Əsədin üzərinə hərbi donanma göndərilir

İngiltərə və Fransanın döyüş gəmilərinin komandanlığı NATO-ya veriləcək

Suriyada vətəndaş müharibəsi davam edir. Hələb uğrunda hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər getdikcə şiddətlənir. Şəhər üzərinə 20 minlik qoşunla hücuma keçən Əsəd rejimi müxalifətə qarşı əməliyyatlarda qırıcılar, hərbi vertolyotlar, top və tanklardan istifadə edir. Müxaliflərin verdiyi məlumata görə, hökumət qüvvələri dünya mədəni irisinə daxil edilən Hələb qalasını da bombalayıb. Qırıcılardan atılan bombalar qalaya ciddi ziyan vurub. Hələbin müxtəlif istiqamətlərinin bombalanması nəticəsində 50-dən çox insanın öldüyü deyilir.
Bu arada Aralıq dənizinin şərq hissəsinin Suriya sahilində iki aydan bəri döyüş gəmilərini saxlayaraq Bəşər Əsəd əleyhdarlarına əzələ nümayiş etdirən Rusiya gəmilərinin həftə sonu Qara dənizə doğru çəkiləcəyi bildirilib. Rus gəmilərinin yerini eyni bölgədə ingilis və fransız döyüş gəmilərindən ibarət NATO donanmasının tutacağı deyilir. Rus mənbələrinin bildirdiyinə görə, 6 döyüş gəmisi Istanbul və Çanaqqala boğazlarından keçərək Novorossiysk limanına doğru hərəkət edəcək. Fransa və Ingiltərəyə aid hərbi donanma da Suriya sahillərinə doğru yola çıxmağa hazırlaşır.
Ingiltərəyə aid “Illustrious” döyüş gəmisi, 400 dəniz piyadasını daşıyan “Bulwark” gəmisi və bir manevr gəmisi ilə yanaşı bir sualtı qayıq, Fransanın isə “Charles de Gaulle” və onu qoruyan bir neçə dəstəkçi döyüş gəmisi NATO-nun əmrində Şərq Aralıq dənizi sularına girəcək. Ingiltərə və Fransaya aid döyüş gəmilərindən ibarət donanmanın London olimpiadasının rəsmi bağlanışı günü Suriya sahillərinə doğru yola çıxacağı da vurğulanıb.
Bundan başqa, Böyük Britaniya Suriya üsyançılarına yardım etməyə hazırlaşdığını bəyan edib. Daxili Işlər Nazirliyinin məlumatına görə, “Azad Suriya Ordusu”na 5 milyon funt sterlinq, yəni 7,8 milyon dollar həcmində maliyyə yardımı ayrılmasına qərar verilib. Bu məbləğ üsyançılar üçün kommunikasiya vasitələri və tibbi preparatlar alınmasına sərf ediləcək. Böyük Britaniya Xarici Işlər Nazirliyi hesab edir ki, bu yardım suriyalı üsyançılara qarşı tərəfin yaratdığı rabitə vasitələri blokadası ilə mübarizə aparmağa kömək edəcək.
Bəşər Əsəd rejiminin sadiq dəstəkçisi Iranda 29 ölkənin iştirakı ilə Suriyadakı hadisələrlə bağlı toplantı keçirilib. Toplantının sonunda iştirakçı ölkələr qarşıdurmaların təcili olaraq dayandırılmasını və tərəflərin müzakirələrə başlamasını istəyən bəyanat yayıb. Kuba, Venesuela, Rusiya və Çinin iştirak etdiyi yığıncağa, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər dəvət olunmayıb. ABŞ Iranın çağırışı ilə keçirilən toplantıya münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Patrik Ventrell Iranın Suriyada dağıdıcı rol oynadığını söyləyib.