Daha bir rumıniyalı “Xəzər Lənkəran”da

 

“Xəzər Lənkəran” çempion olmasa, komandanın baş məşqçisi vətəninə qayıdacaq

Hazırda Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” daha bir rumıniyalı futbolçunu heyətinə qatmağa hazırlaşır. Rumıniyanın “Universitatea” klubunun hücumçusu Aleksandr Piçurka karyerasını “Xəzər Lənkəran”da davam etdirə bilər. Adıçəkilən futbolçunun artıq “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulmaq üçün Türkiyəyə getdiyi bildirilir.

Qeyd edək ki, Lənkəran təmsilçisinin baş məşqçisi Mirça Rednik “Universitatea” klubunun daha bir futbolçusu Julius Vobayla da maraqlanır. Hər iki futbolçunun taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Bu arada Mirça Rednik Rumıniya mətbuatına müsahibəsində yenidən keçmiş komandası olan “Dinamo” (Buxarest) klubuna qayıdışının mümkünlüyündən danışıb: “Ola bilsin ki, bu mövsümün sonunda yenidən ”Dinamo” klubuna qayıtdım. Lakin hələlik, mənim mövsümün sonuna qədər “Xəzər Lənkəran”la müqaviləm var. Bu mövsüm başa çatsın, sonrasına isə baxarıq. Bununla belə, həmişə demişəm ki, mən Azərbaycana yalnız çempion olmaq üçün getmişəm. Lənkəran komandası ilə çempion olmağı çox arzulayıram. Lakin bunu bacarmasam, çox güman ki, yenidən ölkəmə qayıtmalı olacam”.