Qəzzafi rejiminə barışmaz müxalif olan Məhəmməd əl Muqreyf Milli Konqresin rəhbəri seçildi
Liviyada yeni formalaşmış və yaxın 2 il ərzində ölkənin idarəçiliyini həyata keçirəcək 200 üzvlük Milli Konqresin rəhbəri məlum olub.
Konqresdə keçirilən səsvermədə Qəzzafi rejiminə sərt müxalif mövqeyi ilə tanınan Məhəmməd əl Muqaryef 113 səslə Milli Konqresin sədri seçilib. Onun rəqibi hüquq müdafiəçisi Əli Zidan 85 səs toplayıb. Milli Konqresə seçkilərdə müstəqil namizdə kimi qatılan Hüseyn əl Ənsari səsvermədən sonra verdiyi açıqlamasında “Bu tarixi bir an idi və kimsə itirmədi. Hər iki siyasətçi Qəzzafi rejiminə qarşı mübarizə aparan millətçi döyüşçülərdir” deyib.
Əlavə edək ki, Məhəmməd Əl Muqaryef 1980-ci ildən Qəzzafi rejiminə müxalifətdə olub. Qəzzafinin tiranlığı haqqında bir sıra kitablar yazan Əl Muqaryef ölkənin ən köhnə silahlı müxalifət hərakatı – Liviya Milli Qurtuluş Cəbhəsinin lideri idi. O, uzun illər sürgündə yaşayıb. Liviya Milli Qurtuluş Cəbhəsi 42 illik Qəzzafi diktaturasını devirmək üçün partizan mübarizəsi aparırdı. Ölkəyə dönəndən sonra Milli Cəbhə Partiyasını quran Əl Muqaryef yeni konstitusiya hazırlanana qədər Milli Şuraya rəhbərlik edəcək.