Əhalini savadsız kütləyə çevirmək bu hakimiyyətin məqsədyönlü siyasətidir!
Professor Tofiq Şahtaxtinski
Son vaxtlar ölkəmizdə təhsilin vəziyyəti ətrafında aparılan diskussiyalar mətbuatda geniş yer tapmaqdadır. Diskussiyalar əsasən, təhsilimizin taleyi həvalə edilmiş iki mühüm təşkilat – Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında gedir və az qala, “ölüm-dirim” davasına çevrilməkdədir. Qurum rəhbərləri təhsilin bugünkü bərbad vəziyyətini ölkəmizdəki ictimai-sosial durumla əlaqələndirmədən, onun iqtisadi-sosial köklərini ortaya qoymadan, yalnız təhsilin çökməsini göstərən külli miqdarda statistik rəqəmlər gətirməklə günahı bir-birinin üzərinə atırlar. Bu baxımdan demək olar ki, tərəflər arasında söhbət təhsilin səviyyəsini qaldırmaqdan yox, hansı tərəfin daha çox “pay qazanmasından” gedir…
Belə nəticəyə gəlməkdə məqsəd heç də adıçəkilən qurum rəhbərlərinin şəxsiyyətinə toxunmaq deyil. Bu gün həmin vəzifələrə kimi təyin etsələr, çökmüş təhsil sistemimizdə cüzi də olsa, müsbət dönüş yarada bilməz. Yüzlərlə vəzifələrin satılaraq əldən-ələ keçməsinin şahidi olmuşuq, bu minvanla indiyədək hansı sahəni düzəltmək mümkün olub ki?
Təhsil hamımızın gözü qarşısında çökür
Təhsil sahəsində son illər yalan-gerçək bəzi kosmetik işlərin görülməsinə – məktəb binalarının təmiri, yenilərinin tikilməsi, bəzi tədris ləvazimatlarının alınmasına baxmayaraq, təhsil hamımızın gözləri qarşısında günü-gündən çökməkdədir. Bəli, hamımızın – tələbə və valideynlərin, tədris müəssisələrinin professor-müəllim heyətlərinin, məktəb direktorları və rektorların, məmurlar və deputatların, şəxsən dövlət başçısının gözləri qarşısında… Gəlin, təhsil sisteminin belə acınacaqlı vəziyyətə düşmə səbəblərinə bir qədər aydınlıq gətirmək üçün ona bugünkü real həyatımız prizmasından baxaq…
Ali məktəb məzunu öyrəndiklərindən heç yerdə istifadə edə bilmir…
Məsələyə iki istiqamətdən yanaşaq:
Birincisi – xalqın yeraltı və yerüstü sərvətləri hakimiyyət və onu əhatə edən oliqarxlar tərəfindən talan edilən, rüşvət və korrupsiya məngənəsində boğulan, gömrükxanaları “kolxoz bazarına” çevrilmiş, vergi müfəttişliyi “sən mənə, mən də sənə” prinsipilə işləyən, polisləri insanlara işgəncə verən, rüşvət alan, məhkəmə orqanları sifariş və ya korrupsiya ilə işləyən bir ölkədə bir tək təhsil sistemi necə normal vəziyyətdə olsun?..
Ikincisi – uzun illər ali təhsil sahəsində işləmiş bir şəxs kimi, mən təhsilin səviyyəsini məzunların bilik səviyyələrilə qiymətləndirməyin tərəfdarıyam. Təəssüf ki, ali məktəb məzunlarımızın 80-90 faizi yiyələndikləri ixtisas üzrə elementar biliklərə malik olmurlar. Mənim bu fikrimə təəccüblənməyə və buna görə məni qınamağa heç bir əsas yoxdur. Bu, real həyatımızdan doğan həqiqətdir. Yuxarıda təsvir etdiyimiz cəmiyyətin hansı sahəsində, hansı müəssisə və ya təşkilatında ali məktəb məzununun ixisas üzrə aldığı bilik və savada ehtiyac var? Məzun öz bilik və bacarığını tətbiq etməklə yaşayışını təmin edəcək səviyyədə harada halal əməkhaqqı ala bilər? Bəlkə gömrükxanalarda, maliyyə və vergi qurumlarında, polis və məhkəmə sistemlərində?.. Hamıya yaxşı məlumdur ki, bu qurumlara necə işə götürülürlər. O da bəllidir ki, ali məktəb məzunlarının böyük bir qrupu karxanalarda, tikintilərdə, yol çəkilişi və təmiri işlərində fəhləlik edir, bazarlarda xırda alverlə çörəkpulunu çıxarırlar. Bəlkə aldıqları ixtisas bilikləri onlara elə bu sahələrdə lazımdır?!
BDU, pedaqoji və dillər universitetləri hər il minlərlə müəllim “istehsal” edir. Ali məktəblərə daxil olmaq üçün test suallarına onsuz da repetitorların köməyilə hazırlaşacaqlarına ümid edən şagirdlər təhsil illəri ərzində tədris olunan fənləri mənimsəmək istəmirlər. Təhqiramiz səviyyədə ÿəməkhaqqı alan müəllimlə oxumaq istəməyən şagird arasında hansı təhsildən söhbət gedə bilər? Fabrik və zavodlarının qapıları 20 ildən bəri qapalı qalan ölkəmizdə mühəndis kadrlar üçün iş tapmağın çətinliyindən isə heç danışmağa dəyməz…
Xarici təcrübə
Gəlin, müqayisə üçün Avropanın inkişaf etmiş demokratik ölkələri və ya ABŞ-da təhsilin durumuna nəzər salaq. Məsələn, ABŞ-da universitet bitirib bakalavr və ya magistr dərəcəsi alan məzun, Internet vasitəsilə ixtisasına uyğun özəl və dövlət müəssisələrilə əlaqə saxlayaraq, öz əməyini təklif edir. Məzuna iş təklif edən müəssisə və ya təşkilat başqa bir ştatda yerləşərsə, əksər hallarda dəvət edən onun yol xərclərini də ödəyir. Söhbət isə məzunun ixtisası, yeni iş yerində görəcəyi işlər barədə aparılır. Əgər məzunun hazırlıq qabiliyyəti qarşı tərəfi qane edirsə, o, işə götürülür, onun üçün başlanğıc əməkhaqqı müəyyən edilir və kirayə tutduğu mənzilin bir aylıq pulu da ödənilir. Məzun, aldığı maaşla və götürə biləcəyi kredit hesabına tezliklə mənzil (kirayə), zəruri ev əşyaları və maşın (istifadədə olmuş) kimi problemlərini həll edərək, normal həyat sürə bilir.
Bir qayda olaraq, ABŞ müəssisələrində işçilərin şəxsi keyfiyyətləri, iş bacarıqları, biznesə, idarəçiliyə gətirdikləri dəyərlər də nəzərə almaqla, əməkhaqları zaman etibarilə mütəmadi artırılır. Bəzilərinə nağıl kimi görünən bu həqiqətin doğruluğuna inanmaq üçün ABŞ və ya Avropada təhsil alıb vətənə qayıdan (əgər qayıdıbsa) gənclərlə (ancaq YAP-çı olmasın!) söhbət etməyi məsləhət bilirəm.
Azərbaycan təhsilindəki bu acınacaqlı durumun səbəblərinə aydınlıq gətirmək üçün başqa bir məsələyə də toxunmaq istəyirəm. Müəssisələr ali məktəb məzununu işə götürəndə ölkədə yüksək reytinqə malik tədris ocağını bitirənlərə xüsusi üstünlük verirlər. Bununla da təhsilin ən vacib problemlərindən biri də öz həllini tapmış olur: təhsil ocaqları təhsilin keyfiyyəti və tələbələrə qarşı tələbkarlığın yüksək olmasıyla ölçülən reytinqlərini yüksək saxlamağa çalışırlar. Abituriyentlər isə gələcəkdə asanlıqla iş yerləri tapmaq məqsədilə belə universitetlərə üstünlük verirlər. Təhsillə bağlı bir-birilə əlaqəli bu tipli məsələlər onu yaşadır, inkişaf etdirir. Odur ki, problemlər kompleks şəkildə həll edilməlidir. Təhsilə, savada, biliyə qiymət verilməyən Azərbaycan kimi ölkələrdə isə bu haqda heç danışmağa dəyməz…
İnsanları necə gözükölgəli etməli?
Yazımın sonunda ürək ağrısı ilə onu da demək istəyirəm ki, göstərdiyim problemlərin hamısını mənim keçmiş həmkarlarım -ali məktəb rektorları, prorektorlar, dekan və kafedra müdirləri, professor-müəllim heyətlərinin hər biri məndən də yaxşı bilirlər. Lakin müxtəlif səbəblərdən susurlar: bəziləri pul qazanmaq məqsədilə təhsil sistemində daha böyük məbləğlərlə ölçülən əməliyyatlar aparırlar, bəziləri qorxur
ki, ağzını açıb həqiqəti desə, nəinki iş yerini itirəcək, hətda damlanacaq ki, “sən bizim çiçəklənən təhsil sistemimizə böhtan atırsan”. Ən nəhayət, hamı yaxşı bilir ki, əgər hakimiyyəti belə təhsil sistemi qane etməsəydi, özü qısa müddətdə lazımi islahatlar aparıb problemləri aradan qaldırardı. Əhalini savadsız kütləyə çevirmək, onu gözükölgəli etmək üçün əyri yollarla yaşamağa məcbur etmək, sülalə hakimiyyətinin idarəçilik siyasətinin ana xəttidir. Aydın məsələdir ki, ölkəmizdə təhsil sisteminin ayağa qalxmasının yeganə yolu mövcud hakimiyyətin dəyişdirilməsidir.