Tanınmış meyxana ustası Bayram Kürdəxanlı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.
yenicag.az xəbər verir ki, mərhum saat 14.00-da Kürdəxanı qəbiristanlığında, atasının yanında dəfn olunacaq.
Qonşuların dediyinə görə, hadisə B. Kürdəxanlı qəsəbədəki toy mərasimindən evinə qayıdarkən baş verib. Meyxanaçını maşınla vuran sürücü Emin Fərhadov Maştağa kənd sakini imiş. Kənd camaatının sözlərinə görə, həmin şəxs Ağamirzənin qohumudur.
Ağamirzə özü xəbəri təsdiqləyib: “Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb”.
Ağamirzə gecə xəstəxanada Bayramın yanında qaldığını deyib: “Reanimasiyada idi, içəri girdim, qardaşı da mənimləydi. Nə qədər çağırdım ki, Bayram, gözünü aç, yanındayam, eşitmədi. Komadaydı. O boyda türmədə ölməyəsən, gəlib bir maşının altında qalasan. Qismətə bax. Hələ də şokdayam, özümə gələ bilmirəm”.
***
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.
Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.
Hadisəni törətmiş E.Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.