Bu gün saat 11.00-da AXCP Sumqayıt şəhər təşkilatının fəalları Sumqayıtda piket keçirməyə cəhd edib. Aksiyanın baş tutmasına əvvəlcədən əraziyə cəlb olunan çoxsaylı polis qüvvələri imkan verməyib. Aksiyadan əməkdaşımızın verdiyi məlumata görə, hələ aksiya başlamamış Sumqayıtda sanki fövqəladə vəziyyət hökm sürürdü. Aksiyanın keçirilməli olduğu Nəriman Nərimmanov adına Mədəniyyət Kulubunun ətrafı isə polis qüvvələri tərəfindən tam dövriyyəyə alınmışdı.
Təşkilatın rəhbəri Kəmaləddin Vilayətoğlu piket keçiriləcək yerə yaxınlaşan kimi polis və mülki geyimli şəxslər onu saxlayıb. Aksiyanın bəyanatı əlindən alınıb. Özünü isə polis bölməsinə aparıblar. K.Vilayətoğlu ilə yanaşı polis bölməsinə eyni zamanda partiya fəalları İlyas Məhərrəmov, Zahid Məmmədov, Elşən Ağayev, Leysan Cəfərov da aparılıb. Hazırda onlar Sumqayıt şəhər 3 və 4-cü bölis bölmələrində saxlanılır. Aksiya zamanı eyni zamanda partiyanın 3 fəal qadını da həbs olunub. Onlar Kəmalə Bənanyarlı, Zərifə Məmmədova və Natavan Səlimzadə. Xanımlar aksiya keçirilən məkana yaxınlaşarkən «Bahar» restoranın qarşısında saxalanılıblar. Saxlanma zamanı K.Bənanyarlı adekvat olmayan polis zorakılığı ilə üzləşib və təhqir olunub. Cəbhəçi xanımlar isə hazırda Sumqayıt şəhər 2-ci polis bölməsində saxlanılırlar. Onu da qeyd edək ki, aksiya ilə bağlı saxlaniıanlar bu şəxslərlə məhdudlaşmır. Saxlanılanların tam siyahısı hazırda partiyanın müvafiq strukturları tərəfindən dəqiqləşdirilməkdədir.
Qeyd edək ki, aksiyanın tələbləri “siyasi fəaliyyətə azadlıq”, “siyasi təzyiqlərər son qoyulsun” idi.
İnformasiya şöbəsi
***
AXCP Sumqayıt şəhər təşkilatının rəhbəri Kamaləddin Vilayətoğlu Sumqayıt Şəhər Polis İdarəsinə çağrılıb və ona sabahkı aksiya ilə bağlı xəbərdarlıq olunub. İdarədə o, öncə ictimai təhlükəsizlik şöbəsinin rəisi, daha sonra idarə rəisinin müavini Azər Cahangirovun qəbulunda olub.
İdarədə ona şəhər administrasiyasının aksiyaya razılıq vermədiyi deyilərək, xəbərdarlıq olunub. Amma bütün maneələrə baxmayaraq partiya fəalları aksiyanın keçirilməsində israrlıdırlar.
Aksiyaya hazırlığın yüksək səviyyədə aparıldığını deyən K.Vilayətoğlu vurğuladı ki, onların etirazlarına bir sıra müxalifət qüvvələrinin qoşulması da planlaşdırılır: «Aksiyaya bir sıra başqa təşkilatların da fəallarının qoşulması gözlənilir. Ümid Partiyası artıq bu barədə qəti mövqeyini bildirib».
K.Vilayətoğlu bildirdi ki, hakimiyyət əgər onlara qarşı adekvat olmayan zor tətbiq edəcəksə, növbəti aksiyalarda daha böyük izdihamla üzləşmiş olacaq. «Biz hüquqlarımızı sona qədər müdafiə etməyə hazırıq və bu yoldan bizi heç kim çəkindirə bilməz», deyə AXCP yetkilisi vurğuladı.
***
AXCP Sumqayıt şəhər təşkilatının fəalları siyasi fəaliyyət üçün şəraitin olmaması ilə əlaqədar bazar günü etiraz aksiyası keçirəcəklər. Aksiya saat 11:00-da Nəriman Nərimanovun abidəsinin yanında planlaşdırılır.
Bu barədə AXCP Sumqayıt şəhər təşkilatının rəhbəri Kamaləddin Vilayətoğlu məlumat verib. Onun sözlərinə görə, şəhər administrasiyası müxalifətin əvvəlki etiraz aksiyaları kimi, bu piketə də icazə verməyib.
Aksiyanın yeri onunla əlaqədardır ki, qanuna görə, piketlər icra orqanları binalarının və strateji obyektlərin 300 metr yaxınlığında keçirilə bilməz. Aksiyada məqsəd diqqəti siyasi azadlıqların boğulmasına yönəltməkdir. K.Vilayətoğlu bildirib ki, müxalifətçilərin toplaşaraq öz tədbirlərini keçirmək üçün yerləri yoxdur. Beş il əvvəl hakimiyyət onların, sonra isə Müsavat Partiyasının ofisini alıb.
“Sonra biz Ümid Partiyasının ofisində toplaşmağa başladıq, ancaq bunu da əlimizdən aldılar. Bizə hətta çayxanada da toplaşmağa imkan vermirlər. Belə ki, hakimiyyət biz olduğumuz obyektlərin sahiblərinə təzyiq göstərir və növbəti dəfə onlar bizi buraxmırlar”, – K.Vilayətoğlu vurğulayıb. Aksiya “Siyasi təzyiqlərə son qoyulsun!”, “Siyasi fəaliyyətə azadlıq!” və digər tələblərlə keçiriləcək.