Xədicə İsmayıl «Yeni Azərbaycan»la axıra qədər çəkişəcək

“Azərbaycandakı hakimlər də həmin məqalə müəllifləri ilə eyni əxlaqi dəyərləri bölüşürlər”

Səbayel Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl ın “Yeni Azərbaycan” qəzeti və qəzetin baş redaktoru Hikmət Babaoğluna qarşı iddiasını təmin etməyib.
Qərar hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən iclasda qəbul edilib. X.İsmayıl  “Yeni Azərbaycan” qəzetində onun barəsində 13 mart və 20 mart tarixlərində dərc olunmuş yazıların yalan olduğunu və heç bir mənbəyə söykənmədiyini bildirib. O, həmin yazılarla bağlı təkzib verilməsi və 2000 manat təzminat ödənilməsi ilə bağlı çıxarılmasını istəyib.
“Yeni Azərbaycan” qəzeti baş redaktorunun müavini Aqşin Hümbətov isə həmin yazılardakı faktların vaxtilə digər KIV-lərdə dərc edildiyini və bunların təkzib edilməyini bildirib, məhkəmədən iddianın təmin edilməməsini xahiş edib.
Müşavirədən sonra hakim iddianın təmin edilməməsi ilə bağlı məhkəmə qərarını elan edib.
Qərarla razılaşmadığını deyən X.İsmayıl  yaxın vaxtlarda apellyasiya şikayəti verəcəyini deyir: “Qərarın ədalətli olacağına ümidim yox idi. Göründüyü kimi, Azərbaycandakı hakimlər də ”Yeni Azərbaycan” qəzetindəki həmin məqalə müəllifləri ilə eyni əxlaqi dəyərləri bölüşürlər. Ona görə də iddiamı haqsız hesab edərək təmin etməyiblər. Bütün hüquqi addımları atmaq fikrindəyəm. Son instansiya kimi də Avropa Məhkəməsinə müraciət edəcəm. Ədalətsiz mühakimədən tutmuş, şəxsi həyata müdaxiləyə qədər bütün hallar üzrə şikayətlər verəcəm”.
X.İsmayıl  təzminatın miqdarını aşağı qoymaqla məmurlara örnək olmağa çalışdığını deyir: “Qəzetlərə qarşı yüksək məbləğli cərimə iddialarının qaldırılmasının yanlış olduğunu göstərmək istədik. Amma əslində bu qəzetlərin davranışı göstərir ki, onlar insani münasibətə layiq deyillər.
Mən heç bir təzminat istəməsəydim də, iddiamı haqsız sayacaqdılar. Çünki bizim ölkədə məhkəmələr sifarişlə işləyir”.