Böyük tarixi hadisələrin şahidi…
Azərbaycanın tarixi memarlıq abidələri ilə zəngin bölgələri arasında Naxçıvan özünəməxsus yer tutur. Bu qədim yurd yerinin ayrı-ayrı unikal abidələri haqqında dəfələrlə söhbət açmışıq. Belə tarixi memarlıq nümunələrindən biri də Culfa rayonunun Xanəgah kəndində yerləşən Əlincəçay xanəgahıdır. Bir çox önəmli tarixi hadisələrin şahidi olmuş bu abidə Əlincəçayın sahilində ucalan orta əsrlərə aid memarlıq kompleksidir. Bu kompleksdən günümüzə yalnız Xanağa türbəsi, məscid, naməlum abidənin sütunları və başqa bir tikilinin xarabalıqları gəlib çıxmışdır.
Əlincəçay xanəgah kompleksinin əsasını böyük alim Uluq Qutluq Lala bəyin tikdirdiyi kvadrat şəklində olan türbə təşkil edir. Tədqiq olunan türbənin kitabəsində memarın adı (Memar Cəmaləddin) bəlli olmuş, lakin inşa tarixini göstərən hissə dağıldığından, onun nə vaxt tikildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Tədqiqatçılar üslub xüsusiyyətlətinə görə türbənin XII əsrin sonu-XIII əsrin əvvəllərində inşa edildiyini ehtimal edirlər.
Çox maraqlı memarlıq cizgilərinə malik olan tarixi xanəgahın giriş qapısının hər iki tərəfində şərti olaraq “mehrab” adlandırılan düzbucaqlı pannolar gəcdən oyulmuş qabarıq naxışlar və dini məzmunlu kitabələrlə bəzədilmişdir. Bunlar dünya memarlığı tarixində gəc üzərində plastik oymanın ən gözəl nümunələrindən biridir. Türbənin giriş baştağının memarlıq elementləri Möminə xatun türbəsinin ayrıntılarına oxşayır. Onun inşasında kərpiclə yanaşı, firuzəyi kaşıdan da istifadə olunmuşdur.
Türbənin yuxarı künclərindəki irihəcmli tromp-memarlıqda konus hissə, tağvari konstruksiya qurşağı onun daxilinə arxaik görünüş verir. Tromplar səkkizbucaqlıdır. Türbənin baştağına bitişik tikilmiş məscid iki dayaqla altı hissəyə bölünmüş və hər hissə də günbəzlə örtülmüşdür. Məscidin kitabəsində onun hicri tarixi ilə 901-ci ildə (miladi 1496) naməlum bir qadının sifarişilə tikildiyi göstərilir.
Bu abidənin kitabəsinin də son hissəsi ovulub töküldüyündən, onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq tədqiqatçı alimlər memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII əsrlərə aid edirlər. Türbənin içərisində bir qəbir var. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyil.
“Vikipedia” yazır ki, yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də, Xanəgah kompleksinə yerli əhali arasında verilən Şeyx Xorasan adını tədqiqatçılar F.Nəiminin ləqəblərindən olan Şeyx Xurasa (Günəşə oxşar, Nurani şeyx) və F.Nəiminin təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edirlər.
Sufi şeyxlərinin ibadət və zikr yeri
Bəhs edilən türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid var. Bu, xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri tarixi ilə 901-ci (miladi 1495-1496) ildə Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Tarixi qaynaqlar göstərir ki, orta əsrlərdə sufi şeyxləri ailələrilə birlikdə xanəgahlarda yaşayır, öldükdən sonra xanəgahın yanında dəfn olunurdular. Şeyx Hacı Lələ Məlik də xanəgaha rəhbərlik edərək orada yaşamışdır. O, vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn olunmuş və qəbrin üstündə Xond Bikə xatın (ehtimal ki, şeyxin arvadı olmuşdur) türbə-məscid inşa etdirmişdir. Xond Bikə xatın vəfat etdikdən sonra özü də xanəgahın ətrafında dəfn edilmişdir.
Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalmaqdadır. Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından 1444-45, 1491-92, 1493-cü illərə aid məzar kitabələri aşkar olunmuşdur. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik dəlillərə əsasən, aydın olur ki, xanəgah XVIII əsrdə də fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını yaymışlar.
Xanəgah dağın döşündə, kiçik bir meydançada yerləşir. Divarları açıq qəhvəyi rəngdə olan kərpicdən hörülmüşdür.
Birinci məqbərənin yuxarı hissəsi isə səkkizbucaqlıdır. Kubla səkkizbucaqlı arasındakı keçid çarpazlaşan bucaqlar şəklindədir. Məqbərənin yuxarı hissəsi hündürlüyü boyu iki hissəyə bölünür. Yuxarı hissə aşağı hissəyə nisbətən xeyli kiçik olub, bucaq altında yerləşir. Məqbərənin səkkiztilli örtüyü onun daxili günbəzinin üstündə qurulmuşdur.
Maraqlı memarlıq cizgiləri
Bu məqbərə quruluşuna görə təxminən kvadrat şəklindədir. Tərəflərin uzunluğu orta hesabla 5 metrə bərabərdir. Giriş qapısının hər iki tərəfindəki relyefli mehrab öz gözəlliyi ilə diqqəti cəlb edir. Işlənmə texnikasına görə sənət nümunələri ilə onu Orta Asiya və Güney Azərbaycanın gəc üzərində işlənmiş ən yaxşı sənət nümunələrilə müqayisə edirlər. Tağ üzərində bitki rəsmləri olan bir neçə zolaqlarla çərçivəyə alınmışdır. Pannonun bütün elementlərini əhatə edən ornamental kompozisiya plastikası memarlıq formalarının aydın cizgilərini çox yaxşı çalarlandırır.
Pannonun ornamentləri, eləcə də baştağın üstündə yerləşən kitabənin poliqrafiya xüsusiyyətləri türbəni XII əsrin sonuna və ya XIII əsrin əvvəllərinə aid etməyə imkan verir. Üçsətirlik kitabənin qalmış hissəsində türbəni ucaltdıran əmirin adı və titulu, həmçinin onu tikən ustanın adı – “Bu binanı tikən (memar) Xoca hörmətli və əziz Camal-əl-din” şəklində yazılmışdır.
XV əsrdə birinci məqbərənin portalı yaxınlığında ikinci bir məqbərə tikilmişdir. Çaydaşından və kobud yonulmuş daşdan hörülmüş, ara-sıra kərpiclə möhkələndirilmiş bu tikinti tamamlanmış, bütöv bir bina təsəvvürü yaradır. Onun daxili hissəsi iki sütunla altı hissəyə bölünür. Hissələrin hər birinin üstü kərpic günbəzlərlə örtülmüşdür. Günbəzlərə keçid təşkil edən yelkən formalı hörgü də kərpicdəndir. Cənub tərəfin divarındakı mehrab, düzgün olmayan yarımdairəvi formadadır. Alt hissəsindəki yazıda binanın inşa olunma tarixi 1495-ci il kimi göstərilmişdir.
Məqbərənin inşa olunmasında iki inşaat materialından istifadə olunması xarakterikdir: binanın səthi daşdan, daxili isə kərpicdən hörülmüşdür. Sonradan dağılmaması üçün həmin hissəyə daşdan üz çəkilmişdir. O, bişmiş açıq rəngli kərpic plitələrdən tikilmişdir. Onun kubvari təməlində kiçik və böyük ölçülərdə səkkizvəchli baraban (boyun) yerləşir. Türbəni kiçik həcmdə müəyyən bucaq altında döndərilmiş və kürəvi günbəz qapayır. Bu günbəz ikiqat örtüyün daxili qapanağıdır. Hal-hazırda saxlanılmamış xarici örtük, yəqin ki, çadır formasında olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir