ARDNŞ-in iki idarəsi etiraza qalxdı

İşdən çıxarılmalarına etiraz edənlər bir saata yaxın Bakı-Qazax magistral yolunu bağladı

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsi və Qobustan Xüsusi Texniki İdarəsinin 200-dən çox işçisi bu gün saat 10-da Bakı-Qazax avtomobil yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıblar. Aksiya iştirakçılarından birinin redaksiyamıza verdiyi məlumata görə, bir saata yaxın davam edən aksiya nəticəsində yolda böyük tıxac yaranıb. Neftçi fəhlələrin narazılığı onların İdarəsinin bağlanması və bütün işçilərin ixtisara düşməsi ilə bağlıdır. Yalnız polisin müdaxiləsindən sonra başa çatan aksiya iştiraçılarına onların gələcəkdə «Azəriqaz» İB-də və ARDNŞ digər bölmələrində iş təklif olunacağı sözü verilib. Amma aksiya iştirakçıları bu vədlərə inanmır. Çünki hazırda adları çəkilən müəssisələrin özlərində işyerləri ilə bağlı ciddi problemlər yaşanır.
Aksiya iştirakçıları ilə görüşə yalnız ARDNŞ-in Kompleks Yazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyev gəlib. Elə aksiya iştirakçılarının «Azəriqaz» İB-də və ARDNŞ digər bölmələrində iş təklif olunacağını o vəd edib. Neftçilər problemlərinin həll olunmayacağı təqdirdə yaxın zamanlarda yenə aksiya keçirəcəklərini bəyan ediblər.
Onu da qeyd edək ki, ARDNŞ-in bu günlərdə yaydığı rəsmi məlumata əsasən isə, şirkətin strukturunda aparılan islahatlar strukturun optimallaşdırılması və məsrəflərin azaldılması məqsədi ilə aparılır.

İnformasiya şöbəsi