Aygün Kazımovaya dustaq qarğışı

Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Elvin adlı bir cavan uşaq vardı, elə Ziya ilə yaşıd olardı. Hündürboy, cantaraq oğlan idi. Iki nəfərlə “xlebnik” idi. Biri “Sovetski”dən Hüseynbala adlı yaşlı kişi idi, “zon”da 50, ya da 55 yaşı tamam oldu. Biri də Qurban. Qurban Azərbaycanda yaramaz və sifarişli hökmlərilə təqdim edilən hakim Mənsur Ibayevin qardaşı oğlu idi. Əmisi barədə heç yaxşı sözlər danışmazdı. Amma özünün də hansısa parlaq keyfiyyətlərinin olduğunu deyə bilmərəm.
Günlərin bir günü Elvin mənə yaxınlaşdı və sıxıla-sıxıla dərdini danışdı: “Xlebnik”lərim deyirlər ki, sənə görə “larok”a borcumuz yığılıb qalıb. Bilirəm ki, mənə görə oraya kiminsə borcu qala bilməz. Mənim onlardan əlavə heç bir xərcim olmayıb, axı…”
Tövsiyə etdim ki, borc məsələsini də tullasın, o cür “xlebnik”ləri də, gəlsin, bizimlə otursun. Elvin oldu bizim “xlebnik”lərimizdən biri. Zatən, Vasif komendaturaya çıxdığına görə iki nəfər qalmışdıq. Olduq üç nəfər. Elvin davamlı olaraq ət yeməkdən imtina edirdi, “dişlərimə ziyandır”, deyirdi. Mən də bunu təbii qəbul edirdim. Cavan uşaqdır, bunun da azarı budur və təki həbsxanada ət yeyənlərdən biri az olsun. Həbsxana ət tamarzısı olan canavarlarala doludur. Amma bizim ətimiz də həmişə olduğundan tez qurtarmağa başlamışdı. Mən, əlbəttə, heç nədən şübhələnmirdim. Ziya hərdən nəsə deyinirdi, mən də ona başa salmağa çalışırdım ki, ət belə bir şeydir ki, onu çiy yesən qurtarmaz, amma bişirib yeyəndə həm çəkisi yüngülləşir, həm də tez qurtarır: “Əgər, ətin gec qurtarmağını istəyirsənsə, onda gəl, çiy ət yeməyə başlayaq. Həm də türmədən çıxanda canavar kimi çıxarıq…”
Bu nəsihətlər Ziyanın ağlına batmasa da, çiy ət yeməyə də başlamadıq, ət üzərində xüsusi nəzarət tətbiq eləmək fikrimiz də olmadı.
Bir dəfə evdən görüşə gələndə uşaqlar mənə dedilər ki, naxçıvanlı qonşu “Naxçıvan qovurması” göndərib. Mən bu “Naxçıvan qovurması”nı çox bəyənirəm, ləzzətli şeydir. Əgər bu vaxta qədər yemək imkanınız olmayıbsa, hökmən bir naxçıvanlı ilə dostlaşın və xahiş edin, sizin üçün gətizdirsin. Həftənin axır günlərinin birində Ziyaya dedim ki, bu gün “Naxçıvan qovurması”nı hazırlayıb yeyək. Həm də bunu özümün hazırlayacağımı dedim. Ziya gedib soyuducunun altını üstünə çevirib qayıtdı ki, orada qovurma adında heç nə yoxdur. Gedib özüm baxdım. Yox idi. Olmayıb! Düşündüm ki, bəlkə uşaqlar evdə zənbili yığanda yadlarından çıxıb onu qoymayıblar və boş verdim. Iki gün sonra yenə görüşə çıxdım. “Naxçıvan qovurması” da yadımdan çıxıb getmişdi işinin dalınca. Amma uşaqlar dedilər ki, qonşu yenə də qovurma göndərib. Zənbilə baxdım, var idi. Hətta bir tikə götürüb ağzıma da tulladım. Bu dəfə görüşdən çıxanda Ziya özü gəldi dedi ki, orada qovurma var. Bir-iki gün keçəndən sonra Ziya hirsli-hirsli bizim “kupe”yə gəldi. (Kupe nə deməkdir?) Mən tək oturub kitab oxuyurdum:
– Hacı, sənin işin olmasın, mən o yaramazı rədd eləyim, getsin.
– Nə məsələdir, a bala? – soruşdum.
– Sən demə, bu axmaq bizim ərzaqdan çırpışdırıb Rəşidgilə verirmiş. Keçən dəfə də, indi də qovurma onun güdazına gedib.
– Yaxşı. Amma əvvəlcə get Rəşidgilə de ki, onu qovurmaya görə rədd eləmirsən. Sadəcə, “ailə”dən oğurluq elədiyinə görə qovursan. Elvindən də soruş, bəlkə onların qabağında nəsə qorxacaq bir əməli var?
Bu söhbətdən sonra Elvin bizimlə oturmadı. Rəşid isə (o da “Sovetski”dən idi) mənə yaxınlaşıb üzrxahlıq elədi: “Sən Allah, bizi bağışla. Biz bilmirdik ki, o, bunu sizdən xəbərsiz edir. Bilsəydik, elə Ziyadan istərdik, ya sənin özünə deyərdik. Bir az yaxşı alınmır…”
Mən Rəşidə, “A bala, hamam bütün günü işləyir, niyə gedib bu pal-paltarını yumursan, əynin-başın pis gündədir”, – dedim və üzümü çevirib getdim…
Ziya əlini-qolunu yazmağa başlamışdı. Ağlına gələn şəkillər, yazılar döydürürdü üst-başına. Hamıdan da xahiş edirdi ki, mənə deməsinlər. Amma yazılar barmaqlarının üstünə qədər gəlib çıxanda bunu gizlətmək mümkün olmadı. Günün birində ona dedim:
– Əl-ayağını elə qələmlə yazdır ki, sonradan yuya biləsən. Ya da elə qəşəng şəkillər çəkdir ki, başqaları da baxanda ləzzət eləsin. Əlin-qolun tarakan şəklidir, bizə niyə yazığın gəlmir?
– Baş üstə, daha yazdırmaram, – deyə utandığını göstərdi.
Amma onun əllərində yazılası bir yer qalmamışdı. “Daha yazdırmaram” deyəndə ağlından nəyi keçirdiyini də anlamadım…
Ziya “adam vurmazdı” dedim. Amma bu o demək deyildi ki, gəlib onun boynuna da minmək olardı. Adamı vurardı da, canını da alardı. Necə ki, Mirişi çarpayının altına soxdu. Bu, “Mirişin döyülməyi” bölməsində olacaq.
Onun adı Ziyad idi. Fərzəliyev Ziyad Bəşərəddin oğlu. Amma mən ona axıra qədər “Ziya” dedim. Elə hamı ona “Ziya” deyirdi…
Çalışırdım ki, günüm boş keçməsin. Əlbəttə, axşam saat 8-dən sonrakı vaxtımı yeməyə və laqqırtıya sərf edirdim, çünki bunsuz da olmazdı. Əməlli bir çevrə də vardı ki, hər gün onlara bir saat, saat yarım vaxt ayırmasam, dünyanı dağıdardılar. Taleh, Araz, Famil, Samir, Hüseyn, Leytenant Vaqif, Rəşad, Yevlaxlı Ruslan, Ilqar, Ramin, Intiqam, Sadıq… nə bilim, bir xeyli adam vardı.
Ilqar haqqında əlahiddə də danışmaq olar, elə burada, mötərizənin içində də. O, köhnə dustaqlardandı, I “zon”u fırlanıb çıxan “qoca qurd”lardandı. Onu başqalarından fərqləndirən mühüm bir parametr var ki, bu da onun bioqrafiyasında altından xətt çəkilmiş ifadələrlə yazıla biləcək detaldır: Ilqar indi xalq artisti olan Aygün Kazımovanın birinci əridir. “Birinci əridir” deyəndə, açığı, Aygün xanımın sonradan ərinin olduğu barədə mənim heç bir məlumatım yoxdur. Ilqar da təkidlə bildirir ki, çoxdan ayrılmalarına baxmayaraq, onlar hələ də rəsmən ər-arvaddırlar, kəbinləri də pozulmayıb: “Ola bilər, mənim ”zon”larda qapanan aylarımın-illərimin bir günündə Aygün nə təhərsə, birtərəfli qaydada məhkəmə təşkil eləyib, boşanıb, amma mənim bundan xəbərim yoxdur. Heç iddiam da yoxdur. Amma mənim bir mənəvi iddiam və qarğışım həmişə onun üstündə olacaq: o, məni yeganə övladımdan ayırıb, məni doğma balama yaramazın biri kimi təqdim eləyib. Amma Allah onun cəzasını verəcək əvvəl-axır. Allah şahiddir ki, mən onun təqdim etdiyi kimi ata, ər olmamışam. Mən öz övladımı görmək, heç olmasa, ildə bir dəfə də olsa, lap kənardan ona baxmaq istəyirəm. Amma Aygün məni bundan da məhrum eləyib və bunun hesabını Allah qarşısında verəcək. O uşağın ağlı kəsməyə başlayanda başa düşəcək ki, atası yaramaz adam olmayıb, sadəcə, onun anası mənim həyatımı cəhənnəmə çevirib…”
Ilqar göynəyə-göynəyə danışırdı bunları, ümid edirdi ki, nə vaxtsa Aygün Kazımova əzablı bir ölümlə öləndə, bu, Allahın cəzası olacaq və sonra da o, öz qızı ilə görüşüb həqiqətləri bitdə-bitdə anladacaq. Lap 70-80 yaşında da olsa, buna imkanı çatacağını düşünürdü və nəyə görəsə möhkəm inanırdı ki, Aygün bircə gün də olsa, ondan tez öləcək…

ardı var