“Zon” rəhbərliyinin voleybol yalanı

Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Buradakı adamların əksəriyyəti əlləri heroinə çatmayan narkomanlar idi. Amma mən həm də düşünürdüm ki, bəlkə bunlarla söhbətin nəsə, bir nəticəsi oldu, bəlkə onundan biri yeni həyata atılmaq üçün psixoloji yardıma ehtiyac hiss edir! Təbii, bütün söhbətlərimin məğzində-mahiyyətində narkomaniyaya qarşı təbliğat dayanmırdı. Çalışırdım, söhbət hiss olunmadan elə axara düşsün ki, onlar özləri narkotikə nifrət etsinlər. Buna görə də həyatımın ən məhsuldar, ən gərgin, ən maraqlı epizodlarına istinad edərək misallar gətirirdim. Istəyirdim, söhbət o dəyərlərdən getsin ki, bu adamlar üçün tamam yeni məzmun və mahiyyət kəsb etsin, onlar narkotikdən fərqli dəyərlərin daha qiymətli olduğunu başa düşsünlər.
Bu adamları həbsxanada ciddi müalicə etməlidirlər. Qanunla buna pul da ayrılır. Amma qanunun sifətinə də tüpürmürlər. Qanunun ayırdığı pulu mənimsəyib, üstəlik dustaqlardan da pul alırlar ki, onların adını müalicə edilənlərin siyahısına salsınlar. Azərbaycanda saxta diplom alveri necə vüsətlə gedirsə, adamlar oxumamaq üçün necə pul verib yalandan diplom alırlarsa, burada da dustaqlar həmin qayda ilə pul verib müalicə olunduqları haqqında arayış əldə edirlər. Bayırda, özünü cinayətkar saymayan iri cinayətkarların qurduğu sistemi içəridəki balaca cinayətkarlar balaca ölçüdə təkrar edirlər.
Leytenant Vaqif narkoman-zad deyildi. Hərbçi idi. Türkiyədə Quru Qoşunları Hərb Məktəbini (Kara Kuvvetler Harb Okulu) bitirmişdi. Amma 500 manat rüşvət verib özünü tutdurmuş, bir il iş alıb gəlib çıxmışdı bura: “Orduda bizə, Türkiyədə oxuyanlara 5-ci sort adam kimi baxırlar. Heç bir perspektiv yox, üstəlik, bütün qara işləri də bizim əlimizlə görüb soxmaq istəyirlər türməyə. Mən də özümü onların əli ilə yox, öz əlimlə tutdurdum. Buradan çıxan kimi də ya gedib bacanağımın dükanında işləyəcəm, ya da uzağı ”taksovatlıq” eləyəcəm…”
Elan etdilər ki, korpuslararası voleybol yarışıdır. I korpusun dustaqları həyətimizdə bizimkilərlə oynamalı idilər. Mən kitabımı da götürüb məscidə qalxdım. Voleybolu nə oynamaq mənlik idi, nə də onun tamaşasına dalmaq. Üstəlik, bir az acığım da vardı. Bir-iki həftə əvvəl evdən bir nərd, dörd-beş qutu domino, iki dənə də voleybol topu gətizdirmişdim. O zaman bizim korpusda əlil bir top vardı. Yazıqlar zülm çəkirdilər oynamağa. Ona görə də uşaqlara demişdim ki, iki top məndən, gətizdirərəm, canınız bu zülmdən qurtarar.
Top korpusun həyətində cövlan eləməyə macal tapmamış nəzarətçilərdən biri gəldi, “Rəis deyir ki, o topları Idarəyə gətirin”, – deyə götürüb apardı. Onların dalınca getmədim. Amma bir neçə saat sonra Idarəyə çağırdılar və mənə məlumat verdilər ki, əməliyyat-rejim təhlükəsizliyi baxımından bu toplar korpusa verilməməliydi. Çalışdım rəhbərliyi başa salam ki, bunlar adi oyun toplarıdır, yanlış anlaşılmasın, mərmi-filan deyil və bu oyun toplarının elə bir taktiki-texniki parametrləri yoxdur ki, həbsxanaya xələl gətirə bilsin və ya dustaqların əlində partlasın. Hətta partlasa belə, bu topların hərbi dağıdıcılıq əmsalı sıfra bərabərdir. Dedilər ki, bu təhlükəsizlik topların hərbi strateji göstəricilərilə bağlı deyil, topları həbsxanaya gətizdirən adamın siyasi-strateji niyyətləri ilə bağlıdır; guya bu cür hədiyyələrlə mən dustaqların simpatiyasını qazana, onları özümün strateji məqsədlərim üçün səfərbərliyə almaq niyyəti güdə bilərəm. Bu dəmir arqumentin qarşısında susmağa məcbur oldum və əməliyyat planı düşmən kəşfiyyatı tərəfindən ələ keçirilmiş komandir kimi pəjmürdə halda düşərgəyə – korpusa döndüm. Bu hadisə bütün korpusun diqqətini cəlb elədiyindən az qala, hamı məni həyətdə gözləyirdi. Mən içəri daxil olarkən 15-20 nəfər ətrafıma cəmləşdi: orada nə baş verir?!
Dustaqlara ətraflı şəkildə izah etdim ki, biz məğlub olduq, mənim strateji planlarım ifşa edilib və buna görə də həmin toplar korpusda qalmamalıdır. Beləliklə, bu olay dustaqların lağ və gülüş mərkəzinə çevrildi. Yalnız Uzun Ruslan axıra qədər heyfsləndi. O, əla voleybolçu idi və topların geri qaytarılması onu həqiqətən mütəəssir eləmişdi.
Amma hər halda, korpusumuzun voleybolçuları bekar qalmırdılar: həbsxana ixtiraların və kəşflərin məkanıdır. Onlar da yararlı-yararsız toplar tapıb oynayırdılar və günün birində müdiriyyət qərara gəldi ki, korpuslararası yarış təşkil eləmək lazımdır.
Idman oyunlarının azarkeşi deyiləm. Həbsxanaya düşənə qədər həyatımın hansı epizodlarında idman oyunlarına axıra qədər və məqsədli şəkildə tamaşa etdiyimi xatırlaya bilmirəm. Əlbəttə, bu, elə bir faciəli olay deyil, adamı idman oyunlarının azarekeşi olmadığına görə həbs etmirlər və mən də buna görə tutulmamışam. Amma sən demə, belə yarışlar təşkil olunursa, hamı oturub ona baxmalıdır və mənim bu yarışa baxmamağım təkrar cinayət işinin açılması üçün əsas ola bilərmiş. Mən isə kitabımı qoltuğuma vurub məscidə getmişdim ki, voleybolun yaradacağı səs-küydən uzaqda mütaliəmi davam etdirim. Birdən məscidin qapısı açıldı və rejimin əməliyyatçısı mayor Mais başımın üstündə peyda oldu:
– Müəllim, hamı voleybola tamaşa eləməlidir.
Oxuduğum kitabın mənim islah edilməyim üçün daha effektiv vasitə ola biləcəyini əsas gətirərək etiraz etmək istədim, amma cənab mayor məni mədəni şəkildə başa saldı ki, burada hansı tədbirin daha effektiv vasitə olduğunu müdiriyyət müəyyən edir. Əlbəttə, bura uşaq baxçası deyildi, ağıllı-başlı həbsxana idi və bunu qəbul eləmək lazım idi. Buna görə də cənab mayora məni mədəni-kütləvi tədbirə dəvət etdiyinə görə minnətdarlığımı bildirib aşağı düşdüm, oradakı sevimli cinayətkarlarımın sırasına qoşulub voleybola tamaşa etməyə başladım. Həyətin baş tərəfində stol qoyulmuşdu, stolun üstünə ağ süfrə sərilmişdi və arxasında da rəis və müavinləri əyləşmişdi. Bu, əməlli-başlı rəsmi tədbir imiş!
Voleybolun ertəsi gün dəstə rəisi Sabir məni otağına dəvət etdi. Adam stolun üstünə bir yığın kağız töküb məni gözləyirdi. Içəri girib oturdum. Kağızlardan birini mənə tərəf itələyib dedi:
– Buyur, tanış ol, imzala!
Götürüb baxdım. Əvvəlcə gülməyim gəldi. Sonra yenə gülməyim gəldi, amma özümü o yerə qoymayıb dedim:
– Bu hoqqa nəyə lazımdır ki?! Işiniz-gücünüz yoxdur?
Sabir müəllim tamamilə ciddi olaraq dedi:
– Mənə dəxli yoxdur. Mənə belə tapşırılıb. Sən voleybol oyununa baxmaqdan imtina etmisən və buna görə də akt tərtib edilib, sən də onu imzalamalısan.
– Çox gözəl!
Aktı götürdüm, mətnin altından bu şəkildə zəruri əlavə yazdım: “Burada yazılanlar əhəmiyyətli şəkildə yalandır. Mən voleybol oyununa tamaşa etmişəm. Bu aktı isə hansısa yaramaz bir qurğu kimi qəbul edirəm”.
“Aktla məni tanış etdilər”, – qeydini də qoyub imzaladım.
Amma nərd və domino korpusun həyatında canlanma yaratdı. Dominoları Ziyaya verdim ki, həyətdəki stolların üstünə qoysun, nərdsə Talehin nəzarətində qaldı. Mən yalnız axşamlar oynaya bilirdim, çünki gün ərzində kitab oxumaqla məşğul idim…

ardı var