Cəzaçəkmə müəssisəsindəki məhbuslar həmrəylik nümayiş etdirərək buna mane olub
Həcər Pənahlı: “Hazırda cəzaçəkmə müəssisəsində vəziyyət gərgin olaraq qalır”
17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı barədə yeni məlumat gündəmə gəlib. Nemət bəyin həyat yoldaşı Həcər Pənahlı müəssisədəki vəziyyət barədə mətbuata məlumat verib. Məlum olub ki, həbsxanadakı ağır şərtlər altında cəza çəkən məhbusların vəziyyəti N.Pənahlını narahat edib və o, mövcud şəraitlə bağlı sənəd hazırlayaraq məhbuslara imzaladıb.
Bundan xəbər tutan müəssisə rəhbərliyi isə N.Pənahlını karserə salmaq istərkən məhbusların həmrəyliyi bu planın reallaşmasına mane olub. H.Pənahlı hansı şəraitdə olursa-olsun, Nemət bəyin haqsızlıq və ədalətsizliyə dözmədiyini və insanları müdafiə etdiyini diqqətə çatdırıb. Həmin imzalı sənədə gəlincə, Həcər xanım məhbusların ağır vəziyyəti barədə saytlara məlumat vermək fikrindədir.
“Azadlıq”a açıqlama verən Həcər xanım bildirib ki, Nemət bəy məhbusların ağır şəraiti, qidalanması barədə müəssisə rəhbərliyinə öncələr də dəfələrlə məlumat verib: “Orda elə dəhşətli vəziyyət var ki, Nemət artıq bu barədə daha geniş açıqlamaya ehtiyac olduğunu görüb. Ona görə də ərizə hazırlayaraq məhbuslara imza etdirib. Həmin müraciət Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Penitensiar Xidmətə ünvanlanıb. Ərizə cəzaçəkmə müəssisəsindən çıxan kimi Nemətə qarşı təxribat başlanıb. Bəzi adamları gətirərək ona qarşı konflikt yaratmaq istəyiblər. Amma məhbuslar ayağa qalxaraq Neməti müdafiə edib. Rəhbərlik də başa düşüb ki, hansısa formada təxribat olsa, bu onlara baha başa gələcək. Heç bir qanunda, Allahın qanununda da yazılmayıb ki, məhkumu müdafiə etdiyinə görə cəza alasan”. Həcər xanım hazırda vəziyyətin gərgin olaraq qaldığını bildirib. Həmsöhbətimiz deyir ki, cəza müəssisəsindəki vəziyyət barədə dövlət qurumlarına məlumat verdiyi, bu yöndə təşkilatçılıq etdiyi üçün Nemət bəyi yaxşı heç nə gözləmir.
Məsələ barədə əlavə məlumat almaq üçün N.Pənahlının qardaşı Səməd bəyi aradıq. Səməd bəy sözügedən olayı təsdiqləyərək bu barədə məlumatlı olduğunu söylədi. Nemət bəyin karserə salınmasının məhbusların təpkisiylə reallaşmadığını dilə gətirən həmsöhbətimiz rayona səfər etdiyi üçün bundan əlavə hansısa məlumatı olmadığını dedi.
Nigar