Məhəmməd Talıblı: “Mərkəzi Bankın yürütdüyü siyasət o yöndə aparılır ki, ölkədə bankların sayı hər il azalmağa doğru gedir”
Azərbaycanın Mərkəzi Bankı 2012-ci ilə dair ölkə banklarının maliyyə durumunu özündə əks etdirən hesabatla çıxış edib. Bu barədə “vesti.az” saytı məlumat yayıb. Hesabatda ziyanla işləyən banklarla fəaliyyətini normal quran banklar arasında müqayisə aparılıb. Hesabata görə, 1 iyula ölkə ərazisindəki 35 bankın gəliri 109.05 milyon manat olub, 9 bankın itkisi isə 98.8 milyon manat olub. Bu isə ümumilikdə bank sektorunun 10.25 milyon manat təmiz gəlir əldə etməsi deməkdir.
Onu da qeyd edək ki, bank sektorunun maksimal gəliri 2009-cu ilə təsadüf edir. Bu zaman 39 bank 269.57 milyon manat gəlir əldə etmişdi. Həmin il isə yeddi bankın ziyanı 16.59 milyon manat etmişdi. Nəticədə 2009-cu il üçün bankların təmiz gəliri 252.98 milyon manat olmuşdu.
Ölkənin bank sektoru ən böyük itkini isə 2011-ci ildə alıb. O zaman 14 bankın itkisi 322.51 milyon təşkil edib. Bu mənfi göstəricini 30 bankın 163.52 milyon manat xeyir əldə etməsi də xilas etməyib. Nəticədə həmin il 158.99 milyon manat itki qeydə alınıb. Hazırda da 2011-ci ilin texniki iflasına yaxın durum müşahidə olunur. Belə ki, hesablamalara görə, banklar hər rübü 25.65 milyon manat ziyanla tamamlayırlar. Bu tendensiya davam edərsə, Azərbaycanın bank sektoru ili 51.28 milyon manat ziyanla tamamlayacaq. Araşdırma 44 bankın maliyyə durumuna əsasən aparılıb.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı bildirdi ki, əslində müşahidə olunan tendensiya ciddi nüanslardan xəbər verir. Və bankların texniki iflası, yəni ziyanla işləməsi real iflasa aparan yoldur: “Azərbaycanda bank sektorunda olan problemlər və müşahidə olunan itkilər ondan xəbər verir ki, əslində banklardakı mövcud vəziyyət idarəetmədən yaranan problemlərdir. Mərkəzi Bank ümumilikdə bank sektorunu monitar adətlər vasitəsilə idarəetməsində çətinlik çəkir. Mərkəzi Bankın yürütdüyü siyasət o yöndə aparılır ki, ölkədə bankların sayı hər il azalmağa doğru gedir. Faktiki olaraq yerində qalan banklar bu və başqa şəkildə mənfəətlə işləməyən banklara çevrilir. Əslində Azərbaycanda rəqabətə davamlı bank sektoru yaranmalı idi. Amma Azərbaycanda bankların adambaşına düşən səyləri başqa ölkələrdən geri qalır. Mərkəzi Bankın başlatdığı siyasət nəticəsində bankların sayı azalacaq. Çünki Mərkəzi Bankın yürütdüyü kurs bankların birələşərək vəziyyətdən çıxmalarına hesablanıb. Siyasi baxımdan yanaşdıqda bu, kapitalın təmərküzləşməsinə gətirib çıxaracaq”.
Hikmət