London Olimpiadası başa çatdı. Böyük legioner ordusu ilə Olimpiadaya qatılan Azərbaycan vur-tut iki qızıl medal qazandı. Onu da öz idmançılarımız qazandırdı. Qızıl medalları qazanan başlıca ölkələr Çin, ABŞ, Böyük Britaniyadır. Azərbaycan bütün kateqoriyalar üzrə uduzanlar – autsayderlər sırasındadır. Burası – London Olimpiya oyunlarında uduzma – faciə deyil, faciə Azərbaycanın Əliyevlər başçılığında içindən uduzmasıdır. Biz iki “qızılla” da öyünə bilərdik – ortada ölkənin bu başından o başına milyonlar səpələməklə başa gələn qapısı qıfıllı Olimpiya kompleksləri olmasaydı.
Azərbaycan Olimpiya Komitəsinin prezidenti (o eləcə də ölkə prezidenti sayılır) çox istərdi “qızıllı” uğurların sayı indikindən qat-qat artıq olsun – qayıdıb aylarla öyünmək, şou-seriallar düzəltmək üçün. Olmadı, ola bilməzdi. Ata-oğul Əliyevlər Azərbaycanı içindən uduzdurublar – iş bundadır. Qarabağı, neft-qaz resurslarını verməklə qurulan, belə bir özül üzərində duran, xalqa bağlanmayan bir hakimiyyətin qıraqdan gətirdiyi tək-tək uğurlar da susuz quyuya su tökmək kimidir. Ölkənin uğurları içindən başlamalıdır. Belə uğurlarsa yalnız xalq-hakimiyyət doğmalığından, xalq-hakimiyyət birliyindən yaranır. Özünün eşşəyini acından öldürüb qıraqdan 42 min dollara eşşək (Fransadan 3 milyon dollara at) alan bir hakimiyyətin uğurundan uğursuzluğu yey!
Bir çoxları bizim uğursuzluğumuzun başlıca nədənini özümüzün yaxşı idmançılar yetirə bilməməyimizdə görür. Milyonlarla pul tökməklə tikilən çoxsaylı Olimpiya komplekslərinə görə bizim, sözsüz, çoxlu da yaxşı idmançılarımız olmalıdır. Ortadakı faktlardan göründüyü kimi, böyük pullar töküb çoxlu Olimpiya kompleksi tikməklə iş aşmır. Başqa ölkələrdən idmançı almağa gəlincə, bu, çağdaş dünyada geniş yayılmış tendensiyadır. Çağdaş dünya idmanında pulun rolu olduqca böyükdür. Pul meşokları meydan sulayır. Pulu olan hər bir ölkə böyük pullardan keçməklə ən güclü idmançılara yiyələnir. Sonra da bu idmançıların qazandırdığı uğurlara. Bircə elə neft-qaz resursları, tək elə bu resurslardan gələn milyardlar baxımından Azərbaycan dünyanın ən varlı ölkələrindən sayılır. Demək, Azərbaycan dünyanın hər yerindən ən güclü idmançıları alıb gətirə bilər. Bəs niyə almır?
Alır. Azərbaycan dünyanın hər yerindən idmançılar alır. Ancaq bu idmançılar gözləntiləri doğrultmur. Niyə? Bunu əliyevçi korrupsioner hakimiyyətdən soruşmaq gərəkdir. Bunlar aldıqlarını da korrupsiya axarında aldıqlarına görə kapital qoyuluşu ilə praktik görsənişlər üst-üstə düşmür. Başqa ölkələr idmançıları yalnız bir amacla alırlar – uğur qazanmaq üçün. Bunlar idmançıları böyük yarışlara qatılmaqla böyük pullar mənimsəmək üçün alırlar. 20 illik hakimiyyətləri boyunca ölkə içində xalqa bir dənə də uğur qazandırmayanların ölkə dışında xalqa uğur qazandırmaq istəkləri keçirdikləri çoxsaylı saxta seçkilər sayağı saxta istəkdir. Bu baxımdan da uğursuzluq qaçılmazdır, qanunauyğundur.
I.Əliyev Londonda ikən təkcə offşor zonalarla bağlı 48 milyard dollarlıq oğurluq faktının üstü açıldı. Bir belə pul Azərbaycandan offşor zonalara yalnız 1993-2010-cu illər arasında köçürülüb. Bu illərdə, bildiyimiz kimi, Azərbaycanın iki prezidenti olub: ata-oğul Əliyevlər. Üçüncüsü yoxdur, ola da bilməz. Elə bu “ola bilməz” içində ölkə böyük intellektual bazadan SÜRÜLƏŞMƏYƏ gəlib çıxıb: ali məktəblərə keçid balı 150-yə endirilib! Bir neçə ay qabaq milyonlarla pul töküb Bulvarı yenidən qurmuşdular. Bulvar dağılıb. Bir neçə il qabaq Sumqayıt yoluna beton döşəmişdilər – yüz illiyə! – indi Sumqayıt yolu bağlanıb – dağıldığına görə! Bulvarda, Sumqayıt yolunda dağılan da, balacalı-böyüklü yarışlarda Azərbaycana uğur yerinə uğursuzluq qazandıran da əliyevçi korrupsioner sistemdir. Gerçəklik budur!

Uduzan Azərbaycan
•