YAP hakimiyyəti daha bir ev yıxdı. AXCP üzvü İlham Kazımovun Suraxanı rayonu, Birinci mədən, Samir Əliyev küçəsindəki evini dağıdıb yerlə bir etdilər.
Məsələ onda deyil ki, yıxılan ev AXCP üzvünündü və ya sadəcə, daha bir ev dağıdılıb, daha bir vətəndaşın mülkiyyət hüququ, ümumiyyətlə, yaşamaq hüququ əlindən alınıb, evsiz-eşiksiz qoyulub, yan-yörəsindəki evlərin heç birinə dəyməzkən, məhz, cəbhəçinin evi sökülüb. Çünki onlar cəbhəçidi və s. Yox, məsələ bunların heç birində deyil. Müxalifətçilərə qarşı düşmən münasibət təzə söhbət deyil, hamı bilir ki, Əliyev iqtidarının imkanı çatsa, ölkədə bir müxalifətçi qoymaz, eynən Teymurləng kimi əmr verər ki, bir başıpapaqlı qalmasın. Heç başı ləçəkli də qalmasın. Lap qocası da, cavanı, qızı da, oğlanı da, körpəsi də, böyüyü də qılıncdan keçirilsin. Lakin ev uçurmaqla, yuva yıxmaqla, ocaq söndürməklə yetinirlərsə, deməli, hələ durum tam da ümidsiz deyil. Kəsəsi, cəbhəçi də bu ölkənin vətəndaşıdı, iqtidar isə sıravi vətəndaşların hamısına bir gözlə baxır – hamının evi uçurulur, hamının mülkiyyət hüququ tapdalanır, hamının kompensasiyası kəsilir, hətta dövlət başçısının dediyi məzəli məbləği belə mülk sahiblərinə ödəmirlər və s.
Mənim diqqətimi çəkən cəbhəçi İlham bəyin bir fikri oldu. Yeri gəlmişkən, İlham adının qarşısında bəy kəlməsi işlətmək adama birtəhər gəlir. Sanki mütləq, heç olmasa “cənab” yazmalısan, ya möhtərəm-filan. Hə, İlham bəy deyib ki: “Məndən 10-15 min manat pul istədilər. Imkanım olmadığı üçün vermədim. Ailəli adamam, 3 uşağım var”…
Bax, mənə maraqlı gələn, elə oxucunun da ilgisini çəkəcək məqam bu fikirdədi: Imkanım olmadı…
Bu fikirlə qarşılaşdığım ilk kərə deyil. Dünənki yazımda da adını çəkdiyim Biləsuvar rayon Təzəkənd sakini – Qarabağ qazisi (…rəsmən “əlil”lik almadığına görə əlil yazmıram, məsələ də elə bu “rəsmən”dədi) Murtuz Qəhrəmanov qardaşımız Respublika Tibbi Sosial Ekspertiza Mərkəzində həkim-ekspert rəyi alıb, təsdiq olunub ki, bədənində üç qəlpə gəzdirir, başında ciddi zədələr qalıb, böyrəkləri yaxşı vəziyyətdə deyil və s. Yaralanması haqda da bütün sənədləri qaydasındadı, məhkəmə hökmünəcən belə var. Rəydən sonra ona əlillik vermək üçün üç min manat istəyiblər. Murtuz deyir ki, cibimdə cəmi min manatım vardı, yəni imkanım min manata çatırdı, ancaq həkim M. dedi ki, bir qəpik aşağı olmaz! Olmaz ki, olmaz. Və bundan sonra ona sosial əlillik veriblər, o isə bunu öz əsgər qüruruna sığışdırmayıb və imtina eləyib. Hələ də çalışır ki, Qarabağ əlili adı alsın.
Baxın, məsələ heç Murtuzun başına gələnlərdə də deyil. On minlərlə insan saxta əlillik alır, on minlərlə həqiqi əlilsə Murtuz kimi üç min rüşvətin umuduna qalır. Məsələnin yenə də maraqlı tərəfi “imkanım olsaydı” kəlməsindədi.
Mən elə dərhal Murtuza dedim: “Demək, sən həqiqətən əlil ola-ola əlillik dərəcəsi almaq üçün, imkanın olsaydı, rüşvət verəcəkdin? Qarabağ qazisi də bu hakimiyyətin iyrəncliyinə boyun əyəndən sonra daha başqalarından nə gözləyəsən?”. Murtuzun cavabı daha gerçəkçi idi: “Verməyəndə də belə olur da…”.
Indisə dövlətimizin mədəni bir dövlət olması üçün şüurlu mübarizə aparan bir cəbhəçi. Rüşvət verməyə hazırdı. Sadəcə, imkanı olmayıb…
Bu söz birləşməsində nə boyda həqiqət və ümidsizlik gizlənir. Yəni artıq bütün ideallar boş şeydi. Imkanı olarsa, hər kəs verməyə hazırdı. Çünki bu hakimiyyətdə vətəndaş heç bir halal haqqını rüşvətsiz əldə eləyə bilməz. Halbuki hər kəs bilir ki, rüşvət almaq kimi rüşvət vermək də cinayət məsuliyyəti doğurur. Bu, qanun kitablarında belə yazılıb. Ancaq heydərizmin kitabında yazılan ayrı şeydi. Imkanım olsaydı… yazardım…

İmkanım olsaydı…
•
•