Avropa Məhkəməsinə AXCP sədrinin qayını üçün müraciət

Vətəndaş cəmiyyəti təmsilçiləri Elnur Seyidovun işinə təcili baxılmasını istəyir

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri hazırda həbsdə olan “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin qohumu Elnur Seyidovun şikayətinə Avropa İnsan Haqları Məhkəməsində (AİHM) tezliklə baxılması ilə bağlı bu qurumun prezidenti Nikolas Bratzaya müraciət ediblər. Müraciətdə Elnur Seydovun səhhətindəki problemlər qeyd olunaraq, onun işinə məhkəmənin daxili tədbirlər reqlamentinin 39-cu maddəsinə uyğun olaraq baxılması xahiş olunub.

Müraciət müəllifləri Seyidovun həyatının qorunması məqsədi ilə onun barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda çıxarılan qərarın dəyişdirilməsini və azad olunmasını, o cümlədən bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətə tez baxılmasını xahiş ediblər. Məktubda Elnur Seyidovun Azərbaycan hökumətinin müxalif düşüncəli insanlara qarşı yeni repressiya dalğasının növbəti qurbanı olduğu deyilir. Elnur Seyidovun qanunsuz həbsi AXCP sədri Əli Kərimli və onun ailəsinə qarşı repressive addım kimi başa düşülməlidir. Bu məktubu məqsədi Azərbaycanda mövcud vəziyyət və bu həbs arxasında motivləri barədə ətraflı məlumat verməkdir.

Vətəndaş cəmiyyətinin nümayəndələri əlavə edir ki, Elnur Seyidovun səhətində ciddi problemlərin olması Azərbaycan və Türkiyənin səhiyyə qurumları tərəfindən verilmiş tibbi arayışlarla təqsdiq olunub. Lakin Azərbaycan məhkəmələri bu sənədlərə məhəl qoymayaraq Elnur Seyidovun həbsdə saxlanması barədə qanunsuz qərar çıxarıblar. AİHM-nin prezidentinə ünvanlanan müraciətdə Elnur Seyidovun qeyri-insani münasibətlə üzləşdiyi, onun barəsində yalnış tibbi arayış hazırlandığını bildiriblər və əlavə edib lər ki, zərərçəkmişin özü də həbsinin siyasi sifariş olduğunu düşünür. Məktub müəllifləri siyasətlə məşğul olmamasına baxmayaraq Elnur Seyidovun müxalifət lideriylə qohumluq əlaqəsinə görə cəzalandırıldığını yazıblar.

“Avtoritar ölkədə bir müxalifət partiyasının lideri olmağın nə qədər çətin olduğunu təsəvvür etməyə çalışırıq. Müxalifət lideri seçkilərin saxtalaşdırılmasına, korrupsiyanın milli siyasət halına gətirilməsinə, insan hüquq və azadlıqlarını pozduğuna görə hakimiyyətə ünvanladığı sərt tənqidlərini davam etdirir. Kərimli 2005-ci ildə Avropa Parlamentində, 2006-cı ildə Avropa Şurası Parlament Assambleyasında və bütün xarici səfərlərində Azərbaycan hakimiyyətini tənqit etmişdir. 2006-cı ildən sonra Azərbaycan hökuməti heç bir hüquqi əsas olmadan ona ümumvətəndaş pasportu verməkdən imtina edib”, – deyə AİHM-nin prezidenti Nikolas Bratzaya ünvanlanan məktubda bildirilir.

Müraciət müəllifləri adından Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı bildirib ki, bu yaxınlarda Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev həbsxanada uzun sürən ağır xəstəlikdən vəfat etdi və bu hadisə göstərdi ki, hökumət ağır xəstəliklərdən əziyyət çəkən dustaqlara, o cümlədən siyasi motivlərlə həbs edilmiş şəxslərə qarşı humanist davranmır. Samir Kazımlı yaxın günlərdə bu şəxslərlə bağlı Qırmız Xaç Cəmiyyətinə və Azərbaycan Respublikasının Prezidentinə də müraciət olunacağını söyləyib.

Müraciəti Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev,  Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Sülh və Demokratiya İnsitutunun direktoru Leyla Yunus, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli,  İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynli, “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli,  “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı və  “İnsan Hüquqları” Klubunun rəhbəri Rəsul Cəfərov imzalayıblar.