“Naxçıvana əlavə səlahiyyətlərin verilməsi bu gün baş verənlərin anonsu idi”
Onsuz da problemli bölgə olan Naxçıvanda son vaxtlar vəziyyət sözün əsl mənasında dözülməz həddə çatıb. Demək olar ki, hər gün sakinlərdən yerli rəhbərliyin özbaşınalıqları ilə bağlı şikayətlər daxil olur.
Naxçıvandakı bütün çayxanaların və yeməkxanaların əsassız yerə qapadılması, yerli qeydiyyat nişanına malik olmayan avtomobillərin muxtar respublikadan çıxarılması, müxalifət mətbuatına qadağa qoyulması, Dövlət Yol Polisi Idarəsinin avtomillərə alınan təkrar nömrələr üçün 18 manat əvəzinə 300 manat tələb etməsi, gömrükdə insanlardan əsassız yerə rüsum tələb edilməsi və s. Bütün bunlar son günlər Naxçıvanda baş verən qanunsuzluqların tam olmayan siyahısıdır.
Naxçıvandan olan siyasi şərhçi İbrahim İbrahimli hesab edir ki, mərkəzi hakimiyyətin muxtar respublikaya əlavə səlahiyyətlər verməsi bu gün baş verən olayların anonsu idi: “Təhsil, gömrük və başqa bir neçə sahə üzrə qərar vermək səlahiyyəti Naxçıvana həvalə olununda vəziyyətin bu həddə çatacağını gözləmək olardı. Naxçıvanda mütləq hakimiyyətin yaranması uzun müddətdən bəri ağır durumda olan yerli camaatın vəziyyətini bir qədər də çətinləşdirdi. Buna qədər yerli rəhbərlikdən mərkəzi hakimiyyətə şikayətlər olurdusa, artıq bunun da qarşısı alınmış oldu. Bütün səlahiyyətlər yerli icra hakimiyyətinin əlində cəmləşdirildi. Naxçıvan blokada şəraitində olduğuna görə orada monopoliya və korrupsiya tüğyan edir. Istər kənd təsərrüfatı məhsulları, istər tikinti materialları birbaşa rəhbərliyi inhisarında və nəzarətindədir. Bu da yerli əhalinin vəziyyətini ağırlaşdırır. Naxçıvanda 400 min əhalidən 200-250 mini qalıb. Əhalinin böyük əksəriyyəti Türkiyədə, bir qismi də Bakıda məskunlaşıb. Türkiyədə məskunlaşanların sayı təxminən 100 mindir. Elə kəndlər var ki, camaatı başdan-ayağa Türkiyəyə köçüb. Bunun bir səbəbi dolanışığın pis olmasıdırsa, digər vacib səbəb insanların daim təzyiq altında yaşamasıdır. Təhsildən yayınanların sayı kifayət qədər böyükdür. Türkiyədə məskunlaşan insanların əksəriyyəti öz uşağına təhsil verə bilmir. Çünki qaçaq həyatı yaşayır”.
İ.İbrahimlinin sözlərinə görə, İran və Türkiyədən ərzaq məhsullarının gətirilməsinə qoyulan qadağa Naxçıvan camaatının vəziyyətini bir az pisləşdirib: “Bu ölkələrdə ərzaq ucuz olduğuna görə, camaat gedib oradan bazarlıq edirdi. Indi buna da qadağa qoyulub. Bu bir tərəfdən rüşvət və korrupsiyanın artmasına səbəb olubsa, digər tərəfdən də yeni yaradılmış Naxçıvan Holdinqin istehsal etdiyi məhsulların satışı üçün şərait yaratmağa hesablanıb. Məsələn, Naxçıvanda unun qiyməti Azərbaycanın istənilən bölgəsində olduğundan daha bahadır. Əlavə səlahiyyətlərin verilməsi, mərkəzləşdirilmiş hakimiyyətin yaradılması vəziyyətin bir az da pisləşməsinə şərait yaratdı”.
İ.İbrahimli hazırda Naxçıvanın qaranlıq və qorxulu adaya çevrildiyini, elə bu səbəbdən də yerli əhalinin muxtar respublikanı kütləvi şəkildə tərk etdiyini bildirir: “Naxçıvan Azərbaycan hakimiyyəti üçün siyasi laborotoriyadır. Bütün avtoritar üsullar ilk olaraq orada sınaqdan keçirilir”.