“Onun bu şiddəti, tökülən qanı əsla qəbul etməyəcəyini düşünürdüm”
“Əgər Əsma xanım uşaqlarını götürüb Türkiyəyə gəlmək istəsəydi, onu qəbul edərdik”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan bir vaxtlar yaxın rəfiqəsi olduğu Əsma Əsədlə bağlı Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Ə.Ərdoğan bildirib ki, Suriya prezidentinin həyat yoldaşı Ə.Əsəd vaxtında ondan kömək istəsəydi, ona “uşaqlarınla bir yerdə gəl burada yaşa, səni qoruma altına alarıq” deyərdi:
“Suriya ilə bağlı ciddi xəyal qırıqlığı yaşadım. Əsma xanımla çox yaxın və səmimi münasibətlərimiz var idi. Ötən ilin iyul-avqust aylarına qədər düşünürdüm ki, Əsma xanım Bəşər Əsədə bütün bunların yaşanmasına izin verməyəcək. Düşündüm ki, uşaqlarını götürüb Ingiltərəyə atasının yanına gedər, Suriyada yaşanan dramlara dözməz, qəbul etməz. Onun bu şiddəti, tökülən qanı əsla qəbul etməyəcəyini düşünürdüm. Hətta mənə zəng edib bu məsələləri müzakirə etməsini istəmişdim. Çünki aramızda protokol yox idi, biz çox yaxşı münasibəti olan iki xanım rəfiqə idik. Əsmanın ata-anası, ailəsi Türkiyədə bizim qonağımız olmuşdu. Qızım Süməyya da tətildə yoldaşları ilə Suriyaya getmişdi. Yəni çox yaxın və səmimi idik. Suriya bizim bir parçamızdır. Biz xalq olaraq da Suriyanı özümüzə yad bilmirik. Əgər Əsma xanım o günlərdə mənə zəng etsəydi, uşaqlarını götürüb Türkiyəyə gəlmək istəsəydi, onu qəbul edərdik”.
Ə.Ərdoğan Ə.Əsədin onun görüş tələblərinə müsbət cavab vermədiyini də dilə gətirib: “Ötən ildən bəri Əsma xanımla görüşə bilmirəm. Biz insanları dost olaraq qəlbimizin içinə soxuruq. Həqiqətən də dost olduğumuzu düşünürdüm. Amma Suriyadakı olaylar məni çox yıxdı. 2011-ci ilin iyul ayında – hələ Əsədlə əlaqəmizin kəsilmədiyi vaxtda xəbər göndərdim ki, Əsma xanım mənə zəng etsin. ”Oldu” dedilər, amma zəng gəlmədi. Həmin dönəmdə Əsma xanım mətbuatda da görünmədi. Düşündüm ki, yəqin qətliamlara göz yummaq istəmir, uşaqlarını da götürüb atasının yanına gedib. Əsma xanımın bu işi qəbul etdiyinə inanmaq istəmirdim. Çünki o da bir anadır və uşaqları var. Biz həqiqətən çox səmimi idik. Ildə üç dəfə görüşürdük. Əsma xanım çox canayaxın bir qadındır. Qətiyyən kinli deyil. Ölkəsində demokratikləşmə, müasirləşmə istəyən biri idi. Elə buna görə də onun bütün bu olub-keçənlərə duyarsız qaldığına inana bilmirəm”.
Gültəkin