Keçmiş icra başçısından Mehriban Əliyevaya şikayət

Murad Cabbarlı fındıq zavodunun işçilərini qanunsuz olaraq işdən azad edib

“Bakı Fındıq Emalı” MMC-də sürücü vəzifəsində çalışan Rafiq Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Müraciətin bir sürəti də  “Azadlıq”a daxil olub.
Rafiq Abdullayev yazır: “Mən 15 iyun 2011-ci ildə ”Bakı Fındıq Emalı” MMC-yə zavodun direktoru Pərviz Rüstəmzadənin əmri və ikitərəfli əmək müqaviləsilə sürücü vəzifəsinə işə düzəlmişəm. 23 sentyabrda MMC-nin ümumi yığıncağının qərarıyla P.Rüstəmzadə direktor vəzifəsindən azad olunaraq onun yerinə Şəkinin sabiq icra başçısı Murad Cabbarlı təyin olunub. Mən və digər işçilərin P.Rüstəmzadənin vaxtında işə qəbul olunmağımızı yeni rəhbərlik qərəzlə qarşılayıb və 1 dekabr 2011-ci il tarixində mənimlə birillik yeni əmək müqaviləsi bağlanıb. Heç bir səbəb olmadan 19 iyun 2012-ci ildə  mənə M.Cabbarlının  əmriylə  sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Yanvar ayında iki işçiyə də bir səbəb olmadan şiddətli töhmət verilib. Indiyə qədər, yəni 38 illik iş stacımda  heç vaxt xəbərdarlıq və ya töhmət almamışam.
Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq gündəlik normal iş vaxtına uyğun həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Müəssisədə isə fəhlələrlə əmək müqaviləsində 5 günlük iş günü müəyyənləşdirilsə də həftənin şənbə günləri də  işə çağrılırlar. Işçilər artıq vaxtda saxlanılaraq  52 saat işləməyə məcbur edilir. Bunun qarşılığında isə əlavə ödənişlər edilmir. Fəhlələrə müəyyən müddətdən sonra aylıq əməkhaqqının artırılması və müvafiq mükafatların verilməsi vəd olunsa da rəhbərlik vədinə əməl etməyib. Işçilərin yalnız bir hissəi sığortalanıb. Əvvəlki müdiriyyətin dövründə götürülmüş işçilərlə sonra işə qəbul edilənlərə eyni münasibət göstərilmir. Müəssisə daxilində də aldatmalara yol verilir. Belə ki, cəmiyyətin təchizatında və xammalın alışında qiymətlər şişirdilir və külli miqdarda  pul mənimsənilir. Bu hərəkətlər işçiləri narazı salır və kütləvi narazılıqlar nəzərəçarpacaq dərəcədə artıb.  Belə ki, iş vaxtından əlavə işləməyə razılaşmayan işçilər töhmət alır, ya da işdən azad olunur.
Nəzərinizə çatdırım ki, “Bakı Fındıq Emalı” MMC-nin hazırkı direktoru Murad Cabbarlı 2010-cu il  21 apreldə Şəki Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Lakin onun  qərarıyla sökülən tikililərin birinin sahibkarı Hikmət Səlimovun özünü Kiş çayından atması ilə vəziyyət dəyişib. Icra başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov və RIH aparatının tikinti və memarlıq şöbəsinin müdiri Yusif Abdurrahmanov CM-in 309.1 maddəsiylə ittiham olunaraq həbs edilsə də, icra başçısı prezidentin  24 may 2011-ci il tarixli sərəncamıyla tutduğu vəzifədən azad edilib. Həmin ilin 23 sentyabrında isə ümumi yığıncağın qərarıyla “Bakı Fındıq Emalı” MMC-nin direktoru vəzifəsinə təyin olunub.
Barəmdə verilən qanunsuz əmrin ləğv olunması və müəssisədəki digər qanunsuz hərəkətlərə son verilməsiylə bağlı mənə kömək edilməsini xahiş edirəm”.

Sosial şöbə