Ölkə boyu əmək müqavilələrinin bağlanmasına göstəriş verilib
“Köhnə müqavilələrə xitam verib, yenisini bağlamaqla yeni iş yerləri açıldığı görüntüsü yaradılır”
Son vaxtlar idarə və müəssisələrdə kütləvi şəkildə əmək müqavilələrinin bağlanmasına start verilib. Iqtisadçı Qubad Ibadoğlunun sözlərinə görə, proses bütün ölkə boyu gedir və vergi orqanları hər bir obyektdə işçilərin əmək haqlarının qaldırılmasına səy göstərirlər:
“Rayonlar üçün minimum səviyyə 120 manatdır. Bakı üçün isə 160 manat təklif edilir. Əmək haqlarının qaldırılması tələbi ilə iş bitmir. Eyni zamanda sahibkarlardan tələb edirlər ki, köhnə əmək müqaviləsinə xitam verib, yenisini bağlasınlar. Yeni əmək müqaviləsinin bağlanması isə o deməkdir ki, yeni iş yeri açılıb. Bu, həm də süni yolla yeni iş yerlərinin açılmasına xidmət edir. Bu fəaliyyət qanuna uyğun deyil. Azərbaycanda minimum əmək haqqı 93 manat 50 qəpik kimi müəyyən edilib. Minimum əmək haqqının da əsas funksiyası odur ki, işçilər əsassız olaraq aşağı əmək haqqı almaqdan sığorta olunsunlar. Minimum əmək haqqı səviyyəsi həm dövlət, həm də özəl bölməyə şamil olunur. 93 manat 50 qəpikdən aşağı əmək haqqı verilməsi qadağandır”.
Q.Ibadoğlunun sözlərinə görə, işçilərə daha yuxarı əmək haqqı verməklə bağlı sahibkarlara təzyiqlər davam etsə, bu ölkədə qiymət artımına gətirib çıxaracaq: “Maya dəyərində əmək haqqının xüsusi çəkisinin artması istehsal edilmiş məhsulun və ya göstərilmiş xidmətin maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Onların bahalaşması qiymət artımı ilə nəticələnir. Qiymət artımı da istehlakçıların xərclərini artırır və ailə büdcəsinə əlavə çətinliklər yaradır. Mən bu addımın məntiqini başa düşə bilmirəm. Bu gün məsələn, səhiyyə və təhsil işçiləri 160 manatdan aşağı əmək haqqı alır. Bəzən bəzi vergi orqanlarında çalışanların əmək haqları da, elə o səviyyədə olur. Əgər dövlət həqiqətən də əmək haqlarının artırılmasında maraqlıdırsa, niyə bunu büdcə təşkilatlarında çalışanlara tətbiq etmir? Yaxud, dövlət bunu qanuni yolla etmək istəyirsə, buyursun, minimum əmək haqqını qaldırsın. Minimum əmək haqqını artırsa, bunun üçün hüquqi əsas yaratmış olar. Dövlət sahibkarın öz işçilərinə 160 manatdan aşağı maaş verməməsini həqiqətən istəyirsə, fərman verib minimum əmək haqqını 160 manat eləsin. Inanmıram ki, Azərbaycan hökuməti yaxın zamanlarda buna gedəcək. Çünki minimum əmək haqqının artması həm də sosial müavinətlərin, pensiyaların artmasına gətirib çıxara bilər. Pensiyanın baza hissəsi də minimum əmək haqqının səviyyəsi ilə müəyyənləşir. Bu fəaliyyət qeyri-qanunidir. Bu yolla sahibkarların sıxışdırılması prosesi gedir. Bu, dövlət büdcəsinə gəlir vergisindən daxilolmaların səviyyəsini artıracaq”.
Iqtisadçının dediyinə görə, bu prosesdə ən çox uduzan sahibkarlar və istehlakçılar olacaq: “Sahibkarların xərcləri artacaq, o da məcbur olub qiymətləri bahalaşdıracaq. Istehlakçı da əvvəl aldığı məhsullara görə daha çox pul ödəməli olacaq. Bu da ölkədə inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq və mənim də ən böyük narahatçılığım bununla bağlıdır”.
Q.Ibadoğlu deyir ki, hökumət yeni iş yerlərinin sayını süni şəkildə artırmaqla seçki öncəsi özünə xal qazanmağa çalışır. Amma nəzərə almır ki, bu prosesin nəticəsində yaranacaq inflyasiya və qiymət artımı ölkədə sosial narazılığı artıracaq: “Görünür, hökumət məsələnin bu biri tərəfini hesablamayıb”.
Gültəkin