Sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayevanın Somaliyə getməsi eninə-uzununa müzakirə olunur. Bu isti yay günlərində sanki hər kəs münasibətini bildirmək üçün “yağlı” bir mövzu tapıb: əksəriyyət Qənirə xanımı qınamaqla, bəzən təhqir səviyyəsində aşağılamaqla məşğuldur.
Bir insanın aclıq, səfalət bölgəsində çırpınan müsəlman bacı-qardaşlarının köməyinə getməsi soydaşlarını niyə qəzəbləndirməlidir? Ələlxüsus, bu təşəbbüs adamın içindən gəlirsə və o, aclıq çəkən dindaşların yanında mənəvi rahatlıq tapacağını düşünəcək səviyyədə qəlb sahibidirsə, niyə qınanmalıdır?
Əlbəttə ki, bunun ictimai səbəbi var: Artıq günlərdir ki, Xutorda “yolun genişləndirilməsi” əsas gətirilərək, insanların evləri başına yıxılır: az qala, hər gün Xutor sakinləri yolu bağlayırlar, etiraz edirlər, zorla küçələrə atılmalarından doğan fəryadları ərşə bülənd olub. Çünki evləri sökülənlərə veriləcək kompensasiyanı yeməyə girişən məmurlar minlərlə insanın taleyilə oynayırlar: elə ailələr var ki, evlərinin həyətdə yerləşən hamam-tualeti “söküntü dairəsinə” düşmür və Azərbaycan dövləti adından danışan məmurlar evin “özlərinə lazım olan” hissəsini dağıdıb, elə o ərazinin də pulunu verirlər; elə ailələr var ki, təklif edilən kompensasiyanı evin sahəsinə böldükdə, kvadratmetrə cəmi 300 manat düşür; elə ailələr var ki, yaşadığı mülkə görə cəmi 4 min manat pul alacağını bildirir.
Şəhərin göbəyində insanın mülkünü əlindən alıb, əvəzində ən pis halda 4 min, ən yaxşı halda 30-35 min manat ödəmək faktiki olaraq Azərbaycan vətəndaşını Somali qaçqınlarının gününə salmaq deməkdir. Həftələrdir davam edən bu söküntüyə, evyıxmaya qarşı millət vəkillərindən kimlər səsini çıxarıb? Kimlər Xutor sakinlərinin görüşünə gedib? Onların keçirdiyi aksiyalardan hansı telekanal reportaj hazırlayıb? Polis zorakılığından başqa o insanlar nə görüb?
Yaxud, məcburi köçkünlər, qaçqınlar üçün tikilən evlərin 5-15 min manat arasında satıldığını dövlət məmurları, millət vəkilləri bilmirlərmi? Prezidentin açılışına gəldiyi, ölkənin qüdrəti, büdcənin sosial yönümlülüyü haqqında nağıllar danışa-danışa qırmızı lentini kəsib, pəhəpəhlə orderlərini payladığı “qaçqın evlərinin” cəmi bir ildən sonra sakinlərin başına uçduğundan xəbərsizdirlərmi?
Bəlkə, şir biləkli oğlanların bir parça çörək naminə bu millətin enerjisini, gücünü, qüvvəsini, ləyaqətini, şərəfini Rusiyanın çöllərinə aparmasından; gözəl-göyçək qızların bu millətin qeyrət və namusunu Dubaya, Türkiyəyə, Avropaya daşımasından xəbərsizdirlər?
Xəbərləri var – həm də çox gözəl! Ancaq səslərini çıxarmırlar.
Əgər Iran dövləti Azərbaycan sərhədinə yaxın “səyyar xəstəxana” qurursa və Azərbaycan vətəndaşları küll halda axışıb, iranlı həkimlərin daha dəqiq diaqnoz qoyması üçün növbələrdə baş yarırlarsa; Irana müayinə və müalicə üçün gedən xəstələrin sayı bir gündə 4 mini aşırsa, əlbəttə ki, Qənirə xanımın öz ixtisasına uyğun Somalidə həkimliklə məşğul olmaq kimi humanist istəyindən Azərbaycan cəmiyyəti narazılıq edəcək;
Əgər evi başına uçurulanlar yanlarında öz millət vəkillərini görmürlərsə, haqqını tələb edənlər “serjant” səviyyəsində söyüşlərlə təhqir edilirsə… əlbəttə ki, öz millət vəkillərinin bu duyğusal səfərini “qeyri-insani” tərzdə qarşılayacaqlar!
Qənirə Paşayeva atdığı addımla diqqəti öz üzərinə çəkib: həkim ixtisasını yada salmaqla səhiyyəni bərbad günə qoyub, insanları Irana yollayan Oqtay Şirəliyevə; millət vəkilliyini yada salmaqla Xutor sakinlərinin deputatı Asim Mollazadəyə; insanlığını yada salmaqla Hacıbala Abutalıbovdan Ilham Əliyevə qədər… hamıya olan ittihamların hədəfinə çevrilib.
Qənirə xanım Somali səfəri öncəsi yazdığı yazıda “psixoloji və mənəvi gərginliyini ovutmaq üçün getdiyini” yazmışdı. Yəqin, Somalidəki nisgilli analar kimi, Qənirə Paşayeva Xutorda evi başına uçulan naümid anaların da şəklini, videolarını izləyib. Yoxsa, Bakıdakı ana fəryadlarının ürəyində açdığı yaranı Somalidə sarımaqla millət vəkilimiz mənəvi iztirablardan qurtarmağa çalışır?
Qənirə xanım, Bakının göbəyində daş ürəklilər ağbirçək anaların, südəmər körpələrin evlərindən qopardıqları daşları ürəklərimizdən asırlar. Biz də cocuqların həniri, anaların göz yaşı hopmuş “dağıdılan daşları” ürəyimizə sıxıb, daş kimi susmaqla məşğuluq. Susa bilməyəndə isə… Somaliyə qaçırıq.
Inanın, Somalidə də rahatlıq tapmayacaqsınız. Çünki mənəvi və psixoloji yükdən azad olmağın yolu Bakıdan başlayır, Bakıdan! Ona görə də sizi “başa düşmürlər”!

Qənirə Paşayevanı niyə başa düşmürlər?
•