində zəlzələ nəticəsində 307 kəndə ziyan dəyib, zəlzələ zonasının 4 şəhərində isə binalar çatlayıb.
Təbii fəlakət nəticəsində isə 155 min insan nəfər zərər çəkib. Şərqi Azərbaycan vilayətinin Qızıl Aypara Cəmiyyətinin yaydığı açıqlamada bildirilir ki, bölgədə meydana gələn son zəlzələdə Əhər, Vərzigan, Heris və Təbrizə bağlı 180 kəndə ziyan dəyib:“Hazırda 50415 nəfər təhlükəsiz yerlərdə məskunlaşdırılıb, 2606 nəfər xilas edilib, yaralı vəziyyətdə xilas edilən 1226 nəfər isə müalicə olunur”.
Zəlzələ ilə yanaşı Tehran rejiminin zərərçəkmişlərə diqqətsizliyi də gündəmdədir. İranın paytaxtı Tehranda yaşayan azərbaycanlı fəal Əlirza Fərşi “Amerikanın Səsi”nə müsahibədə bildirib ki, hökumət zəlzələdən əziyyət çəkən Azərbaycan türklərinə lazım olan qayğını göstərmir və zəlzələ qurbanları haqda həqiqi statistikanı açıqlamır. Onun sözlərinə görə, üzərilərində “Azərbaycan, başın sağ olsun!” yazılmış maşınlar və bu maşınlarda yardım göstərməyə gələn insanlar polis tərəfindən geri qaytarılır.
Paytaxt Tehranda zəlzələ haqda çox az məlumatın olduğunu deyən Fərşi İran rəsmilərini zəlzələ haqda informasiyanı boğmaqda ittiham edir. Onun sözlərinə görə, rəsmilər nəinki soyuqdan və aclıqdan əziyyət çəkən insanlara lazımi yardım göstərmir, əksinə bu işi görməyə çalışan insanlara əngəl törədir. Əlirza Fərşi Azərbaycan türklərinin fərdi qaydada yardım fondu təsis etdiklərini və zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səyləri öz əllərinə aldıqlarını deyir.
Zəlzələnin baş verdiyi əraziləri təmsil edən deputatlar insanların müvəqqəti yaşaması üçün çadırların çatışmamasından şikayət edirlər. Deputat Əli Laricaninin sözlərinı görə, böhranla bağlı yaradılmış qərargah narahatlıqları azaltmaq üçün geniş tədbirlər görməlidir. Axtarış-xilasetmə işlərinin dayandırılması da sakinlərin ciddi narazılığına səbəb olub. Bəzi sakinlər rəsmi qurumların ucqar kəndlərdə axtarış aparmasına şübhə ilə yanaşdıqlarını bildiriblər.
Təbriz sakinlərindən biri “Reuters”ə zəlzələ baş verən ərazilərin dağlıq bölgələr olduğunu və oralara texnikanın çətinliklə çatdırıldığını deyib:“Mən bu yerləri yaxşı tanıyıram. Bəzi rayonların elə kəndləri var ki, heç maşınla da ora çatmaq mümkün deyil. Belə qısa zamanda bu işi başa çatdırmaq alınan iş deyil”. “Asr” qəzeti isə yazıb ki, yeraltı təkandan 24 saat sonra belə bəzi kəndlərə kömək etmək üçün hələ əmr verilməmişdi. Əksər kəndlər dağılsa da hələ də ora bircə çadır göndərilməyib. Bəzi kəndlərə isə Zəlzələ Komissiyası heç getməyib.
Bu arada İran zəlzələ qurbanlarına xarici yardımları qəbul etməyə hazır olduğunu bildirib. İranın dövlət İRNA xəbər agentliyi vitse-prezident Məhəmməd Reza Rəhimiyə istinadən bildirib ki, İran xaricin təklif etdiyi yardımları qəbul edəcək. Bundan əvvəl İran ABŞ, Almaniya, Rusiya, Türkiyə və digər ölkələrin yardım təkliflərini rədd etmişdi. İranın Qırmızı Aypara Cəmiyyəti faləkətin fəsadlarını aradan qaldırmaq imkanına malik olduğunu və xaricdən gələn yardıma ehtiyacı olmadığını bildirmişdi.
ABŞ Milli Zəlzələ İnformasiya Mərkəzinin geofiziki Paul Karuso Şərqi Azərbaycanında baş vermiş zəlzələ barədə “Amerikanın Səsi” radiosuna açıqlamasında deyib ki, pis infrastruktur zəlzələ qurbanlarının sayını artırır tikinti:“O yerlərdə ki, tikinti tələblərinə kodlarına əməl olunmur, palçıqdan evlər tikilir oralarda insan itkisi qat-qat çox olur”.