YAP-dan Əsəd rejiminə dəstək

Hakim partiyanın Suriya məsələsində mövqeyi rəsmi Bakının mövqeyindən fərqlənir

Suriyada Bəşər Əsəd rejiminin xalqına qarşı həyata keçirdiyi qətliam demokratik dünyada pislənsə də, avtoritar rejimlər fərqli mövqe nümayiş etdirir. YAP icra katibinin müavini Mübariz Qurbanlının son açıqlaması da hakim partiyanın Əsəd rejiminə dəstəyi kimi anlaşıla bilər.
“Yeni Azərbaycan” qəzetinə açıqlamasında Suriyada baş verənlərin demokratiya uğrunda mübarizə olmadığını deyən YAP funksioneri müəyyən beynəlxalq güclərin Yaxın Şərqdə möhkəmlənmək, strateji dividentlər əldə etmək üçün güclü mübarizə apardıqlarını bildirib. M.Qurbanlının sözlərinə görə, Suriyada baş verənlər enerji yataqlarına nəzarət uğrunda mübarizədir. Bu mübarizədə isə qarşı qarşıya dayanan qüvvələr öz maraqları naminə xalqların adından istifadə edir.
YAP icra katibi müavinin bu açıqlaması hakimiyyətin rəsmi mövqeyi ilə üst-üstə düşmür. Çünki BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan Suriya məsələsində Qərbin mövqeyini dəstəkləyib. Lakin YAP rəhbərliyində təmsil olunan bir şəxsi bu tip açıqlaması hakim partiyanın mövqeyi kimi qəbul oluna bilər. Açıqlamanın məhz YAP-ın mətbu orqanında dərc olunması bu ehtimalı təsdiqləyir. M.Qurbanlının fikirləri iqtidarın Əsəd rejimini dəstəkləməsi anlamına gəlirmi?
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də Azərbaycanın Suriya ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını vurğuladı. Nazirlik sözçüsü rəsmi Bakının Suriyada yaranmış vəziyyətlə bağlı ciddi narahatçılıq keçirdiyini deyir. Çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu duruma biganə qala bilməz: “Suriyada tərəflər arasında qarşılıqlı anlaşmanın və dialoqun yaranması, qan tökülməsinə dərhal son qoyulmasının tərəfdarıyıq. Çünki Yaxın Şərqdə sabitliyin və sülhün əldə olunması olduqca vacibdir”.
E.Abdullayev Azərbaycanın Ərəb Dövlətləri Liqasının təşəbbüsünün tərəfdarı olduğunu, Annan planını dəstəklədiyini də xatırlatdı.
Bu halda M.Qurbanlının dediklərini necə qiymətləndirmək olar?

AXCP sədrinin müavini Nurəddin Məmmədli bütün diktatorlar və onların ətrafının avtoritar rejimlərə qarşı atılan addımları məhz bu cür dəyərləndirdiklərini deyir. Bu da əslində totalitar düşüncə tərzinin nəticəsidir. Mübariz Qurbanlı kimi adamlar elə hesab edirlər ki, xalq tayfanın quluna çevrilməlidir. Bu tayfanın ətrafındakı məddahlıq, yaltaqlıq da ölkəni talayıb çapmalıdı. Xalq öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparanda isə bunu dağıdıcı bir hərəkət kimi dəyərləndirilməlidir.
N.Məmmədlinin sözlərinə görə, Ərəb ölkələrində baş verən hadisələr dünyanın yeni düzənində çox möhtəşəm hadisədir. Dünyada diktaturalara yer olmadığını sübut edən əyani bir prosesdir və bu prosesi heç kim dayandıra bilməz. Dağıntılara gəldikdə isə, diktatorlar vaxtında başa düşməlidir ki, öz xalqına qarşı amansız davranış təkcə bu xalqın yox, həm də onların özü üçün çox təhlükəli olacaq. Ona görə bundan nəticə çıxarmaqla həm öz tayfalarını, həm də ki, xalqı daha böyük faciələrlə üz-üzə qoymadılar.
AXCP sədrinin müavini Mübariz Qurbanlı kimi adamların fikirlərini dünyada baş verən bu proseslərin fonunda acizlikdən irəli gələn çırpıntılara bənzətdi. Bu, real nəticəsi olmayan söhbətlərdir. Çünki dünya dəyişəcək və bu dəyişiklik prosesində ən düzgün yol islahatlara getmək, hadisələrin qanlı nəticələrini vaxtında görüb aradan qaldırmaqdır.
Politoloq Elxan Mehdiyev isə YAP təmsilçilərinin demokratiyadan qorxmasının hamıya məlum olduğunu deyir. Bu cür danışıq da məhz qorxudan irəli gəlir. Hakim partiyanın rəhbərliyində təmsil olunanların deməyə başqa sözü yoxdur.

Fizzə