Gənc ilahiyyatçı səbəblərə aydınlıq gətirir
Azərbaycanda müsəlmanların yalnız 1 faizi ibadət üçün məscidə gedir. Bu, ABŞ-da yerləşən “Pew” araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticəsidir. Sorğu 39 müsəlman ölkəsində təxminən 40 min adam arasında keçirilib.
Azərbaycanlılardan sonra məscidə ən az gedənlərin albanlar, özbəklər və qazaxlar olduğu üzə çıxıb. Məsciddə ən çox ibadət edənlər isə Qanadan olan müsəlmanlardır – 100 faiz. Ümumiyyətlə, bu göstəricidə öndə olanlar Afrika ölkələridir: Liberiya (94), Uqanda (93), Efiopiya (93).
Türkiyədə isə müsəlmanların 44 faizi məscidə ibadətə gedir.
Azərbaycanda və Özbəkistanda heç vaxt məscidə getməyənlərin sayı da Orta Asiya, eləcə də şərqi və cənubi Avropa ölkələri arasında ən yüksəkdir. Azərbaycanda 64, Özbəkistanda 71 faiz. Azərbaycanda məscidə getməyən kişilərlə qadınlar arasında fərq cüzidir. Kişilərin 65, qadınlar isə 64 faizi ümumiyyətlə məscidə getmir. Dünya ölkələrinin heç birində Azərbaycandakı kimi kişilər arasında ümumiyyətlə məscidə getməyənlərin sayı bu qədər yüksək deyil. Malayziyada, Nigeriyada, Çadda və bir sıra başqa ölkələrdə “məscidə getmirəm” deyən kişi respondent olmayıb. Əfqanıstan və Pakistanda bu göstərici 1, Türkiyədə 8, Rusiyada 21 faizdir.
“Dinin həyatımda əhəmiyyəti çox böyükdür” deyənlərin sayı da müsəlman ölkələrinin çoxu ilə müqayisədə Azərbaycanda nisbətən azdır – 36 faiz. Bundan az faiz yalnız Qazaxıstan, Özbəkistan və Albaniyadadır.
Məscidə az getmələrinə baxmayaraq, sorğunun nəticələrinə görə, Azərbaycanda rəyi soruşulan müsəlmanların 70 faizi gündə 1 dəfədən çox ibadət etdiklərini deyiblər. O cümlədən 21 faiz respondent gündə 5 dəfə namaz qıldığını bildirib.
Gənc ilahiyyatçı Elşad Miriyə müraciət edib müsəlman ölkəsi olan Azərbaycanda məscidləə niyə bu qədər az insanın getdiyini öyrənməyə çalışdıq. E.Miri bildirdi ki, nəticənin belə olmasının bir neçə səbəbi var: “Azərbaycanda sovetlərdən qalma bir düşüncə var ki, məscidlər yaşlıların getdiyi yerdir. Ikincisi, fikiləşiblər ki, məscidlər ölü yuyulan yerlərdir. Üçüncüsü, məscid sədəqə vermək və ya Quran oxutmaq üçündür. Bu gün məscidlərə müxtəlif adlar qoymaqla – birini şiə, o birini vəhhabi məscidi adlandırmaqla insanları Allah evlərindən uzaq salıblar. Insanlarda xof yaratmaqla onların həmin məscidlərə getməsinin qarşısını alıblar. Insan da düşünür ki, hansı məscidə gedim ki, düz olsun. Azərbaycan əhalisinin əksəriyyəti özünü müsəlman adlandırır. Amma bunu ürəyinin ”təmizliyi” ilə izah edir”.
E.Mirinin fikrincə, bütün bu stereotipləri dağıtmaq üçün maarifləndirmə işi aparılmalıdır: “Insanlara izah edilməlidir ki, məscidlərə sırf Allah evləri olduğu üçün getmək və orada ibadət etmək lazımdır. Əsas problemlərdən biri də Azərbaycanda məscidlərin çox az olmasıdır”.
Gültəkin