Əsgər atası İlham Əliyevə müraciətində nələr yazdı?

“Əsgər ölümündə prokurorluq orqanları məsuliyyət daşıyır”

Naxçıvan sakini Abasət Əliyev Ilham Əliyev başda olmaqla, bütün yüksək vəzifəli məmurlara müraciət ünvanlayıb. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.
Abasət Əliyev müraciətində deyir: “Mən Milli Məclisin üzvü, millət vəkili Zahid Orucun Milli Məclisdən bir çıxışını sizlərə xatırlatmaq istəyirəm: ”Atəşkəs dövründən bu yana, qeyri-döyüş şəraitində üç mindən artıq əsgərimiz həyatını itirib”.  Qeyri-döyüş şəraitində əsgərlərin ölməsində birbaşa prokurorluq orqanları məsuliyyət daşıyır. Mənim oğlum Məhəmməd Əliyev də Naxçıvanda hərbi xidmətdə olarkən qeyri-döyüş şəraitində dünyasını dəyişib. Və mən bu işdə birbaşa Kəngərli Rayon Prokurorluğunu təqsirkar sayıram. Çünki prokurorluq qanunsuzluq edərək oğlumun qanını batırıb. Kəngərli rayon prokuroru Müşfiq Həsənov öz şəxsi maraqları naminə, daha doğrusu qarşılıqlı anlaşma ilə oğlumun ölümündə təqsirkar olanları məsuliyyətdən kənarda saxlayıb. Əgər prokurorluq orqanları əsgər ölümləri ilə bağlı cinayət işinin istintaqını doğru-dürüst aparsa, ölkədə bu qədər əsgər ölməz.
Prokurorluq orqanlarında çalışanların bəziləri qanuna hörmətlə yanaşmırlar. Naxçıvan Muxtar Respublikası prokurorluğunun istintaq idarəsinin rəisi Elşad Ağayev qanunlara hörmətlə yanaşsaydı, qanundan qorxsaydı, cürət edib mənə “bir əsgərdən ötrü adamları tutmayacağıq” deməzdi.
Mən 17 aydır ki, rayon prokuroru Müşfiq Həsənovun 26 aprel 2011-ci il tarixli qərarından şikayət edirəm. Deyirəm ki, istintaqı qeyri-obyektiv apararaq cinayətkarları məsuliyyətdən kənarda saxlayıb. Mənim qaldırdığım vəsatəti rədd edib. Amma Baş Prokurorluqdan mənə yazırlar ki, məhkəməyə müraciət elə. Mən baş prokurora onun işçisindən şikayət edirəm. Mənim məhkəmədə nə işim var?! Baş Prokurorluq tabeliyində olan adamın əməllərini ört-basdır edirsə, bəs bizi, əsgər atalarını kim müdafiə etməlidir?!
2010-cu il 26 noyabrda səhər saat 7-də oğlumda yüksək hərarət olması müşahidə edilib. Buna baxmayaraq karaul rəisi Bəxtiyar Bayramov oğlumu məcburi şəkildə karaul növbəsinə yollayıb. Bu cinayət deyil, bəs nədir?
Səhər saat 9-a qədər oğlumla heç kim maraqlanmayıb. 9-dan sonra taborun feldşeri oğluma ilk tibbi yardım göstərib. Oğlumun vəziyyəti ağır olmasına baxmayaraq tabor komandiri Rəşad Cəlilov və bölük komandiri Samir Babayev onun qospitala aparılmasına icazə verməyiblər. Əsgərin vəziyyətin kritik həddə olduğundan xəbərdar olan Rəşad Cəlilov və Samir Babayev onu yataqxanada 10 saat ölümlə baş-başa buraxıblar.
Nəticədə bir qədər sonra oğlum dünyasını dəyişib.
Bu cinayət deyil bəs nədir?”.
Əsgər atası sonda Ilham Əliyevdən oğlunun ölümündə təqsirkar olanların cəzalandırılmasını təmin etməsini xahiş edib.    

Hikmət