Fəlsəfə maraqlı elmdi. Hərdən onu oxuyuram. Təkcə ona görə yox ki, hüququn açarıdı, həm də ona görə ki, içimdə ona tələbat var. Planlaşdırmadan, çox vaxt istər-istəməz bu kitablara sarı dartınıram.Tanıdığım filosofları ekranda ancaq filisof-administratorun növbəti direktivinə mədhiyyə oxuyan gördüyümdən rus, alman filosoflarının əsərlərinə üz tuturam. Hətta ruslarda da nəinki administrasiyaya, ümumiyyətlə, kiməsə yarınmağı şəxsiyyətinə sığışdırmayan kişilər olub və var.
Ənnağı Hacıbəyli
Rus hüquqçusu I.A.Pokrovski bir əsr öncə vətəndaş cəmiyyəti barədə yazırdı: “Mənəvi tərəqqi ancaq fərdi azadlığın işi ola bilər, hüququn ən ali təyinatı isə bu yaradıcı azadlığı təmin etməkdir”.
Bu gün Rusiyada və ona oxşamağa çalışan Azərbaycan rəsmi düşüncəsində “dövlətçilik” “suveren demokratiya” şüarları siyasi-fəlsəfi fikrin ən son nailiyyəti kimi oxucuya sırınır. Əslində, bununla mübahisə etmək çətin deyil, sadəcə, ona sərf olunan vaxta adamın heyfi gəlir. Ancaq anti-demokratik rejimlərin hökmranlıq etdiyi toplumlarda bütün çətinliklər və problemlər sərsəm “suveren demokratiya”, “bizim öz yolumuz var” kimi patriarxal psevdomilli boşboğazlıqla bağlı olduğundan buna enerji sərf etmək zorundayıq.
Belələrinə Ilf və Petrovdan yaxşı cavab vermək mümkün deyil: “Rusiyanın öz yolu var – yolsuzluq”. Bizim üçün isə bu fikir ikiqat önəmlidi: türkcə yolsuzluq həm də korrupsiyanı bildirir.
Avropadan götürülmüş qanunların axtalanaraq qəbul edilməsi, insan hüquqlarının məhdudlaşdırılması, bu hüquqların kütləvi pozuntusu “dövlətçilik”, “sabitlik”, “suveren demokratiya”, “bizim öz yolumuz var” və başqa “arqumentlərlə” əsaslandırılır. “Dövlətçilik” ideyası bayrağı altında fərdin azadlığının məhdudlaşdırılması hüquq dövləti ideyasına kökündən ziddir. Bu, normal konstitusiya konstruksiyasınınbaş-ayaq çevrilməsi, orta əsrlərə xas olan təfəkkürün dirçəldilməsi cəhdləridi.
Azadlığın başlıca düşməni ölçüsüz hakimiyyətdir. “Dövlətçilik” bəhanəsi ilə insanların azadlığının məhdudlaşdırılması bəşər toplumunun əzəli və əbədi haqqının – hüququn danılmasıdır. Dövlətçilik – insan haqlarına xidmətdir, insan haqlarının qorunmasıdır, dövlətin insana xidmətidir, insan haqlarına tapınmasıdır.
Insan haqlarını buxovlayan, hakimiyyətə ölçüsüz və nəzarətsiz səlahiyyətlər verən qanun əliyalın insanın üzərinə döyüş itlərini qısqırdan qansızı xatırladır.
Böyük alman filosofu Kanta görə, “Hüquq Allahın yerdəki ən müqəddəs nemətidir. Allah insanı azad yaradıb. Onu azadlıqdan uzaqlaşdırmaq Allahın işinə qarışmaqdır”.
Allahın işinə qarışanların qarşısına “Quran” gətirmək və onların əməllərinə susmaq isə onlarla şərik olmaqdı – allahsızlıqdı.
Avantürist olmayın, Allah hər şeyi bağışlamır. O, ədalətli və bağışlayandır, amma prinsipsiz deyil. Uzun səbr allahsızlığa sonsuz dözüm də demək deyil.
Kant deyirdi ki, “xalq azadlıq üçün yetişməyib” ifadəsi yaxşı ifadə deyil. Bu halda azadlıq heç vaxt olmayacaq, çünki insanlar üçün azad şərait yaradılmayıbsa, azadlıq heç vaxt yetişməyəcək.
Tanış səhnədi, deyilmi?
Mətbuat azadlığını məhdudlaşdırırsan, sonra deyirsən ki, peşəkar jurnalistika yoxdur. Insanlara toplaşmaq imkanı vermirsən, deyirsən ki, icazəsiz toplantı qanunsuzdur. Partiyaların fəaliyyətinə imkan vermirsən, deyirsən ki, müxalifət zəif və səviyyəsizdir. Partiyaların, müstəqil QHT-lərin bütün maliyyə mənbələrini qurudursan, sonra da onları xaricdən pul alıb ölkənin maraqlarını satmaqda suçlayırsan. Bütün hakimiyyəti saxta seçkilər yolu ilə formalaşdırırsan, sonra deyirsən ki, hakimiyyətə gəlməyin yeganə qanuni yolu seçkilərdi…
Bütün bunlar həm də tiraniyanın qanuniləşdirilməsidir. “Dövlətçilik” bəhanəsi ilə fərdin azadlıqlarının məhdudlaşdırılması o həddə çatır ki, insanın azadlığı qanunlarla buxovlanır – hara tərpənirsənsə, “dövlətçilik” naminə əl-qolun bağlanır.
Bu, asan idarəçilikdir. Ancaq sabahı olmayan qısır idarəçilikdir.
Indi – XXI yüzildə azadlığı siyasi mübarizə, küçə döyüşləri ilə də vermək istəməyən dövləti demokratik hüquq dövləti saymaq olarmı? Topluma verilən azadlığın dozasını bir nəfər, istədiyi kimi müəyyən edirsə, buna azadlıq demək olarmı? Içində azadlıq, beynində azadlıq havası olmayan adamın verdiyinə azadlıq deyilərmi? Verilən azadlıqla alınan azadlığın qiyməti birdimi?
Insanı, toplumu azad olmayan dövlətin “dövlətçiliyi” ola bilərmi? Bu “dövlətçilik” kimin üçündü? O, hansı ideyaya, hansı təfəkkürə, hansı dəyərlərə və sosial bazaya söykənir? Azad insanı olmayan dövlətin “dövlətçiliyi” kimə xidmət edir? Hakimiyyətə? Ola bilər. Ancaq bu, dövlətçilik deyil, hakimiyyətçilikdir.
Mayası haram hakimiyyətçilik.
“Hakimiyyətçilik” ideyası təkcə dövlətçilik ideyasının tərsi deyil, həm də insan azadlığının tərs üzüdür. Insan azadlığı heç gerçək dövlətçiliklə də qeyd-şərtsiz barışmır, onda qalsın hakimiyyətçiliklə. Üstəlik, hakimiyyətçilik özü də normal hakimiyyətçilik yox, sadəcə tayfaçılıq, yerliçilik, ailə hakimiyyətçiliyidirsə, insan azadlığının, hüququn ona inkardan başqa cavabı yoxdur, ola da bilməz.
Təbii, hakimiyyətçilik maraqlarına qulluq edən hüquq və hüquqçulardan yox, gerçək hüquqdan söhbət gedir.
Gerçəklik isə danılmaz.